AZ

Türkiyəyə gələn liderdən Ərdoğana mesaj: "Sərhəd problemi həll edilməsə..."

Yunanıstanla Türkiyə arasında dəniz sərhədləri ilə bağlı mübahisələr hətta konkret irəliləyiş olmasa belə, sivil formatda həll edilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib.

"Biz bunu indiki, xüsusən də qlobal qeyri-müəyyənlik, çoxşaxəli böhran və təlatüm dövründə gərginlik olmadan həll etməyi xalqlarımıza borcluyuq. Egey və Şərqi Aralıqda dəniz sərhədlərinin müəyyən edilməsi məsələsində irəliləyiş əldə edə bilməsək belə, mübahisəmiz sivil qaydada olmalıdır. Ümid edirəm ki, xalqlarımız arasında əlaqələr daha da möhkəmlənəcək və bu, Egey dənizinin hər iki sahilindəki hökumətlərdən asılı olmayacaq. Ümid edirəm ki, dəniz sərhədləri ilə bağlı fikir ayrılıqlarımızı həll edə bilərik", - Mitsotakis vurğulayıb.

Həmçinin o, iki ölkənin yaxın 10 ildə bu problemi həll edib-edə biləyəcəyi ilə bağlı suala dəqiq cavab verməyib.

Baş nazir ümid edir ki, sərhəd problemi həll olunmasa belə, 10 ildən sonra iki ölkə gərginliksiz və böhransız, dürüstlük, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan münasibətlərdə yeni səhifə açacaq. O, həmçinin Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşmasının Kipr məsələsi üzrə danışıqların bərpasına gətirib çıxaracağına ümid etdiyini də söyləyib.

Mitsotakis əlavə edib ki, ölkələr əməkdaşlıq üçün böyük potensiala malikdir, eyni zamanda həm ikitərəfli, həm də beynəlxalq səviyyədə razılaşdırılmayan məsələlər var. Onun sözlərinə görə, hətta dostlar da həmişə ortaq mövqelərə malik deyillər, ancaq bu, əməkdaşlıq variantlarının tapılmasına mane olmamalıdır.

Mitsotakis xatırladıb ki, onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk görüşü 2023-cü ilin iyulunda Vilnüsdə baş tutub, burada tərəflər ikitərəfli münasibətlərin çərçivəsini nəzərdən keçirmək və çoxşaxəli kommunikasiya kanalları yaratmaq barədə razılığa gəliblər.

"Artıq dialoq mexanizmləri mövcuddur. Bu kommunikasiya kanalları sayəsində gərginliyin artmasına imkan vermirik. Bütün kanallar açıq qalmalıdır. Yol xəritəmiz aydındır və biz ona əməl edirik. Ötən ilin dekabrında Prezident Ərdoğanla "Dostluq münasibətləri və mehriban qonşuluq haqqında" Afina Bəyannaməsinin imzalanması mühüm addım idi", - Yunanıstanın baş naziri qeyd edib.

Mitsotakis bildirib ki, ikitərəfli ticarət 2022-ci ildə daha da böyük artım gözləntiləri ilə 5.4 milyard avro ilə rekord həddə çatıb. Yunan lider onu da vurğulayıb ki, Afinanın prioriteti tikinti və infrastruktura, rəqəmsallaşma və kənd təsərrüfatı məhsullarına birbaşa investisiyaların artırılmasıdır. Bu baxımdan, Mitsotakis ümid edir ki, iki ölkənin işgüzar dairələrini birləşdirən platforma kimi Yunanıstan-Türkiyə Biznes Şurasının yaradılması ikitərəfli ticarət-iqtisadi əlaqələrin bütün potensialının önünü aça bilər.

Yunanıstan lideri sabah Türkiyəyə səfər edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42

1Mənbələr

Şərh ()
Bağla