AZ

Xəzərdə yeni seysmik tədqiqat

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu, BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama layihəsidir

“Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı üçün möhkəm təməl, etibarlı bazadır. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin yanvar–mart aylarında da “Azəri–Çıraq–Günəşli” (AÇG) layihəsi çərçivəsində tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib. 

“BP–Azərbaycan” şirkətinin 2024-cü ilin birinci rübünün nəticələrinə dair he­sabatına əsasən, konsorsium iştirakçı­ları tərəfindən AÇG layihəsinin əməliyyat tədbirlərinə 115 milyon dollar, əsaslı məs­rəflərinə isə 347 milyon dollar xərclənib.

Hesabat dövründə AÇG yatağında yeni 4-ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Xatırladaq ki, Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proq­ram seysmik mənbənin altında 740 kvad­ratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin, təxminən, 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdı­rılır. Tədqiqatın əhatə edəcəyi ərazi, apa­rılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seys­mik məlumat toplama proqramıdır.

Bu ilin ilk rübündə BP şirkəti və tərəf­daşları ACE platformasından hasilatın başlanması istiqamətində böyük irəliləyiş əldə ediblər. Bu baxımdan platformanın qurudan idarəetmə sisteminin işə salın­ması layihə çərçivəsində həyata keçiril­miş ən uğurlu işlərdən biri kimi diqqət çə­kir. Bununla da, ACE BP-nin tam qurudan idarə olunan ilk dəniz platformasına çev­rilib. Bundan əlavə, layihə çərçivəsində ilk neft üçün tələb olunan bütün hazırlıq işləri, o cümlədən 2023-cü ilin dekabrın­da qazılmağa başlanmış ilk hasilat quyu­sunun qazma işləri uğurla tamamlanıb. Mart ayında quyu planlaşdırılmış 3150 metr ümumi dərinliyinə çatdırıldıqdan və bütün digər hazırlıq işləri bitəndən sonra aprelin 16-da ACE platformasından ilk neft əldə olunub. 

Yeri gəlmişkən, ACE texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Belə ki, platformanın innovativ layihələn­dirilməsi insan əməyi tələb edən pro­sesləri avtomatlaşdırmağa imkan ver­məklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Plat­forma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissi­yaları azaltmağa da kömək edir.

Cari ilin yanvar-mart ayları ərzində “Azəri–Çıraq–Günəşli” yataqlar blokun­dan neft hasilatı sabit, təhlükəsiz və eti­barlı şəkildə davam etdirilib. Hesabat dövründə AÇG-də, ümumilikdə, 139 neft hasilat quyusu, 43 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Hesabat dövründə 6 hasilat platforması vasitəsilə gündə orta hesabla 339 min barel və ya ümumilikdə, təxminən, 35 milyon barel, yəni 4 milyon ton neft çıxa­rılıb. Ümumi hasilatın 21 min bareli “Çı­raq”, 92 min bareli “Mərkəzi Azəri”, 79 min bareli “Qərbi Azəri”, 53 min bareli “Şərqi Azəri”, 63 min bareli “Dərinsulu Günəşli” və 31 min bareli “Qərbi Çıraq” platformalarının payına düşüb. 

AÇG-də neft hasilatının sabit saxlanıl­ması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzər­də tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, rüb ərzində müqavilə sahəsində 3 neft hasilatı və 1 su injektor quyusu ta­mamlanaraq istismara daxil edilib. Bunun­la yanaşı, “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun dərin qaz laylarının potensialını öyrənmək və həmin layların gələcək işlən­mə planlarını müəyyənləşdirmək məqsə­dilə ötən ilin aprel ayında qazma işləri başa çatdırılmış qiymətləndirmə quyusun­dan (A22z) əldə olunmuş məlumatların təhlili davam etdirilib. 

Yanvar-mart aylarında AÇG və “Şah­dəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal termi­nalına göndərilməsi davam etdirilib. Xatır­ladaq ki, hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon ba­rel neft və kondensat, eləcə də “Şahdəniz” qazı üçün təqribən 81 milyon kubmetrdir. Bundan əlavə, “Azəri–Çıraq–Günəşli” ya­taqlar blokundan neftlə bərabər çıxarılan səmt qazı da burada qəbul olunaraq Azər­baycanın qazpaylama sisteminə təhvil ve­rilir. Bütövlükdə isə, terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon kubmetr təşkil edir. 

Cari ilin birinci rübündə terminaldan 55 milyon bareldən çox neft və konden­sat ixrac olunub. Bu həcmlərin hamısı Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunub. “Şahdəniz” qazı, eləcə də AÇG-nin səmt qazı terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və onun sonradan genişləndirilmiş sistemi, həmçinin terminalın qaz emalı obyekt­lərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac edilir. Bu ilin ilk rübündə terminaldan təxminən 2 milyard 600 mil­yon kubmetr “Şahdəniz” qazı ixrac olu­nub. 

Məlum olduğu kimi, “Əsrin müqavilə­si”nin şərtlərinə əsasən, AÇG-dən neftlə bərabər çıxarılan səmt qazı təmənna­sız olaraq Azərbaycan dövlətinə çatır. Bu ilin ilk rübündə “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,4 milyon kubmetr, ümumilikdə isə, 0,7 mil­yard kubmetr səmt qazı Azərbaycanın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təz­yiqi saxlamaq məqsədilə yenidən kollek­tora vurulub.

Xam nefti dünya bazarına çıxaran Ba­kı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, 2024-cü ilin yanvar-mart aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin birinci rübün nəticələrinə dair hesabatına əsasən, konsorsium işti­rakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 33 milyon dollar, əsaslı məs­rəflərinə isə 7 milyon dollar xərclənib. Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş, təqribən, 7 milyon ton xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilo­metr uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2024-cü ilin birinci rübünün sonunadək 568 milyon tondan çox (4,3 milyard barel) xam neft nəql edilib. Xam neft Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcm­ləri) də nəql olunur. 

Mirbağır YAQUBZADƏ
XQ

Seçilən
235
1

1Mənbələr

Şərh ()
Bağla