AZ

Politoloq: Bu gün inkişafda olan Azərbaycan-Slovakiya əlaqələrinin böyük perspektivləri var

Politoloq:

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan-Slovakiya münasibətləri inkişaf edir və bu əlaqələrin inkişafı iki ölkənin maraqlarının üst-üstə düşməsi ilə bağlıdır. Azərbaycanın və Slovakiyanın həm ikitərəfli, həm də beynəlxalq münasibətlərdə qarşılıqlı əlaqələri ölkələrimizin həmrəy olduqlarını göstərir.

Slovakiya Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri zamanı dövlətimizin başçısı İlham Əliyevlə təkbətək görüşü, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə söyləyib.

Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin hazırda yüksək səviyyədə inkişaf etdiyini vurğulayan İ.Vəlizadə bu əlaqələrin daha çox neft-qaz sahəsində, “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində özünü daha çox büruzə verdiyini deyib. Politoloq bildirib ki, “Həmrəylik halqası” təşəbbüsü Mərkəzi, Şərqi və Cənubi Avropa regionlarında enerji təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edəcək.

“Ötən il Macarıstanın “MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində ən iri tərəfdaş kimi qoşulub. Bu da Azərbaycan-Macarıstan-Slovakiya əlaqələrində mühüm mərhələdir.

Azərbaycan qaz təchizatçısı kimi Mərkəzi və Şərqi Avropaya böyük töhfələr verir və Slovakiya burada xüsusi paya malikdir. Əvvəllər Slovakiya yalnız Rusiya qazından asılı idi, amma hazırda bu asılılığı azaltmaq üçün Bratislava ölkəmizlə əlaqələrə xüsusi önəm verir”, - deyən politoloq bildirib ki, təbii olaraq Azərbaycanın müstəqil siyasət yürütməsi və bir sıra Avropa ölkələri üçün strateji tərəfdaş olması əlaqələrin spektrində önəmli rola malikdir. Slovakiyanın hazırkı rəhbərliyi də müstəqil siyasət yürüdür, ölkəni daha davamlı inkişaf yoluna çıxarmaq istəyir. O, bununla ölkəsini regionda təsirli oyunçuya çevirmək niyyətindədir.

Yeri gəlmişkən, Slovakiyanın Baş naziri qeyd etdi ki, onun ölkəsi də Aİ-nin üzvü olmasına baxmayaraq, Avropa İttifaqının təzyiqi ilə üzləşir. Həmin təzyiqlər Azərbaycana şamil olanda əlbəttə ki, Slovakiya rəhbərliyi bu cür təzyiqləri qəbul etmir və bununla bağlı öz münasibətini bildirir.

Politoloqun sözlərinə görə, “yaşıl enerji” layihəsi həyata keçiriləndən sonra Slovakiya bu layihənin də iştirakçısı ola bilər. Bu layihə çərçivəsində ölkəmizdən Qara dənizin dibi ilə Rumıniya və Macarıstana çəkilən kabel vasitəsilə enerji Avropaya daşınacaq. Çünki bu layihədə marağı olan Slovakiya Macarıstanla həmsərhəddir.

Slovakiyanın hərbi-texniki potensiala da malik olduğunu xatırladan İ.Vəlizadə bu ölkənin hərbi texnika istehsalçısı kimi tanındığını qeyd edib. Bildirib ki, Slovakiyada istehsal olunan hərbi avadanlıqlar dünyanın bir çox ölkələrinə satılır və özünü doğruldub. Qarabağda Slovakiya istehsalı olan minatəmizləmə qurğularından istifadə edilir.

“Azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda təəssüf ki, minalanmış ərazilər çoxdur və təmizlənməyə ehtiyac duyulur. Bu istiqamətdə uzunmüddətli əlaqələrin qurulması əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə aparılır və bu çərçivədə Slovakiya şirkətləri Ağdamda “ağıllı kənd” layihəsində iştirak edirlər. Düşünmək olar ki, bu, son deyil, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq davam etdirilə və müştərək layihələr reallaşdırıla bilər. Bu da Azərbaycan məhsulunun Slovakiya və Avropa bazarlarına çıxması deməkdir.

Strateji əməkdaşlığın təməlində duran bəyannamənin gələcək əməkdaşlıq üçün böyük əhəmiyyəti var. Sənəd bütün sahələri əhatə edir.

Bir sözlə, bu gün inkişafda olan Azərbaycan-Slovakiya əlaqələrinin böyük perspektivləri var”, - deyə İlqar Vəlizadə fikirlərini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
336
azertag.az

1Mənbələr