AZ

9 may təbriki azarkeşləri qəzəbləndirdi - “Qarabağ” olasan, “Georgi lenti”ni və Stalin sifətli medalı paylaşasan”

Bilindiyi kimi, 9 may faşizm üzərində qələbə günüdü. Elə srağagün bu əlamətdar hadisədən 79 il ötdü.

Həmin gün qələbə ölkəmizdə də rəsmi dövlət bayramı kimi qeyd olunduğundan klub rəsmi səhifələrində təbrik fotoları paylaşdılar. “Qarabağ”ın rəsmi sosial şəbəkə hesabındakı paylaşım isə birməmalı qarşılanmadı. Niyə? Çünki klubun paylaşımında “Georgi lenti”nə yer verildi! Həmçinin ortasında İosif Stalinin həkk edildiyi medal...

Əvvəlcə söhbətin nədən getdiyinə aydınlıq gətirək. “Georgi lenti” Rusiyanın imperiya rəmzlərindən biridi. 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan əsgərlərə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunub. Həmin vaxtdan başlayaraq lentin standartı belədi: 3 qara, 2 narıncı xətt. Hazırda isə "Georgi lenti"ndən Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatlarının, bir sıra siyasi partiyaların rəmzi kimi istifadə olunur.
Xatırlayırsızsa, 2022-ci ildə Bakı məktəblərinin birində Qələbə günündə şagirdlərin sinəsinə “Georgi lenti” taxılması ölkədə böyük əks-sədadoğurmuşdu. Hətta məktəb məsələ ilə bağlı açıqlama verməyə məcbur olmuş, tədbirin məhz sinifdaxili mahiyyət daşıdığını demişdi. Bununla yanaşı, bəzi ölkələrdə “Georgi lenti”ndən istifadəyə görə həbs olunanlar belə var.

Mövzuya qayıdaq. “Qarabağ”ın da sözügedən paylaşımda həmin rəmzə yer verməsi çoxunu hiddətləndirib. İddiamızı elə həmin paylaşımın rəy bölümünə yazılanlarla əsaslandıra bilərik: “Millət sizi sevir. Belə paylaşımlarla özünüzü gözdən salmayın”, “Georgi lenti”ini paylaşmaq, sadəcə, biabırçılıqdı”, “Georgi lenti”nin bu günə heç bir aidiyyatı yoxdu”, “Silin! Bu nədi?”, “Qarabağ” olasan, o lenti və Stalin sifətli medalı paylaşasan. Vallah, nə deyim sizə? Nəyisə paylaşanda araşdırın...”, “Bu qədər etirazı görüb niyə o şəkli dəyişmirsiz?”, “Bu paylaşımdan sonra sizi daha izləməyəcəm”, “Bu necə paylaşımdı, “Qarabağ”? Özü də işğalçı rəmzlə?! Bizim torpaqlarımız da işğal olunmuşdu. Heç utanırsız?”.

Ciddi azarkeş kütləsinin narazılığını nəzərə alıb, mövzu ilə bağlı klubun rəsmi mövqeyini öyrənmək istədik. Hər halda, başqa premyer-liqa təmsilçiləri Rusiyaya aid hansısa detal paylaşmadığı halda, “Qarabağ”ın fərqli addımı maraq doğurdu. Təəssüf ki, mətbuat xidmətinin rəhbəri Anar Hacıyev zənglərimizə cavab vermədi.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
football-plus.az

1Mənbələr