AZ

Neftçi”dəki arxa qapı

“Neftçi”də bir qapı var, onu heç kim bağlaya bilmir.

İndiyə qədər klubun mətbuat katibi Emin Əfəndi dəfələrlə o qapının kildləməyə çalışıb, xeyri olmayıb.

AFFA nümayəndələri çox səy göstərib, alınmayıb.

İki vur ikidir. Açarla kilidləyirsən, vəsaalam. Amma heç kim yaxın durmaq istəmir. Öldürəcəklər sanki o adamı.

“Neftçi Arena”da futbolçular üçün nəzərdə tutulmuş paltardəyişmə otaqları zirzəmidədir axı. Stadionun parkinqi də hər yerdə olduğu kimi, -1-də yerləşir.

Deməli, hər dəfə “Neftçi”nin oyunu başa çatandan sonra bəzi futbolçular jurnalistlərin önündən keçib avtobusa minmək əvəzinə, paltardəyişmə otağının dəhlizindən qaraja açılan qapının köməkliyi sayəsində şəxsi minik avtomobillərinə yön alırlar.

Eyni adamlardır – Emin Mahmudov, Qara Qarayev, Yuri Matias, əlavə 1-2 nəfər. Komandada əsas söz sahibi olan bu adamlar oyundan sonra mikrofonların önünə keçib sualları cavablandırmağı özlərinə borc bilmirlər. Ona görə də arxa qapıda istifadə edirlər.

Məsələn, komandanın uğursuzluğu ilə bağlı açıqlama vermək onları zərrə qədər də maraqlandırmır. Susmağı qızıl bilirlər. Oynadıqlarını oynayıblar, yığdıqlarını yığıblar.

Bundan sonra danışmağa gərək yoxdur. Klubda işləyənlərdən heç kim Qarayla Emini müsahibəyə razı sala bilmir. Sözlərinin qabağında kim söz deyə bilər ki?

Arxa qapını bağlayın, cənablar. Müsahibə verməsələr belə, zəhmət çəkib hamı kimi əsas qapıdan çıxsınlar. Komanda üçün giriş-çıxış qapısı eyni olmalıdır. Həmin qapıdan çıxandan sonra kim hara gedir getsin.

Bağlaya bilmirsinizsə, başqa məsələ.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
sportinfo.az

1Mənbələr