AZ

Bahalaşan hotel qiymətləri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda beşulduzlu hotellərdə qiymətlər bahalaşıb. Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə  qalmaq üçün orta qiymət 215,3 manat təşkil edib. Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 309,4 manat olmaqla Qubada qeydə alınıb. Ötən ilin eyni dövründə isə rayonda 5 ulduzlu hotel olmayıb.

İkinci yerdə 307 manat olmaqla Qəbələ hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 14 faiz çoxdur. 5 ulduzlu hotellər arasında üçüncü yeri isə 233,8 manat olmaqla Naftalan tutub. Bu rayonda orta qiymət illik müqayisədə 6,9 faiz azalıb. Şamaxıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 213,8 manata (+ 27 faiz), Bakıda 209 manata (+39,7 faiz), Lənkəranda 170 manata (+ 26,8 faiz), Abşeronda 165 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Şabranda 154 manata (+ 15 faiz), Qaxda 153,7 manata (+ 13,8 faiz) İsmayıllıda 152,5 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Şəkidə 71 manata (+ 56 faiz) başa gəlib.

Maraqlıdır, görəsən, qiymət artımına səbəb nədir? Yay fəslinin yaxınlaşdığını nəzərə alsaq, qarşıdakı aylarda da qiymət artımının davam edəcəyini proqnozlaşdırmaq olarmı?

Məsələni qəzetimizə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bahalaşma hər zaman tələbat yarandıqda baş verir: “Təbii ki, tələbat varsa, qiymət baha, tələbat yoxdursa, qiymət ucuzlaşır. Aydın məsələdir ki, bahalı hotellərdən istifadə olunmasa görəcəksiniz ki, qiymətlər istər-istəməz düşür. Digər tərəfdən, sadə dillə desək maya dəyəri deyilən bir şey var. Misal üçün, maya dəyəri 100 manata başa gələn xidmət 10 manata təklif oluna bilməz. Sahibkar investisiya yatırdığı sahədən gəlir götürməyi hədəfləyir, o ziyanına işləyə bilməz. Həmin sahibkarın da öz xərcləri var və əgər mövcud xərclər qarşılanmasa, məcbur fəaliyyət dayanmalıdır. Yəni bu məsələ tələb və təklif üzərində xərclərlə tənzimlənən bir dəhlizdə müəyyən olunur. Bununla yanaşı, bazarda qiymətlərin ucuzlaşması mümkündür. Bunun müxtəlif yolları var. Məsələn, həmin hotellərə alternativ şəbəkələr yaradılmalıdır. Bu gün bizdə mövcud otellərdə qiymətlərin baha olması seçim imkanının məhdudluğundan irəli gəlir. Azərbaycanda aşağı ulduzlu hotellərin sayı barmaqla sayılacaq qədərdir. Hesab edirəm ki, müasir dövrün tələblərinə cavab verən, ancaq ki, ulduzu əyarı aşağı olan, yalnız iqtisadi cəhətdən belə deyək də, əlverişli qiymətlərlə otellər tikilməlidir. Bunun üçün əlbəttə ki, ilk növbədə regionda sahibkarlara imkan yaratmaq lazımdır. Cəlbedici təkliflər yaratmaq lazımdır ki, bu sahəyə investisiya yatırılsın”.

Ekspertin fikrincə, hansı ölkədə alternativ gecələmə yerlərinin sayı çoxdursa, həmin ölkəyə turistlərin marağı böyük olur: “Azərbaycanda konkret olaraq digər seqmenti nəzərə ala biləcək hotellərin sayı az olduğuna görə məhz beş ulduzlu otellərə tələbat var. Çünki alternativ yoxdur. 5 ulduzlu otellər müştəriləri azalanda maksimal şəkildə nə qədər qiymət endirə bilirlərsə, endirirlər. Amma indiki vəziyyətdə tələbat var deyə qiymətlər gündən-günə bahalaşır. Eyni zamanda, onlar həm də bazarda monopolistdirlər, istədikləri qiyməti təyin edirlər. Biz bu bahalaşmanı yaxın aylarda da müşahidə edəcəyik”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli isə mövcud statistika ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, bu istiqamətdə aparılan müqayisəli təhlildə yanaşma doğru qoyulmayıb: ”Bu baxımdan düşünürəm ki, cari ilin yanvar-may aylarında 5 ulduzlu hotellərdə qiymətlərin ötən ilin eyni dövrü ilə müqayisədə 46 faizə qədər bahalaşdığını söyləmək düzgün olmaz”.

Məsələ ilə bağlı turizm üzrə ekspert Rəhman Quliyev isə vurğulayıb ki, otellərin bahalaşmasının müxtəlif səbəbləri var: “Məsələn, əvvəlki illərlə müqayisədə indi bəzi hotellərdə xidmətlərdə dəyşikliklər və əlavələr edilib. Bu da istər-istəməz qiymət dəyişikliyinə səbəb olub. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi fonunda rusiyalı turistlərin Türkiyəyə, Gürcüstana, eləcə də Azərbaycana üz tutması hotellərdə qiymətləri artırıb. Eyni zamanda, quru sərhədlərin bağlı olması ölkədəki otellərə yerli turistlərin tələbi artıb. Böyük ehtimalla daxili otellərə tələbatın çox olması davam edəcək. Buna görə də qiymətlərin yaxın vaxtlarda enəcəyi gözlənilmir”.

Seçilən
143
1

1Mənbələr

Şərh ()
Bağla