AZ

Gözlə məni Paris, gəlirəm - TƏHLİL

Azərbaycan güləşçisi Mariya Stadnik müasir Olimpiya Oyunlarının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançımız 1896-cı ildən keçirilən multi-idman yarışlarının tarixinin rekordunu təkrarlayıb.

Xanım pəhləvanımız ən çox Olimpiadada iştirak edən güləşçi adına şərik çıxıb. Bu idman növündə indiyədək 8 güləşçi 5 dəfə Oyunların iştirakçısı olub.

5 Olimpiadaya qatılan güləşçilərin siyahısında Kris Braun (Avstraliya, sərbəst, 1980-96), Vilfred Ditrix (Almaniya, sərbəst/yunan-Roma, 1956-72), Xorlogiin Bayanmonx (Monqolustan, sərbəst, 1964-80), Çeslav Kvyeçinski (Polşa, yunan-Roma, 1964-80), Miyain Lopes (Kuba, yunan-Roma, 2004-2020), Corc Makkenzi (İngiltərə, sərbəst/yunan-Roma, 1908-1928), Mario Tovar Qonzales (Meksika, sərbəst, 1962-68) və Rışard Volnı (Polşa, sərbəst, 1988-2004) yer alıb.

Onların arasında qadın güləşçi yoxdur. Bu isə o deməkdir ki, Pekin-2008, London-2012, Rio-2016 və Tokio-2020-nin iştirakçısı olan Stadnik Parisə bilet əldə etməklə tarix yazıb. Düzdür, əvvəlki illərdə 4 Olimpiadaya qatılan daha 5 qadın güləşçi olub. Amma onlardan heç biri hələlik Paris-2024-ə vəsiqə qazanmayıb ki, Stadnikin rekorduna şərik çıxsın.

İdmançımız gözəlliyi ilə ad çıxaran Fransa paytaxtına xüsusi gözəllik vermək – fəxri kürsünün ən yüksək pilləsini bəzəmək üçün gedəcək. O, yarışa “Parisi görmək və ölmək” kimi məşhur ifadə ilə deyil, “Parisi görmək və fəth etmək” prinsipi ilə yollanacaq.

Əvvəlki dörd Olimpiadada iki gümüş və iki bürüncü olan idmançımız ilk qızılını Fransada qazanmağa çalışacaq. Bu, onun möhtəşəm karyerasının layiqli finişi olacaq.

Qeyd edək ki, Stadnik Paris-2024-ə vəsiqəni İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirinin yarımfinalındakı qələbə ilə əldə edib.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
idman.biz

1Mənbələr