AZ

Zarbazanı xatırlayarkən

“Sənin kimiləri Respublikanı biabır edirlər!”

(həmin kinodan)

Sovet dövründə ünlü gürcü rejissor Daneliyanın çəkdiyi “Mimino” filmində təyyarəçi Valiko Mizandarinin (Vaxtanq Kikabidze oynayırdı) bir pırpız, az qala gözünün içinəcən tük basmış iti vardı, adı Zarbazan idi. Pis çıxmasın, son günlər Ermənistanda hökumət əleyhdarları yürüş keçirib İrəvana irəliləyəndə, nəhayət gəlib o bizim də məhşur “AzTV-dəki Raf avtobusu”ndan tanıdığımız Teatr meydanı tərəflərdə mitinq qayıranda mən Zarbazanı xatırladım.

Əslində Zarbazan qəfil yadıma düşmədi, azı iki-üç gün fikirləşdim. Bunun səbəbi isə yürüşə başçılıq eləyən erməni keşişin adı idi. Adamın adı Baqrat Qalstyan olsa da, hər yerdə onu “Baqrat Srbazan” kimi yazırdılar. Xeyli fikirləşdim ki, bu srbazan sözü mənə hardan tanış gəlir, yadıma saldım: “Mimino” filmi!

Mən nə gürcü (Daneliya baxımından), nə erməni dilini (“Mimino”da əsas obrazlardan biri erməni idi) bilirəm, o baxımdan Zarbazan və Srbazan səsləşməsi məni çaşdırmışdı. Olmaya erməni dostlarımız öz yeni müxalifət liderlərinə Zarbazanın adını qoşublar? Axı orda indi belə şeylər dəbdədir. Guya alçaltmaq, gözdən salmaq üçün bir-birinə ayamalar qoşurlar. Məsələn, Paşinyana “türk”, “Paşaoğlu”-filan deyirlər. İnsafən, oxşar metod bizdə də var, xoşumuz gəlməyənə “Vazgen”, “erməni” deyirik. Sivil dünya baxımından doğru metod sayılmaz.

Lakin qısa araşdırmam bu Srbazanın Zarbazana dəxli olmadığını göstərdi. Sən demə “srbazan” erməni dilində “müqəddəs”, “qutsal” kimi məna verirmiş, keşişlərə, din xadimlərinə belə müraciət edirmişlər. Baqrat Srbazan, təxminən “Molla Bəhram” kimi bir şey deməkdir. “Zarbazan” isə gürcü sözüdür, tərcüməsi “top” (artilleriya anlamında) imiş.

Hər halda, yanlış da bir naxışdır, bu Baqrat müəllim mənim yadımda Zarbazan kimi qaldı.

Ümumən erməni müxalifətinin hazırda İrəvan tərəflərdə şingilim atmasına gələndə, mənim buna münasibətim mənfidir. Ermənistanda aranın qarışması təzə-təzə cığıra salınmağa başlayan sülh prosesinə, sərhədlərin müəyyən edilməsi, bir-birinin ərazisini tanımaq, yolları açmaq kimi işlərə ziyan vura bilər. Bir çox əlamətlərinə görə prosesi qızışdıranların arxasında son 200 ildə olduğu kimi, ruslar dayanır. (“Atan kazaklardır!” - Cabbarlı demiş). Məsələn, Baqrat müəllim İrəvana çatan kimi eks-prezident, Putinin dostu Robert Köçəryanla görüşə qaçdı. İnşallah, sadə erməni xalqı növbəti dəfə Rusiyanın tələsinə düşməz. Düşsə də ziyan çəkən özləri olacaq.

Ancaq məni işin başqa, dini tərəfi düşündürdü. Görəsən dünyada xalqlar arasında nifaqı, düşmənçiliyi körükləyən neçə dini lider var? “Az qala hamısı belədir” yazsaq yanılmarıq. Dinlərin çörəyi nifaqdan çıxır, ayrılıqdan, zülümdən, kədərdən, dəhşətdən, insan qanından çıxır. Əks halda dinc yaşayan, çörəyini qazanan insanları hansısa mistik qüvvələrlə necə qorxudasan? Onlara bu dünyadakı nemətlərdən əl çəkməyi (və o nemətləri molla, keşiş və padşahlara buraxmağı), axirətdəki cənnəti necə propaqanda edəsən?

Kəlbəcərdəki məhşur Vəng monastrında bir keşiş vardı. 2020-də rus əsgəri oranı nəzarətə götürəndə keşiş yekə-yekə qırıldadırdı, deyirdi ölərəm, burdan çıxmaram. Bugünlərdə erməni mediası həmin keşişi eşələyib tapmışdı: sən demə İrəvana yürüşdə Srbazana qoşulanlardan biri imiş. Erməni jurnalisti haqlı sual qoymuşdu ki, bəs niyə Qarabağda ölməmisən, vədini pozmusan? Hələ başqa gülməli detalları da açmışdılar. Keşişin sıpa kimi 4 oğlu varmış, bunların hamısı Qarabağda dava düşəndə aradan cırıbmış. Biri Rusiyada, ikincisi Amerikada, üçüncü-dördüncüsü hansı cəhənnəmdə, yadımda qalmadı... Biri də bizə qarşı döyüşməyib. (Bunu düz eləyiblər, əlbəttə. Ancaq bu ayrı temadır).

Bax, belə tiplərə görə rəhmətlik Con Lennon öz ünlü mahnısında oxuyurdu:

“Xəyal et ki, din də yoxdur,

Xəyal et bütün insanların

Sülh içində yaşadığını

Mənə bir xəyalpərəst deyə bilərsən

Amma mən tək deyiləm

Ümid edirəm bir gün sən də bizə qatılarsan".

Qaldı Zarbazan, onu küçədən tapıb filmə çəkiblər. Yaşlı it imiş, qısa vaxtda ölüb, gecə gizlincə “Mosfilm”in həyətində basdırıblar. Hörmət əlaməti olaraq. Hamıya belə hörmətli yaşamaq qismət olsun, amin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
musavat.com

1Mənbələr