AZ

Adil Şükürov: "Kəpəz"ə qarşı qısqanclıq hissi var

"Kəpəz"ə qarşı qısqanclıq hissi var.

Bunu “Report”a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının XXXIV turda “Neftçi”yə 1:5 hesablı məğlubiyyət barədə danışıb: “Komandamızın əsas heyətinin 8 üzvü "Neftçi" ilə matçda iştirak etmirdi. Böyükhesablı məğlubiyyətimizin səbəbi arxayınlıq deyildi. Meydana çıxan futbolçularla əvvəlcədən söhbətlər aparmışdıq ki, hər kəs özünü ən yaxşı tərəfdən göstərsin. Çünki indidən yeni mövsümün komandasını qurmağa çalışırıq. Kim özünü yeni mövsümdə "Kəpəz"də görmək istəyirsə, bütün bacarıqlarını ortaya qoymalıdır. Mən onlardan çox da narazı qalmadım, çünki bacardıqları bu qədər idi”.

“Sarı-göylər”in çalışdırıcısı oyunlar zamanı hakimlərin futbolçularına tez-tez vərəqə göstərməklərinin yaxşı hal olmadığını bildirib: “Komandamız son turlara qədər Premyer Liqada ən intizamlı kollektivlərdən biri idi. Oyunçularımıza nadir halda sarı və qırmızı vərəqə göstərirdilər. Sanki çempionatda qalacağımız dəqiqləşəndən sonra nələrsə dəyişdi. İndi adi vəziyyətdə futbolçularımız vərəqələr alır. Hər oyundan öncə cəzalı futbolçularımız olur. "Neftçi" ilə matçda dördüncü hakim heç bir söz demədiyi halda, yan xətt hakimi referiyə müraciət edərək, futbolçumuza sarı vərəqə göstərməyi tələb edirdi. Səbəbini soruşduqda, Ehtiram Şahquliyevin topu meydana vurduğunu əsas gətirdi. Bunun səbəbini mən də bilmirəm. Bəlkə bizim daha da irəli getməyimizi istəmirlər. "Kəpəz"ə qarşı qısqanclıq hissi var”.

46 yaşlı məşqçi yeni mövsüm üçün “Kəpəz”i formalaşdırmaq istədiklərini söyləyib: “Yeni mövsümün komandasını qurmaq üçün istəyirik. Sadəcə, maliyyə durumumuz qeyri-müəyyən olaraq qalır. Bu səbəbdən biz artıq gecikirik. Bu gün AFFA-nın ayırdığı maliyyə "Kəpəz"i 8-ci sırada saxlamağa yetir. Biz dəvət olunanda komandanın vəziyyəti daha ağır idi. Yeni mövsümlə bağlı planlarımız dəqiq bilinmir. Hədəfimiz Premyer Liqadakı yerimizi qorumaqdan ibarət olacaq, ya medallar uğrunda mübarizə aparacağıq - bunu maliyyə durumumuz dəqiqləşəndən sonra deyə bilərəm. Heyətə bir çox yerli futbolçular cəlb etmək istərdim, lakin bunun üçün normal vəsait tələb olunur. Ən azı əlimizdə olan futbolçuları komandada saxlmağa çalışacağıq. Onlar bizim nə istədiyimizi artıq bilirlər, həm də kluba öyrəşiblər. Klub rəhbərliyi sponsorların tapılması istiqamətində öz işini görür. Hər adamı komandaya yaxın buraxmaq olmaz. Bu, ciddi məsələdir”.

A.Şükürov U-16 liqasında “Kəpəz” və “Qəbələ” komandaları arasında baş tutan matçda yaşanan insident barədə də fikirlərini bildirib: “Həmin çempionatda mübarizə aparan uşaqların 15-16 yaşları var. Onlara qarşı aqressiya nümayiş etdirmək yolverilməzdir. Məncə, bu məsələdə daha diqqətli olmaq lazım idi. Meydana daxil olan valideynləri ümumiyyətlə başa düşmürəm. Lakin hər məsələni "Kəpəz" azarkeşlərinin üzərinə yıxmaq olmaz. Orada davaya səbəb olan şəxslər "Qəbələ"də oynayan futbolçuların valideynləri idi. Onlar özləri də gəncəlidirlər. Sadəcə, uşaqları "Qəbələ" Futbol Akademiyasında oynayır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
report.az

2Mənbələr