AZ

Zamana qalib gələn xalqın 87 yaşlı Zeynəbi

Kulis.az Ulucay Akifin "Zamanı donduran xalq" adlı yeni yazısını təqdim edir.

87 yaşlı Zeynəb Xanlarovanın Şuşada, Cıdır düzündə, "Xarıbülbül" festivalında yumruğunu göyə qaldırıb "Yaşa, Azərbaycan!" mahnısını oxumağınabaxıram.

87 yaş...

Bu cür gümrah, bu cür enerjili, bu cür şən...

Zeynəb Xanlarovanın Şuşada "Yaşa, mənim xalqım!" mahnısını elə şövqlə oxuduğunu görmək kiçik hadisə deyil mənimçün.

Düzdür, Son illərdə o qədər gözəl, ağlasığmaz şeylər yaşadıq ki, ən böyük hadisələr də adiləşdi bizimçün.

Elə bil belə də olmalıydı.

Ağdamda namaz qıldıq, Şuşada şeir dedik, Zəngilana, Füzuliyə, Laçına köçdük, Xocalıya qayıtdıq, 30 il sonra Xankəndidə ilk azərbaycanlı dünyaya gəldi, orada universitet açdıq, futbola baxdıq...

Uzandıqca uzana biləcək bu möhtəşəm hadisələr siyahısı isti yaz günəşi kimi adamın içini fərəhləndirir.

87 yaşlı Zeynəb Xanlarovanın Azərbaycanın Şuşa səhnəsində şövqlə oxumağına baxıram. Elə bil, zamanı saxlayıb, 37 yaşında qalıb.

Və düşünürəm ki, bu 30 il ərzində xalq da zamanı dondurdu Zeynəb Xanlarova kimi. Bu günləri, bu anları görmək, yaşamaq üçün cavan qaldı.

İndi biz yenidən doğulmuş, gənc, gümrah, fərəhli, başı dik, alnıaçıq xalqıq. Hər şeyə qadirik.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
kulis.az

1Mənbələr