AZ

Prezident və birinci xanım “Xarıbülbül” Festivalında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər.
 

AzEdu.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib.


Çıxışlardan sonra açılış konserti keçirilib.


Konsertdə “Xarıbülbül”ün bütün iştirakçılarının yer aldığı açılış kompozisiyasının müşayiəti ilə 27 Qarabağ atından ibarət süvari dəstə ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil olub.
 

 

Açılış konsertində müxtəlif ölkələrdən məşhur ifaçılar - Azərbaycandan Xalq artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Əməkdar artist Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şenlendirici, həmçinin “Aşıqlar qrupu”, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood”, İndoneziyadan “Sendja Community”, Qətərdən “Qılınc rəqqasları”, Mərakeşdən “Tizwit” qrupları, Özbəkistandan “Navbahor” Mahnı və Rəqs Ansamblı, Türkiyədən “Anadolu atəşi” rəqs qrupu və digərləri çıxış ediblər. Konsert iştirakçıların ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən “Səsin gəlsin, Xarıbülbül” mahnısı ilə yekunlaşıb.
 

Xatırladaq ki, festival mayın 12-də Şuşada, 13-də isə Laçında davam edəcək.
 

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilir. Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatıb. “Xarıbülbül” festivalı 1990-cı ildə beynəlxalq status alıb. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Ağcabədi və Bərdə də təşkil olunub.

 

Vətən müharibəsindəki tarixi Zəfərimiz nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşada keçirilir. Bu il isə festivalın məkanı genişlənərək Laçını da əhatə edir.

 

Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
azedu.az

1Mənbələr