AZ

Yeddinci qəbir - Tərlanə Yaqubqızından HEKAYƏ

  Məişət zorakılığı qurbanlarının xatirəsinə

   Rəbiyyə xanım bütün günü deyinə- deyinə qalmışdı:
   - Bu nə bəla idi başımıza gəldi? Sənə deyirdim  qohum- əqrəbanı başına az yığ. Vallah, gözə gəldik. Allah heç kəsi naümid eləməsin.
   Mirzağa kişi bu dəfə də ona ürək- dirək verdi:
   - Yenə dediyini deyirsən. Olacağa çarə yoxdu. Çıxmayan cana da ümid çoxdu. Fikir eləmə.
    Rəbiyyə xanım ah çəkib etiraz etdi:
   - Hanı, can qalıb ki uşaqda? Əl boyda körpədi. Dilsiz- ağızsız heyvan uşaq. 
    Yusif də qaynatasına tərəf çıxdı:
     - Əşşi,  dünyanın sonu deyil ki. Lazım gəlsə, qızı dünyanın o başına aparıb həkimlərə göstərərəm. Bir az səbr edək.
    Rəbiyyə xanım Yusifin sözündən lap qeyzləndi:
   - Əl boyda uşağı beş dəqiqənin içində güdaza verib yandırdın, indi də dünyanın o başına aparırsan? Hansı pulla?
   Yusif qaynanasına cavab verməyib başını aşagı saldı.
   Hadisə iki həftə əvvəl, bazar günü baş vermişdi.
   Mirzaga kişi qohum- əqrəbanı başına yığıb qonaqlıq verirdi. Deyib- gülməyi, əylənməyi sevən Mirzağa kişi həm də çox qohumcanlı idi. Qazancı pis deyildi. Əlinə pul düşən kimi Yasamalda həyət evində yaşayan əmisi oğlu Müseyibə qoyun aldırıb kəsdirir, sonra qohumlarını başına yığıb onlarla yeyib- içirdi. Kişinin bacı- qardaşı olmadığından uşaqlıqdan meylini qohumlara salmışdı. Onun bu xasiyyəti Rəbiyyə xanımın heç xoşuna gəlmirdi. Ancaq deyinmək özünə qalırdı. Çünki  kişinin sözü evdə qanun idi.
     Mirzağa kişi bu dəfə də  öz adəti üzrə qonaqlıq tədarükündə idi. Böyük qız körpəsini götürüb o başdan ata evinə anasına kömək etməyə gəldi. Yaş yarımlıq qızı İlahəni əri Yusifə tapşırıb mətbəxə keçdi.Qonaqlar iki- bir, üç- bir gəlməkdə idilər. Nahar süfrəsi  hazır olana  qədər qonaqlara çay gətirildi. Beş dəqiqə keçmədi ki, qonaq otağından körpə İlahənin  çığırtısı eşidildi. Ana da, nənə də özlərini qaranəfəs ora yetirdikdə balaca qızın üstünə qaynar çayın töküldüyünü gördülər. Uşağın rəngi ağlamaqdan gömgöy olmuşdu. Əynindəki donu çıxarmaq istəyəndə İlahə fəryad qopardı. Baba maşını işə salıb uşağı təcili yardım xəstəxanasına apardı. Qonaqlar kor- peşman məclisi tərk etdilər. Qazanlarda xörəklər  yeyilməmiş qaldı. İlahənin anası Zeynəb az qala özünü öldürürdü. Yusifə demədiyi söz qalmadı:
    - Sən necə atasan? Beş dəqiqə uşağa baxa bilmədin? Görürsən, ilanboğan vaxtıdır, hər şeyə əl atır, gözün üstündə olardı da.
    Yusif  müqəssir olsa da, özünümüdafiəyə keçdi:
    - Dağ boyda atanın, üstəgəl də ağsaqqal- ağbirçəyin yanında uşağı qucağıma götürəydim?
    Zeynəbi od götürdü:
    - Bu adətlər bizim axırımıza çıxdı. Görək nə xəbərlə gəlirlər.
   Bir neçə saatdan sonra  baba qanıqara halda gəlib çıxdı. İlahəni uşaq xəstəxanasına  yerləşdirmişdilər. Rəbiyyə xanım nəvəsinin yanında qalmışdı.
  Bir həftədən sonra uşağı evə yazdılar. Müalicə bitsə də vəziyyət ürəkaçan deyildi. Körpə İlahə hər xırda şeydən qorxur, bir səs olan kimi diksinirdi.  Uşağı nevropatoloqa apardılar. Məlum oldu ki, yanan zaman qızcığaz kəskin travma alıb. Rəbiyyə xanım özü tibb universitetini bitirsə də, heç vaxt işləməmişdi. Amma evdə öz ailə üzvlərinə tibbi yardım göstərə bilirdi. Xəstəxanadan evə buraxılan nəvəsinə baxmaq da elə  nənənin üzərinə düşdü. Yazıq arvad gecə- gündüz İlahənin qayğısına qalırdı.
 Amma o, gün- gündən zəifləyib geri gedirdi. Sol qolu tamamilə yandığından uşağı incitməmək üçün nənə onu mələfəyə bükmüşdü. Çünki hər dəfə əynini geyindirib- soyunduranda uşaq olmazın əziyyət çəkirdi. İlahənin xəstəliyindən həkimlər özləri də baş açmırdılar. Deyilənlərə görə, tibb elmi bu sahədə aciz idi. Baba da, nənə də ali təhsilli olduqlarından mövhumatçı deyildilər. Amma yetimçiliklə böyüyən, orta təhsilli Yusif qonum- qonşu vasitəsilə öyrənmişdi ki, qoca bir baxıcı qızın dərdinə əlac edə bilər. Yusif vaxt itirmədən evdəkilərə bu barədə danışanda onu az qala top atəşinə tutdular:
     - Sən nə danışırsan? Nə baxıcı, nə falçı?  İndi hansl  zəmanədir?Aləmi üstümüzə güldürmə.
     Yusif söz güləşdirməyin mənasız olduğunu anladı. Amma fikrində qəti idi. Uşağı havaya çıxarmaq bəhanəsi ilə evdən  birbaşa qoca falçının evinə gətirdi. Falçı qızı başdan- ayağa nəzərdən keçirib qırıq- qırıq danışmağa başladı:
    - Oğlum, sənin üçün bu sözləri eşitmək nə qədər ağır olsa da, deməliyəm. Bu qız talesiz doğulub. Ömür boyu başına olmazın müsibətlər gələcək. Yandığı zaman ona həmzad toxunub. Bir də mənə elə gəlir ki, ona ölən qohumlarınızdan birinin 

 adı verilib və ad yiyəsi bunu  qəbul etmir. Bir çarə var, bilmirəm razılaşarsan, yoxsa yox.
    Yusif gözləri dolmuş halda qarını dinləyirdi. Evləndikdən yeddi il sonra nəzir- niyazla tapdığı övladının talesizliyi haqqında verilən xəbər  qədd- qamətli adamı sanki yumağa döndərmişdi.
Qarının deyəcəyi hər çarəni sınaqdan keçirməliydi, başqa əlacı yox idi. Amma qarının göstərdiyi yol çox dəhşətli idi.
    Evə gələndə hamının məzəmmət dolu baxışlarını üzərində hiss etdi. Hirsindən beyninə az qala qan sıçrayacaqdı. Hər şeyi açıb danışmağa məcbur oldu. 
      - Sabah uşağı da götürüb qəbirstanlığa getməliyik.
     Rəbiyyə xanımı od götürdü:
     -Nə qəbiristanlıq? Başına at təpib? Körpə uşağın qəbiristanda nə işi var? Bəlkə  cahil ərəblər kimi gedib diri- diri basdırasan?
     Yusif təkid etdi:
    - Rəbiyyə xala, başqa çıxış yolumuz yoxdu. Siz deyin, mən edim. 
      Xoşbəxtlikdən  bu dəfə Zeynəb ərinin tərəfini saxladı:
      - Ana, xahiş edirəm, qoy Yusif deyən olsun. Mən razıyam, əlimizdən nə gəlir?
     Ertəsi gün sübh tezdən uşağı mələfəyə büküb Yasamal qəbiristanlığına apardılar.  Rəbiyyə xanım və Zeynəb qoca falçının dediyi kimi uşağı yeddinci köhnə məzarın üzərinə qoyub oradan uzaqlaşdılar. Məzarın sinə daşı  sanki Nuh əyyamından qalmışdı.  Ətrafını kol- kos bürümüşdü. Yəqin ki, bu məzarı ziyarət edənlərin özləri də çoxdan ölüb getmişdilər. Baxımsız qalmağından da,  baş daşındakı yazılardan da məzarın  ötən əsrin əvvəllərində öımüş adama məxsus olması açıq- aşkar görünürdü.
     Elə qəbirlərin arası ilə kiçik cığırdan keçib uzaqlaşmışdılar ki, qəbiristanlıq sükutunu körpə qızın naləsi pozdu. Uşaq gücü çatdığı qədər çığırıb ağlayır, sanki onu burada qoyub gedən doğmalardan yox, ətrafındakı yad  ölülərdən yardım istəyirdi. Ana da, nənə də onun səsini eşidirdilər. Zeynəb geri dönüb körpəsinin yanına qayıtmaq istəsə də Rəbiyyə xanım ona mane oldu.
     - Axı  falçı dönə- dönə tapşırıb arxaya baxmasınlar. Uşaq ağlamalıdır. Əgər ağlasa həyatındır, sussa torpağın. Bir az döz.
   Zeynəb balasının səsinə səs verib  fəryad qopardı:
    - Mən bu uşağı neçə ildən sonra zülümlə tapmışam, ana, eşitmirsən necə ağlayır, bu saat ürəyi partlayacaq.
     - Sən elə bilirsən mənim ürəyim daşdandı? Mən də anayam, nəvəmi də səndən çox istəyirəm.  Amma dözməliyik. Qoy bir az da ağlasın.
   Zavallı qızcığaz yarım saatdan çox ağladı. Var- gücü ilə bağlrmaqdan onun boğazı qurumuşdu.  Qadınlar ona yaxınlaşanda körpə artıq xırıldayırdı.    Heydən düşmüş zəif bədəni qan-tər içində idi. 
 Körpə  ağlaya-ağlaya ölümə qalib gəlmişdi, o, torpağın yox, həyatın idi. 
    Amma ağlayaraq seçdiyi həyat heç vaxt onun üzünə gülmədi. Ağlı kəsəndən ətrafında ancaq dava- dalaş, münaqişə gördü.
Evdə  hökmranlıq Zeynəbin əlində idi. O, anası kimi deyildi.  Ərinə tabe olmaq istəmirdi. Hər xırda şeydən ötrü  Yusifin gününü göy əskiyə bükmüşdü. Dava- dalaş olan kimi İlahəni  ortaya atır, uşağın yanmasını atanın başına qaxınc edirdi. İlahə artıq böyük qız idi, onun sol qolunun yuxarı hissəsində yanıq ləkələri hələ də qalmaqda idi.
    Atasını çox sevən İlahə həmişə onun tərəfini saxlayanda anası yanıb tökülürdü:
    - Kəs səsini, həyasızın biri həyasız.  Həmişə atanın tərəfini tutursan. Uşaq vaxtı səni o yandırıb. Kaş heç səni o qəbrin üstündən götürməyəydim, öləydin öldüyün yerdə.
  Nənə də onu acılayırdı:
   - Nə olacaq, atasısifət. Bilsəydim, böyüyüb üzümüzə ağ olacaqsan, bir gecə də yuxuma haram qatıb sənə baxmazdım.
    İlahə doğma adamlarının əlində əsir idi. Onu başa düşən, qayğısına qalan, hamıdan çox sevən babası Mirzağa kişi qızın yeddi yaşı olanda dünyasını dəyişmişdi. Qız o vaxt ölümün nə olduğunu bilmirdi. Körpəlikdə qəbir üstünə qoyulduğunu ona danışdıqları üçün  elə zənn edirdi ki, babası da onun kimi qayıdıb evə dönəcək. Amma gözlədiyi kimi olmadı. Babasının  dəfninin ertəsi günü elə güclü yağış yağdı ki, qız bütün günü ağlaya- ağlaya qaldı:
    - Ay Allah, bu yağış da yağmağa vaxt tapdı.Babam yağışın altında qalıb islanacaq.
   Zeynəb qızına acıqlandı:
   - Axmaq- axmaq danışma. Yekə qızsan, məktəbə gedirsən . Özünü yığışdır, sonra adına dəli deyərlər.
     Yusif qızını müdafiə etdi:
      - Uşaqdı da, ağlı kəsmir. Bir az mülayim ol. İllər öncə o qoca falçı da demişdi ki, qızla xoş rəftar etmək lazımdı.
     Əri öləndən sonra qızıgildə yaşayan Rəbiyyə xanım kürəkənini sancdı:
      - Sən hələ o qoca falçını unutmamısan?
  Sağ olsaydı, gedərdin yanına ata- bala ikinizin də ağlına dua yazardı.
     Yusif qaynanasının təhqirlərinə dözə bilməyib yan otağa keçdi. 
     Artıq illər keçmiş, İlahə  böyük qız olmuşdu. Universitetin birinci kursunda oxuyan qız evdəki söz - söhbətdən bezib gününü  dərsdən sonra kitabxanada keçirirdi. Axşam saat 8- ə qədər kitabxanada seminar və imtahanlara hazırlaşırdı.
 Ata ağıllı qızı ilə fəxr edirdi. Amma anası onun kitabxanaya tez- tez getməsinə qarşı idi.
   - Oxuyub alim olacaqsan? Axırı bozbaş qazanıdı da. Nənən o boyda tibb universitetini bitirdi, nə olsun? Bir köpəkoğlu alacaq səni, işləməyə də qoymayacaq. Ara yerdə oxumaqdan başın xarab olacaq. Alan da səni uzağı  iki aydan sonra gətirib tullayacaq üstümə ki, dəlinizə yiyə durun.
   Yusif arvadının üstünə necə qışqırdısa,  İlahə mat- məətəl qaldı. O, ilk dəfə idi ki, atasını qışqıran görürdü. Kişinin əsəbləri daha davam gətirmirdi.
     - Ömür boyu məni yetim görüb alçaltdınız. Amma qızımı alçaldıb təhqir etməyinizə icazə verməyəcəyəm.
   Zeynəb təəccübdən donub qaldı. Ərindən bu sözləri gözləmirdi. 
    Birdən Yusif qoca çinar kimi yerə yıxıldı. Onun ölümü ani oldu. İlahə döşəməyə çöküb atasının açıq qalmış gözlərindən öpdü.
    Atasının ölümündən sonra İlahə həyatdakı yeganə dayağını itirdiyini anladı. Evdə onu anlayan, başa düşən heç kəs qalmamışdı. Anasının ərinə olan nifrəti onun ölümündən sonra da bitməmişdi. Oturub- durub Yusifin  qarasınca gileylənir, hərdən anası Rəbiyyəni də ittiham edirdi:
    - Mən Yusifi heç vaxt sevməmişəm. Yadındadı, nişan vaxtı  qəsdən donumu ütü ilə yandlrdım ki,  bəlkə  nişanı təxirə salasınız. Amma olmadı. Yanmış parçanı sancaqla örtüb donu zorla əynimə geyindirdin.
 Oxumaq arzumu da ürəyimdə qoydun.
   - Qızım, günah rəhmətlik atanda idi. Səni Yusifə verən o idi. Dedi, uzaq da olsa qohumumdu, yetimçiliklə böyüyüb, qızımızı incitməz. Mən nə edə bilərdim. Olan olub, keçən keçib. Mənimlə iyirmi ilin davasını aparırsan? Onda mən də atandan inciyərdim ki, məni həkim kmi işləməyə qoymadı. Mənimlə yaşamaq istəmirsənsə, günü bugün çıxıb gedərəm.
   Zeynəb daha söz güləşdirməyib mətbəxdə gününü keçirir, qızı gələn kimi acığını ona tökürdü.
    İlahə fikirli halda yaşadığı binaya daxil olmaq istəyəndə maşın təkərlərinin tükürpədici  səsinə diksindi. Avtomobilin qapısı iki tərəfdən  açıldı və iki cüssəli oğlan qızı zorla maşına saldı. İlahə nə qədər çapaladısa, maşından düşə bilmədi.
 İlahə onu qaçıran oğlanla ailə qurmağa məcbur edildi. Çünki nə anası, nə nənəsi qaçırılmış qızın təzədən ata evinə qayıtmasına razı deyildilər.
 Qız özünü nə qədər didib- töksə də zorla sevmədiyi adamla bir yastığa baş qoymalı oldu. 
    İlahə, necə deyərlər, yağışdan çıxıb yağmura düşmüşdü. Əzazil qaynana, özündən on yaş böyük zalım ər qızın gününü qara etmişdilər. Yazıq qız təhsilini yarımçıq qoyub ev qulluqçusuna çevrilmişdi. Bütün günü ayaq üstə işləyib yorulduğundan gecələr başını yastığa qoyan kimi yuxuya gedirdi. Evdə hamının nazını çəkib qayğısına qaldığı halda heç kəs ona hörmət etmir, ağzını açıb danışmaq istəyən kimi sözünü kəsirdilər.
Qaynana  oturub- durub onu sancırdı:
    - Yaxşı ki Ərşad səni bu evə gətirib özünə arvad elədi, yoxsa kim idi səni alan? 
   İlahə artıq yaşamaq eşqini itirmişdi. Bir gün təhqirlərə dözməyib özünə qəsd etmək üçün vanna otağına keçdi. Ərinin ülgüclərindən birini götürüb şah damarını kəsmək istəyəndə bətnində bir çırpıntı hiss edib dəhşətə gəldi. O, arzu etmədiyi halda hamilə qalmışdı. İlahənin əli boşaldı, ülgücü bir kənara qoyub dünyaya gələcək körpəsinin taleyini düşünməyə başladı. Göz yaşlarını boğub özünü toxtaq göstərməyə çalışdı.
     Axşam işdən gələn ərinə uşaq barədə hələ heç nə demədi. Amma şam yeməyinə təzəcə başlamışdılar ki, qaynanası yenə onu acılamağa başladı:
     - Bir ildir gəlin gəlmisən, ancaq hələ də qucağıma bir nəvə  verməmisən. Bəlkə qısır olarsan, xəbərimiz olmaz. Eşitmişəm, anan da səni yeddi ildən sonra doğub. Amma mənim bundan sonra yeddi il gözləməyə səbrim çatmaz. Eh, bir də sənin doğduğun da özün kimi siçan balasına oxşayacaq.
      İlahə onun sözünə qımışdı. Elə ağzını açıb şad xəbəri vermək istəyirdi ki, əri qarşısındakı boşqabı götürüb yerə çırpdı:
    - Anamın sözünə gülürsən? Mən sənə göstərərəm qoca qadını ələ salmaq necə olur!
    İlahə onun ağır zərbələri altında qıvrılırdı. O, qarnını qucaqlayıb bətnindəki körpəni qorumaq istəsə də, Ərşadın təpiklərindən yayına bilmirdi. 
Qız kəskin ağrıdan huşunu itirib yerə yıxıldı. Əri onu sürüyüb divanın üstünə itələdi.
    İlahə gözlərini açanda hava alaqaranlıq idi. Açıq qalmış pəncərədən azan səsi eşidilirdi. Əri də, qaynanası da hələ şirin yuxuda idilər. Qız dəhlizə keçib nazik plaşını əyninə geyindi. Pırlaşıq saçlarını əli ilə hamarlayıb sakitcə evdən çıxdı.
      Qəbiristanlıqda ins- cins yox idi. Qız  əvvəlcə atasının və babasının məzarlarına baş çəkmək istədi. Amma artıq bir addım atmağa da heyi qalmamışdı. Ağlaya- ağlaya  köhnə qəbirlərin arasından keçib yeddinci qəbirə yaxınlaşdı.
Köhnə, buz kimi soyuq sinə daşının üstünə uzandı. O, artıq ağlamırdı. Ağlamaq da istəmirdi. Qorxurdu ki, ağlasa bu həyat yenə onu öz ağuşuna alacaq və dəfələrlə ağladacaq. Ölmək üçün  sukut lazım idi. İlahə iki əli ilə ağzını qapayıb  özünü susmağa məcbur etdi.
      Axşama doğru qəbiristanlıq gözətçisinin harayına yetişən adamlar heyrət içində donub qaldılar.
     Gənc qadının cansız bədəni artıq soyumuşdu. 
     Yeddinci qəbir al qan içində idi. 
      Ömür boyu birinin sözü digərinin boğazından keçməyən, bir- birinə nifrət bəsləyən, öz bədbəxtliklərinin acığını zavallı, məsum bir qızdan çıxmağa çalışan daşqəlbli, biganə adamlar İlahəni qətlə yetirmişdilər.
     Yeddinci qəbirdə uyuyan 1900- cu il təvəllüdlü  və adaşı kimi cəmi iyirmi il ömür sürmüş  İlahə Yusif qızının ölüm səbəbini isə heç kəs bilmirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
adalet.az

1Mənbələr