AZ

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Elbay

“Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq”

Bakı, 10 may, Ramiz Quliyev, AZƏRTAC

Memarlıq maddi mədəniyyət nümunəsi olmaqla yanaşı, həm də inşaat incəsənəti kimi mənəvi xüsusiyyətləri də özündə əks etdirir. Tarixən zəngin mədəniyyətə malik xalqlar öz memarlıq üslubları ilə ad çıxarıblar. Hətta tikinti zamanı müxtəlif çalarlardan istifadə, xarici və daxili kompozisiyanın qurulması zamanı proporsiya, simmetriya və asimmetriya prinsiplərindən istifadə həmin xalqın mədəniyyət göstəricisi olub. Belə memarlıq nümunələrinə digər qonşu xalqların da öz üslublarını əlavə etməsi əvəzsiz maddi-mənəvi inşaat nümunəsinin ortaya çıxamasına səbəb olub.

Şərqlə Qərbin qoynunda yerləşən, zəngin tarixə malik Azərbaycanın paytaxtı Bakı isə qədim ilə müasirliyin vəhdətində qurulur. Şəhərin memarlıq görkəminə, Bakının simasına təkcə onun tarixi tikililəri deyil, müasir binaları, göydələnləri gözəllik ahəngi verir. Uzun müzakirələrdən, ekspert rəylərindən sonra ötən ilin sonunda Bakının Baş Planı da təsdiq edildi. Paytaxtın memarlığı ilə bağlı gələcək yol xəritəsini müəyyənləşdirən bu sənəd, yəqin ki, hələ uzun müddət müzakirə mövzusu olacaq.

AZƏRTAC ölkədə görülən memarlıq və inşaatı işlərilə bağlı Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilə olan müsahibəni təqdim edir.

- Bakının Baş Planı təsdiq edildi. Hazırda bu istiqamətdə hansı işlər görülür? Yaxın gələcəkdə Baş Plan çərçivəsində hansı irimiqyaslı layihələrin həyata keçirilməsi gözlənilir?

- Baş Plan strateji bir sənəddir. Gündəlik icra üçün sənəd deyil. Baş Plan Bakı şəhərinin yaxın 30 il müddətində gələcək inkişafına istiqamət verən, gələcək istiqamətini müəyyənləşdirən bir sənəddir. Əlbəttə ki, Baş Plan əsasında şəhərin müxətlif hissələrində konkret işlər görüləcək. Bu işlər üzrə artıq layihələndirmə proseslərinə başlanılıb. Məsələn, Baş Planın ən vacib sahələrindən biri nəqliyyat infrastrukturudur. Bakıda tramvay xəttinin reallaşmasına artıq başlanılıb. Zənnimcə ikinci vacib məsələ paytaxt ərazisində olan 1-2 mərtəbəli yararsız məhəllələrin, hətta deyərdim böyük bir rayonların yerində müasir yaşayış evlərinin tikintisidir.

- Bakıda hazırda hansı tarixi binaların bərpa prosesi aparılır və bu işləri necə dəyərləndirərdiniz?

- Bakı qədim şəhərdir. Bakının tarixi mərkəzini təşkil edən ərazidə yüzlərlə memarlıq abidələri var. Bunların əksəriyyəti dövlət tərəfindən mühafizə olunur və mütəmadi bərpa-təmir işləri aparılır. Lakin etiraf edək ki, bu problem yalnız dövlətə aid olmamalıdır. Bu bizim ümummilli sərvətimizdir. Bu sərvətə xalq-millət öz münasibətini göstərməlidir. İlk növbədə onu qoruyub saxlamalıdır. Çox təəssüf ki, bir çox hallarda abidələrin korlanması hallarına rast gəlirik. Bunu edənlər əsasən həmin ərazilərdə yaşayan və ya fəaliyyət göstərən insanlardır. Bu məsələyə ciddi yanaşmaq lazımdır. İkincisi, bu gün Azərbaycan bəlkə də yeganə ölkədir ki, tarixi abidələrin bərpası, qorunub saxlanılması təkcə dövlət tərəfindən aparılır. Halbuki, dünyada bu işlərə imkanlı adamlar, biznesmenlər öz paylarını mütləq verirlər. Bəs niyə azərbaycanlı iş adamları, dövlətə, Mədəniyyət Nazirliyinə müraciət etmirlər ki, “mənə də bərpaya ehtiyacı olan bir abidə verin, öz vəsaitim hesabına elmi cəhətdən əsaslandırılmış layihə ilə onun bərpasını edim”. Mən hələ bununla rastlaşmamışam. Amma bu, olmaldır. Bütün dünyada belədir. Əgər biz vətənpərvərlikdən danışırıqsa, onun ən birinci göstəricilərindən biri də öz mədəniyyətinə və tarixinə olan münasibət və hörmətlə bağlıdır. Bu, mütləq olamalır. Mən iş adamlarına müraciət edirəm. Xeyirxahlıq təkcə yoxsul adamlara kömək etmək deyil, xeyirxahlıq həm də öz mədəni irsini qoruyub saxlamaqdır.

- Paytaxtın mərkəzi hissələrində bəzi hallarda çoxmərtəbəli binaların tikintisi zamanı zəruri məsafə gözlənilmir. Bu isə şəhərsalmanın norma və qaydalarına zidd olmaqla yanaşı, insanları narahat edir. Bu problem necə həll edilməlidir və Memarlar İttifaqının bu istiqamətdə hansı tövsiyələri var?

- Bakının mərkəzi hissəsi yeni tikililərlə, müasir binalarla həddindən artıq yüklənib. Mən demirəm ki, mərkəzi hissədə yeni, müasir binalar olmasın. Hər dövr Bakının simasında öz izini qoymalıdır və keçmiş irs gələcək nəsillərə ötürülməlidir. Amma Bakının mərkəzi xüsusi bir ərazidir. Burada yanaşmalar da xüsusi olmalıdır. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşəndə müxtəlif istiqamətlərdə söhbətlər aparıldı. Mən Memarlar İttifaqının sədri olaraq çıxışımda dedim ki, Bakının tarixi mərkəzinin sərhədləri müəyyənləşməlidir. Bu tarixi sərhədlər daxilində bütün fəaliyyət növləri mütləq məhdudlaşdırılmalı, xüsusi şərtlər olmalıdır. Bakının yeni Baş Planında bu ərazilərin sərhədləri artıq təsdiqlənib və bu ərazidə reqlamentlər qoyulub. Həm hündürlük, həm sıxlıq. Bu məsələlərə artıq başqa cür baxılacaq. Mənə bəzən sual verirlər ki, düzgün yerləşdirilməyən binalar söküləcəkmi? Əlbəttə, onların sökülməsi böyük problemdir, çünki onlar mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülkiyyət toxunulmazdır. Amma atalar məsəlində deyildiyi kimi, “zərərin yarısından da qayıtmaq xeyirdir”. Gəlin bundan sonra yaşadığımız mühiti və onun qorunub saxlanılmasını düşünək. Bizim təklifimiz yeni Baş Planın hazırlanmasında ən əsas tələblərindən biri idi. Bu məsələ reallaşdı və artıq reqlamentlər qoyulub ki, şəhərin mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq. Eyni zamanda, şəhərdə sıxlığın da qarşısı alınacaq.

- Memarlıq tikinti sektoru ilə sıx bağlıdır. Hazırda ölkəmizdə bina tikintisi ilə bağlı xarici ölkələrin təcrübəsindən istifadə edilirmi?

- Memarlıq və inşaat daima dünyada baş verən yenilikləri tez qəbul edən sahələrdən biridir. Məsələn, yeni tikinti texnologiyaları mövcuddur. Betonların möhkəmləmdirilməsində, armaturun hazırlanmasında, eyni zamanda binaların avadanlığında, insanların rahat yaşaması üçün də yeni texnologiyalardan istifadə edilir. Əvvəllər memarlar öz layihələrində binalarda ayrıca havalandırma sistemini düşünmürdülər. Bu gün xüsusi rabitə xətləri, internet var. Odur ki, müasirlik bizim memarlıq fəaliyyətində əsas yerlərdən birini tutur. Bildiyimiz kimi, ölkəmizdə yerli şirkətlərlə yanaşı xarici tikinti şirkətləri də, o cümlədən Avstriya, İngiltərə, Almaniya, həmçinin Türkiyə şirkətləri iştirak edirlər. Onların müasir, qabaqcıl təcrübəsindən istifadə olunur. Bizim memarların da yeniliklərindən bəhrələnmək üçün gözəl imkanlarımız var. Memarlar İttifaqı Beynəlxalq Memarlar İttifaqı ilə birgə 2 ildən bir beynəlxaq memarlıq müsabiqəsi keçirir. Ötən il keçirilən müsabiqədə 40-dan çox ölkədən 300-ə yaxın layihə təqdim olunub. Azərbaycan memarları da bu yeniliklərlə yaxından tanış olaraq istifadə edirlər.

- Bu günün memarları nəyi bilməli, hansı innovativ biliklərə yiyələnməlidirlər?

- Memarlara ali təhsil müəssisələrində lazımı bilik və bacarıqlar verilir. Həqiqətən memar olmaq istəyən insanlar üçün bu gün hər cür şərait yaradılıb. İnternet resursları, xarici nəşrlərdən bəhrələnə bilərlər. Məncə memarın uğurlu olması üçün ilk növbədə onun vətənpərvər olması lazımdır. Bilməlidir ki, yaratdığı əsər yalnız onun zövqünü təmin etmir, xalqının mədəni səviyyəsini təmsil etməlidir. Yəni memarın layihəsi o dərəcədə cəlbedici, müasir olsun ki, onu görənlər desin ki, “bunu azərbaycanlı memar edib, demək ki, Azərbaycan xalqının mədəni səviyyəsi çox yüksəkdir”. Əsas tələb budur.

- İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış və acınacaqlı vəziyyətdə olan yüzlərlə memarlıq abidələri var. Onların bərpası sahəsində vəziyyət necədir? Bu abidələrin bərpası yerli, yoxsa xarici mütəxəssislər tərəfindən aparılır?

- İşğaldan azad edilmiş ərazilərin hamısında olmuşam. Çox acınacaqlı bir vəziyyətdir. Hər dəfə də düşünürüm ki, bu, insan əməli deyil. Bunu edən cinayətkarlar, əslində vəhşi bir məxluqdur. Məsələn, Türkiyədə bu günə qədər bütün abidələr məhəbbətlə qorunub saxlanılır. Onlar da digər xalqlara məxsus abidələri dağıda bilərdilər. Çox təəssüf ki, ermənilər bu əraziləri viran qoyub, yerlə-yeksan ediblər. Buna baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə bir sıra uçuq-sökük abidələr qalıb. Bu gün onların üzərində işlər aparılır. Məsələn, Ağdamda Cumə məscidi Avstriya mütəxəssisləri tərəfindən bərpa olunur. Hazırda işlər tamamlanma ərəfəsindədir. Bərpa işləri çox yüksək və peşəkarlıqla aparılır. Onlarla yanaşı, Şuşadakı məscidləri bizim memarlar bərpa ediblər. Burada əsas odur ki, dağıdılmış tarixi–mədəni abidələrimiz elmi əsaslarla və olduğu kimi bərpa olunsun. Bu işlərə müvafiq dövlət qurumları, həmçinin Mədəniyyət Nazirliyi xüsusi nəzarət edir. Onlar daim o bölgələrdə olurlar. Bu proses gedir. Bütün bunlarla yanaşı bərpa prosesini təkcə dövlətdən gözləmək ədalətsizlik olardı.

Seçilən
71
1
1

1Mənbələr

Şərh ()
Bağla