AZ

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Mayın 11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında növbəti konsert proqramını Türkiyənin məşhur “Anadolu Atəşi” rəqs qrupu təqdim edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,Cıdır düzündə səhnəyə çıxan qrup bu günədək göstərdiyi performansın ən möhtəşəmini nümayiş etdirib.

Çıxışlar tamaşaçıların alqışları ilə müşayiət olunub.

1999-cu ildə Mustafa Ərdoğanın rəhbərliyi ilə yaradılmış “Anadolu Atəşi”nin ilk adı “Rəqsin Sultanları” olub. Qrupun yaradılmasının məqsədi Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi. Doxsan nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlayıb, 93 ölkədə 3850 şou göstərib, 35 milyondan çox sənətsevər tərəfindən izlənilib.

“Anadolu Atəşi” 2001-ci ildən bu günədək İsrail, Almaniya, Çin, Niderland, Ukrayna, Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qətər, Liviya, Rusiya, Azərbaycan, Rumıniya, Bosniya və Herseqovina, Birləşmiş Ərəb Əmirlikləri, Yeni Zelandiya, İtaliya, Slovakiya, Belarus, Böyük Britaniya, Gürcüstan, Suriya, Sloveniya, Malayziya, Bəhreyn, Yunanıstan, İspaniya və digər ölkələrin səhnələrində çıxış edərək Anadolu mədəniyyətini dünyaya tanıdıb.

“Xarıbülbül” festivalının iştirakçılarından olan Xalq artisti Natəvan Şeyxova təəssüratlarını AZƏRTAC-la bölüşərkən ölkəmizdə mədəniyyətə, incəsənətə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, mədəniyyətimizin təbliğində bu günlərdə 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun çox böyük rolu var.

Xalq artisti “Xarıbülbül” festivalının Azərbaycanı və onun zəngin mədəniyyətini dünyaya tanıdan böyük bir mədəniyyət hadisəsi olduğunu söyləyib. “Bu gün festivalda müxtəlif xalqların mədəniyyəti, incəsənəti nümayiş olunur. Bu, olduqca mühüm məsələdir. Biz azad Şuşamızda həm də dünyaya böyük bir mədəniyyət nümunəsi təqdim edirik. Hava xoş, Şuşa gözəl, festival da rəngarəng, bundan gözəl nə ola bilər?”.

Festivalın iştirakçılarından olan Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib ki, “Xarıbülbül” festivalının böyük tarixi ənənələri var. Bu festival xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlanıb. Bu il 35 yaşını qeyd edən festival ötən müddət ərzində böyük inkişaf yolu keçib və dünyada tanınıb. Çox sevindiricidir ki, biz bu gün həmin ənənələri yaşadırıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra qısa bir zamanda festival öz keçmiş ənənələrini bərpa etdi. Hər il festivala qoşulan ölkələrin musiqi kollektivlərinin sayı artır. Bunun da başlıca səbəbi festivalın təşkilatçısı, Azərbaycan mədəniyyətinin, incəsənətinin yorulmaz təbliğatçısı Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlıdır. Artıq 20 ildir ki, bu Fond Azərbaycan mədəniyyətinin inkişafına, təbliğinə yorulmadan xidmət edir. Əminəm ki, Fondun genişmiqyaslı layihələri sayəsində Azərbaycan mədəniyyəti bundan sonra da yeni böyük arenalarda tanınacaq”.

Qeyd edək ki, festivalın birinci günündə, həmçinin Hüsnü Şənləndirici (Türkiyə) və Hüseyn Məhəmmədoğlunun (Azərbaycan), Serkan Çağrı (Türkiyə) və Orxan Musayevin, Sənəm Abdolazimzadeh (İran) və Rəşad İlyasovun (Azərbaycan) konsert proqramları təqdim edilib.

Xatırladaq ki, bu il Şuşada və Laçında keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
1
sia.az

2Mənbələr