AZ

Rusofobiya Avropanın neytral ölkələrini NATO-ya yaxınlaşdırır

Rusiya–Ukrayna münaqişəsi Avropada qlobal dəyişikliklərə gətirib çıxarır. Uzun müddət bitərəf qalan qitə ölkələri indi NATO-ya yaxınlaşırlar. Bu günlərdə Avstriya Xarici İşlər Nazirliyi bildirib ki, rəsmi Vyana İsveçrə, Malta və İrlandiya ilə birlikdə daha sıx hərbi əməkdaşlıq qurmaq istəyi ilə alyansa müraciət edib.

Avstriyanın “Die Presse” qəzeti heç bir hərbi bloka daxil olmayan dörd ölkənin NATO-nun mənzil-qərargahına göndər­diyi məktub barədə məlumat yayıb. Bu­rada xüsusilə qeyd edilir ki, onlar alyans ölkələri ilə daha sıx müdafiə məlumat mü­badiləsi yaratmaq, həmçinin kəşfiyyat va­sitəsilə əldə edilən məlumatlara “imtiyazlı çıxış” əldə etmək istəyirlər. Bundan əlavə, məktubda birgə təlimlərin sayını artırmaq və ümumilikdə dördlük və NATO-nun or­dularının hərəkətlərini, o cümlədən, “böh­ran vəziyyətlərində” yaxından əlaqələn­dirmək təklif olunur.

Dörd ölkə, həmçinin kibertəh­lükələrə, “dağıdıcı texnologiyalara” qarşı mübarizədə və kritik infrastruk­turun qorunması sahəsində daha sıx əməkdaşlıqda maraqlıdır. Başqa söz­lə, neytral ölkələr öz təhlükəsizliklərini təkbaşına təmin etmək imkanlarına inamlarını itiriblər və indi NATO-nun dəstəyinə arxalanırlar.

Qəzetin sorğusuna cavab olaraq Avstriya Xarici İşlər Nazirliyi həqiqətən belə bir məktubun olduğunu təsdiqlə­yib. 2023-cü ilin dekabrında NATO-ya göndərilən məktub hazırda alyans tərəfindən nəzərdən keçirilir. Politoloq­ların sözlərinə görə, dördlüyün təklifləri qəbul olunarsa, bu, təbii ki, Avropada qüvvələr nisbətini dəyişəcək. Bunun­la yanaşı, siyasi şərhçilər bildirirlər ki, dörd ölkənin bu müraciəti sürpriz olma­dı. Məsələ ondadır ki, İsveçrə, Malta, Avstriya və İrlandiya (ingilisdilli medi­ada bu dördlüyü bəzən WEP4, Qər­bi Avropa Tərəfdaşları adlandırırlar) neytrallıq siyasətindən tədricən uzaq­laşırdılar. Bu, hətta isveçrəlilərə də aiddir. Onlar İkinci Dünya müharibəsi illərində baş verən ayrı-ayrı qarşıdur­malardan başqa, İsveçrədə vətəndaş müharibəsindən(1847) bəri döyüşlərdə iştirak etməyiblər. Üstəlik, ölkə İsveçrə vətəndaşlarının istənilən yerdə döyüş­məsinə səbəb ola biləcək hər hansı müqavilə bağlamaqdan da çəkinib. Bu vəziyyət yalnız 1999-cu ildə İsveçrə NATO-nun Kosovodakı missiyası olan KFOR-da iştirak edən zaman dəyişdi.

Buna baxmayaraq, Qərb KİV-i yazır ki, məktubda təklif olunan alyansla qar­şılıqlı fəaliyyət səviyyəsi ölkə siyasə­tində keyfiyyət dəyişikliyidir. Çünki bu, müdafiə sahəsində qarşılıqlı öhdəlikləri nəzərdə tutur. Bu isə mahiyyət etibarilə neytrallıq statusundan imtina etmək deməkdir. Dördlüyün təkliflərinin qəbul edilib-edilməyəcəyi isə qeyri-müəyyən olaraq qalır. Onların qəbul ediləcəyi təqdirdə, bunun dörd ölkənin Avroat­lantik inteqrasiyasının başlanğıcı ola­cağı da şübhəlidir. Unutmaq olmaz ki, NATO hazırda vəzifələrin və prioritet­lərin dəyişməsi dövrünü yaşayır. Hər­bi blokun funksiyaları dəyişir, sıraları genişlənir. İki bitərəf ölkə – Finlandiya və İsveç NATO-ya daxil oldu. İndi bu iki ölkəni yeni şərtlərə uyğunlaşdırmaq bir qədər vaxt aparacaq. Üstəlik, bu dörd ölkə Rusiya ilə qarşıdurmada ön sıra­larda yer almayıb. Doğrudur, Avstriya, İsveçrə, Malta və İrlandiya Ukraynaya bu və ya digər dərəcədə yardım edir, ancaq NATO onların hərbi potensi­alı olmadan da keçinə bilər. Bundan əlavə, xarici siyasətdə neytrallıq avst­riyalıların, isveçrəlilərin, maltalıların və irlandların vərdiş etdiyi bir vəziyyətdir. Onları bu statusdan imtina etməyə inandırmaq daha çətin olacaq. Amma geosiyasi proseslərin sürətlə dəyişdi­yini nəzərə alsaq, dördlük ölkələrinin vətəndaşlarının da neytrallıqla bağlı mövqelərini dəyişə biləcəkləri istisna olunmur. 

S.ELAY
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
xalqqazeti.az

10Mənbələr