AZ

“Neftçi” darmadağınla “avrokubok zonası”na qayıtdı - REPORTAJ

Turun açılış matçı "Neftçi" üçün xüsusi əhəmiyyət daşıyırdı.

Turnir cədvəlinin 5-ci pilləsinə enən "ağ-qaralar" avrokuboklara vəsiqə uğrunda mübarizədə şansını azaltmışdı. Əsas vəzifənin öhdəsindən gələn, yəni elitada qalmağı təmin edən "Kəpəz" isə mövsümü 9-cu sırada bitirmək istəmirdi. Hər iki tərəfin meydana ciddi itkilərlə çıxdığını da xatırladaq.

Komandalar dərhal xoşbəxtliyi hücumda axtarmağa başladı. 10-cu dəqiqədə Xvalkonun təzyiq altında olan Moreno geriyə ötürmə verdi. Burda əlverişli mövqedə olan Ozobiç qüvvətli zərbəylə qapını nişan aldı. Lakin Kamran, demək olar ki, barmaqlarının ucuyla təhlükəni sovuşdurdu. Hadisələrin axarını tərəflərin üstünlüyü əldə etmək cəhdləri izləyirdi. 18-ci dəqiqədə Fal Cavada vaxtında ötürmə versə də, qeyri-dəqiq zərbə qola mane oldu. 10 dəqiqə sonra isə "ağ-qaralar" hesabı açmağa yaxın idi. Amma Ozobiç növbəti dəfə “Neftçi” azarkeşlərini məyus etdi. O, Lebonun ötürməsindən sonra topu qapıya göndərsə də, Kamranın topa yiyələnməsi çətin olmadı. Bir qədər sonra Koffi də büdrədi. Onun yöndəmsiz toxunuşundan sonra qapının üstündən keçdi. 

Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda hesabı qonaqlar açdı. 36-cı dəqiqədə Camalın ötürməsini qola çevirən Fal “Neftçi”ni şoka saldı. "Kəpəz"in ciddi itkilərə rəğmən, hesabı açması “ağ-qaralar”ın azarkeşlərini az qala özündən çıxaracaqdı. Lakin komanda ardıcıl qollarla qəzəb alovuna su səpdi. Morenonun qapıya göndərmək istədiyi topun Elçindən meydanı tərk etməsi bakılılara künc zərbəsi qazandırdı. Rəhmanın 44-cü dəqiqəqə cərimə meydançasına göndərdiyi topu Tamaş geriyə, Şinyaşiki "çərçivə"yə yolladı. Matça əlavə edilən dəqiqələr də Bojoviçin komandasına "düşdü". 45+2-ci dəqiqədə Eddi hücumun axarını sağ cinaha yönəltdi. Burda Şinyaşiki dəqiq ötürməylə Morenonun qolunda pay sahibi oldu. Kolumbiyalı hücumçunun "çərçivə"ni başla nişan almasıyla birinci hissə meydan sahibləri üçün səmərəli bitdi.

İndi yorğun və əvəzetmə üçün gücü olmayan "Kəpəz"lə istənilən cəhətdən üstünlüyü ələ almış "Neftçi"ni həlledici dəqiqələr gözləyirdi. Meydan sahiblərinin hegemonluğu ikinci yarı başlayan kimi tabloda əksini tapdı. 47-ci dəqiqəqə Azərin uzaqdan cərimə meydançasına ötürməsini Şinyaşiki qola çevirdi. Əlbəttə, burda sürətdə xeyli geridə qalan qonaqların günahı böyük oldu. Bundan sonra "Kəpəz" təhlükəli vəziyyət yarada bilmədi.

"Sarı-göylər" çox zəif təsir bağışlayırdı. "Ağ-qaralar" asanlıqla onların hücum cəhdlərinin qarşısını alırdı. Adil Şükürovun komandasına etibarlı müdafiə olunmaqdan başqa çarə qalmamışdı. Qonaqlar bunu da bacarmadı! 75-ci dəqiqədə Şakir Lebonun belinə ayaqla zərbə endirdiyi üçün meydandan qovuldu. Azlıqda qalan "Kəpəz" dördüncü qola qədər cəmi 2 dəqiqə dözdü. Şinyaşiki Koffinin qüsursuz uzaq ötürməsi sayəsində het-trikə imza atdı. Matçın sonuncu notları 86-cı dəqiqədə çalındı. Burda Ağadadaş başlatdığı hücumun özü bitirməklə Şinyaşikini xatırlatdı. Top Caber, Qara, Koffi və Ozobiçin ayağına toxunandan sonra Salyanskiyə qayıtdı. Gənc futbolçunun boş qapını dəqiq nişan almasına heç kim maneə ola bilmədi.

Beləliklə, "Kəpəz"i darmadağın edən "Neftçi" “avrokubok zonası”na döndü.

Gözdən qaçmadı
* Matçın başlamasına 5 dəqiqə qalmış ümummilli lider Heydər Əliyev doğum günü münasibətilə anıldı. Onun sağlığında "Neftçi"yə göstərdiyi diqqət xatırladıldı.
* Oyundan əvvəl "Ayın qolu" layihəsi çərçivəsində aprelin qalibi açıqlandı. PFL-in texniki-idman direktoru Elgiz Abbasov Mate Kvirkviyaya mükafat təqdim etdi.
* AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, köməkçisi Orxan Əhmədov, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev matçı izləyənlər arasında idi.
* Ağadadaş Salyanski əsas heyətdə ilk qolunu vurdu.
* "Forza Neftçi" və "Xəmsə" komandalarını əvvəldən sona qədər dəstəklədi. "Neftçi" azarkeşləri Ağadadaşın qolunu xüsusi qeyd etdi. "Kəpəz"in fanklubu "Neftçi"nin ünvanına ağır təhqirlər yağdırmaqla yanaşı, "Xan Lənkəran" qışqırırdı.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
football-plus.az

1Mənbələr