AZ

Heydər Əliyev: dövlətçilik şüuru və milli ideya (fəlsəfi təhlil)

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! Cəmiy­yətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

Heydər Əliyev,
Ümummilli lider

IV məqalə

Vətəndaşın siyasi həssaslığı

İnsan siyasi strukturlara və onların funksiyalarına dərindən nüfuz etməyi ba­carmalıdır. Bunun əsasında milli siyasə­tin regional və qlobal miqyaslardakı təsir gücünü dərk etməlidir. Bu iki məqamın sintezində vətəndaş ölkənin siyasi nəb­zini elə tuta bilir ki, siyasi-ideoloji cəhət­dən konkret mövqeyi formalaşır. Qərbdə insanlarda bu keyfiyyəti tərbiyə etmək üçün xüsusi proqramlar hazırlamışlar. Bu bağlılıqda XX əsrin 90-cı illərində çox geniş məzmunlu “Siyasi savadlılıq nəzə­riyyələri” adlı kitab nəşr olundu. Burada siyasi savadlılığa aid olan və onun for­malaşmasına təsir edən çox sayda faktor toplanmış və xarakteristikaları verilmişdir. 

Həmin elmi vəsaitdə maraqlı bir cəhət yer almışdır. İnsanların “idraki səfərbərli­yi” və “sosiallaşma agentləri” müqayisəli təhlil edilmişdir. Yəni siyasi savadlılığa təsir etməyə məsul olan insanların və strukturların fəaliyyəti araşdırılmışdır. Onlardan hansının daha səmərəli olduğu müəyyən edilmişdir. Belə nəticə alınmış­dır ki, “idraki səfərbərlik” siyasi savadlılığa “sosiallaşma agentləri” faktorundan daha güclü təsir edir. Birincinin nəticələri konk­ret olur. 

Bu, ona görə maraqlıdır ki, müasir cə­miyyətlərdə siyasi kontekstdə vətəndaş­lara hansı mexanizmlə effektiv təsir et­məyin nümunəsi verilir. Politoloqlar üçün “idraki səfərbərlik” amilinin daha səmərəli olması isə ona görə gözlənilməz olmuş­dur ki, müasir cəmiyyətlərdə ictimai-siyasi mövqeyin formalaşmasında şəxsiyyətin rolu yenidən daha aktual görünmüşdür. Məsələnin bu aspekti həm liderlik, həm də siyasi güc kimi qrupvari (partiya) fəaliyyət baxımından maraqlıdır. Çünki burada hər bir ölkənin öz təcrübəsi ciddi rol oynama­lıdır. Deməli, konkret cəmiyyət üçün lider şəxsiyyət olaraq özəl səmərəli mexanizm müəyyən etməlidir və həm də partiyanı bu istiqamətdə aktivləşdirməlidir. Heydər Əliyevin liderlik təcrübəsi başqa aspekt­lərlə yanaşı, bir də bu baxımdan çox əhə­miyyətlidir. Onun üzərində geniş dayan­maq gərəkdir.

Ulu öndərin “idraki səfərbərlik” üsulu

Etiraf edək ki, bu, geniş yaradıcı ya­naşma tələb edən dərin mövzudur. Bu­rada onun yalnız bir sıra əlamətlərinə baş vurmağa çalışacağıq. Məsələ ondan ibarətdir ki, Heydər Əliyev üçün insanların idraki səfərbərliyi keçən əsrin 90-cı illərin­də ölkənin çox ağır siyasi, geosiyasi, iqti­sadi, mədəni və mənəvi-ideoloji vəziyyəti şəraitində başlamalı idi. Belə bir şəraitdə idraki səfərbərlik təcrübəsi olmayan bir cəmiyyət üçün hansı üsullar inandırıcı ola bilərdi? 

Burada Qərbin fərqli təcrübəsindən və siyasi ənənəsindən yararlanmaq risk­li idi. Çünki Azərbaycan həm sovetlərin “şineli”ndən yeni azad olmuşdu, həm də Qərbdəki demokratik ənənələrdən fərqli situasiya yaranmışdı. Burada mütləq yerli şəraitə uyğun mexanizm seçmək gərək­di. Heydər Əliyev postsovet məkanında ilk olaraq bunun üçün üç aspekti özündə ehtiva edən metod seçdi. 

Şəxsi nümunə

Birinci aspekt, lider kimi şəxsi nümunə göstərməklə bağlıdır. Bu, insan fəaliyyə­tinin hər bir sahəsini – mənəvi, əxlaqi, si­yasi, ideoloji, davranış, qətiyyət, milliliyə bağlılıq, dövlətçiliyi əsas götürmək və s. əhatə edirdi. Heydər Əliyev 1993–1995-ciillərin ən mürəkkəb mərhələlərində (məsələn, dövlət çevrilişinə qəsd cəhdləri və xarici qüvvələrin enerji siyasətinin qar­şısını kəsmyə çalışdığı zamanda) şəxsi nümunəsi ilə bütün cəmiyyəti səfərbər etdi. İndiki reallıqlar prizmasından baxan­da bu, həqiqətən liderlikdə yeni imza və şəxsiyyət kimi dahilik idi. 

Çox çətin, riskli, təhlükəli və sonu faciəvi ola biləcək situasiyada Heydər Əliyev cəsarətlə dedi ki, “Mən xalqımın, millətimin yolunda nə vaxt lazım olsa qur­ban getməyə hazıram”. 1993-cü ildə Milli Məclisdəki nitqi zamanı da vurğulamışdır: “Ömrümün bundan sonrakı hissəsini yal­nız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. 

Heydər Əliyev şəxsi fəaliyyəti və davranış nümunəsi ilə bu cümlələrdəki fikirləri tam sübut etdi. Göstərdi ki, Azər­baycanın müstəqilliyi, dövlətçiliyin inkişafı və xalqın rifahı üçün lazım gələn hər bir cəsarətli addımı atmağa qadirdir. O ad­dımları 1993-1995-ci illərdə çəkinmədən atdı da. Bununla şəxsində nümayiş etdirdi ki, azərbaycanlılar siyasi cəhətdən nəinki savadlı ola bilirlər, hətta şəxsi nümunələri ilə cəmiyyəti səfərbər etməyə qadirdirlər. Heydər Əliyevin bu müdrik və uzaqgörən liderlik fəaliyyəti həmin dövrdə milyonlarla azərbaycanlını idraki səfərbər etdi! Bütöv xalq liderini dəstəklədi! Buna görə də ar­tıq 1995 – 1996-cı illərdə Azərbaycanda daxili sabitlik bərqərar olmuşdu!

Bu üsulla Heydər Əliyev azərbaycan­lılarda dövlətə, dövlətçiliyə yüksək inam yaratdı. Faktiki olaraq Qərbin siyasi ins­titutlarının gördüyü işləri təkbaşına və daha səmərəli formada görə bildi. Bura­da Ulu öndərin idraki səfərbərliyinin digər tərəfi də xüsusi rol oynadı.

Siyasi institutlaşmanın hüquqi aspekti

Bu cəhət də olduqca əhəmiyyətli idi. İki baxımdan. Birincisi, cəmiyyətin daxi­lində dövlətçilikdə hüquqi element məlum səriştəsiz idarəetmə nəticəsində bədbinlik yaratmışdı. Açığı desək, vətəndaşlar döv­lətin hüquqi fəaliyyətinə əmin deyildilər. Bu daxili psixoloji apatiyanı aradan qal­dırmaq arxivacib vəzifə idi. İkincisi, bey­nəlxalq miqyasda ikili sitandarlarla fəa­liyyət göstərən dairələr ilk olaraq hüquqi aspektdə Azərbaycanı ittiham edirdilər. Bu qərəzli həmlələrin qarşısını konkret hüquqi nəticələrlə almaq mümkün idi.

Heydər Əliyev prezident seçiləndən sonra dərhal idarəetməni həyata keçirən dövlət strukturlarını yenidən qurmağa başladı. Bir-birinin ardınca islahatlar hə­yata keçdi. 1995-ci ildə yeni Konstitusi­yanın qəbul edilməsi bu prosesə xüsusi təkan verdi. O cümlədən, düşünülmüş iqtisadi islahatlar, məhkəmə sistemində­ki islahatlar təsirini göstərdi. Qısa tarixi bir zamanda “Əsrin müqaviləsi” kimi çox vacib sənədə imza atan dövlət müstəqil hüquqi sistemi ilə həm idarəetməni, həm də verdiyi vədləri yerinə yetirmək üçün lazımi hüquqi bazanın mövcudluğunu həyata keçirmək qüdrətində olduğunu göstərdi. Paralel olaraq Ulu öndər BMT kimi təşkilatların yüksək kürsüsündən Azərbaycan Respublikasının demokratik, hüquqi və barışcıl dövlət olduğunu bəyan etdi. Artıq yenə də 1995-ci ilə Azərbayca­nın bu istiqamətdə müsbət obrazı dünya­ya məlum idi. 

Bu prosesdə də Heydər Əliyevin lider­liyi ilə dövlət başçısı funksiyalarını sintez edə bilməsi özünü göstərdi. Bununla da Heydər Əliyev siyasi və hüquqi istiqamət­lərdə vətəndaşları idraki səfərbər etmək işində yüksək nəticə əldə etdi. Lakin məsələnin başqa bir mühüm tərəfi – ideo­loji və mənəvi səfərbərlik aspekti də real­lığa çevrilməli idi. 

Azərbaycançılıq 

Məsələnin bu tərəfi daha çətin idi. Çünki qısa bir müddətdə həm toplumu birləşdirən, həm də onu inkişafa aparan formul lazım idi. Heydər Əliyev bu for­mulu azərbacyançılıq konseptində məz­munlaşdırdı. Ulu öndər ön plana ölkənin taleyi ilə hər bir Azərbaycan vətəndaşının taleyinin bir olduğu tezisini yüksək siyasi tərzdə çıxardı. Bu zaman Heydər Əliyev iki məsələni vəhdətdə qarşıya vəzifə kimi qoydu: birinci, hər bir Azərbaycan vətən­daşı xalqın və Vətənin taleyini öz taleyi kimi qəbul etməlidir. İkinci, bunun üşün gənclərə nəyi və necə öyrətməyi müəy­yən etməliyik. 

Birinci fikir vətəndaş – toplum müna­sibətlərini harmoniyaya gətirməyi ifadə edir. Elə bir harmoniya ki, toplumun hər bir üzvü şəxsi həyatını xalqın həyatının bir parçası kimi görə bilsin. Belə olanda fərd xalqın taleyi uğrunda mübarizəyə ha­zır olur. Konkret olaraq, vətəndaş toplum üçün siyasi səfərbər edilir. 

İkinci fikir bu məqsədə çatmağın da­hiyanə tapıntısı idi. Təsəvvür edək ki, söhbət bütün dünya üçün çox həssas olan XX əsrin 90-cı illərindən gedir. Hə­min mərhələdə Heydər Əliyev siyasi sa­vadlılıq kontekstində cəmiyyətin idraki səfərbərliyinin aparıcı, dinamik, həmişə yenilikçi olan gənclər üzərindən təmin edilə biləcəyi fikrini irəli sürmüşdür! Bu addım azərbaycanlı gənclərin “rəngli ol­maq” tələsinə düşmələrini böyük ölçüdə əngəllədi. Və həmin dövrdə gənc olanlar, sonrakı nəslin valideynləri idilər. Bunun­la Heydər Əliyev siyasi savadlılığı gənc ailələrə sirayət etməyin çox səmərəli və sivil üsulunu ortaya qoydu. Bu baxımdan Ulu öndərin məşhur “fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı azərbaycançı­lıq daxilində xüsusi tezisə çevrildi. 

Heydər Əliyev bu kəlamla iki mühüm məsələni həll etdi. Onlardan biri azərbay­canlıların baş verən hadisələrin təsiri ilə psixoloji apatiyasını aradan qaldırmaqla bağlıdır. Bu apatiya müəyyən mənada psixoloji natamamlıq kompleksi yaratmış­dı. Lakin fəaliyyətində uğurlu olan Prezi­dent, dövlət başçısı, lider Heydər Əliyev isə inamla deyirdi ki, azərbaycanlı olma­ğımızla fəxr edək. Çünki azərbaycanlı olmaq yüksək və qədim mədəniyyətə sahib olmaq deməkdir, dövlətçilik ənənə­sinə malik toplum deməkdir, regionun ən güclü xalqı olmaq deməkdir! Azərbaycanlı olmaq sağlam ailəyə malik olmaq demək­dir! Ənənədən azərbaycanlılar ailələrini Vətən üçün qorumuşlar və vətənlərini də ailələri üçün sevmişlər! 

Bütün bunlar Heydər Əliyevə tam əsas verirdi ki, milli mənsubiyyəti, azər­baycanlılığı və Vətən sevgisini fəxarətlə bəyan etsin! Bu tezislə yanaşı, azərbay­canlılığın səfərbərlik mexanizmi kimi ak­tuallaşmasında ideoloji miqyasda təmin-edici faktoru müəyyən olunmalı idi. Həmin faktorun başlıca rolu fərd – ailə – cəmiy­yət miqyaslarında ortaq mənəvi, əxlaqi, siyasi və ideya mühiti yaratmağa xidmət­dən ibarət olmalı idi. 

Heydər Əliyev bu istiqamətdə də ta­rixi yeniliyə imza atdı. Ərazi bütövlüyünün təminini milli ideya kimi bəyan etdi! İlk dəfə bunu 1995-ci ildə nehrəmlilərlə görü­şündə ifadə etdi. Yerində, zamanında və aktuallıqla ifadə edilən seçim idi. Bütün Azərbaycan bu müqəddəs vəzifə üçün sürətlə səfərbər oldu. 

İnsanlar gördü ki, liderin ölkəni işğal­dan azad etmək kimi müqəddəs vəzifəsi vardır. Hər bir azərbaycanlı üçün fərd, ailə, nəsil, kök və toplum olaraq Vətə­nin bütövlüyü qədimdən müqəddəsdir. Bu müqəddəsliyi müasir mərhələdə qə­bul etmək avtomatik baş verən haldır! İndi politoloqlar Heydər Əliyevin “necə bütün xalqı vahid məqsədə səfərbər edə bildi” sualı üzərində baş sındırırlar. Cavab sadədir və həm də dərindir: Ulu öndər milli ideya faktorunu real təməl üzərində fərd – ailə – toplum miqyasın­da ümumi məqsədə çevirə bildi. Heydər Əliyev milli ideyanı gerçək şərtlər daxi­lində siyasi savadlılığın mərkəzi punktu statusuna qovuşdurdu. Bu tarixi seçim sonrakı zəfərlərin məhək daşı¸ bazası və təməlidir! 

(ardı var)

Füzuli QURBANOV, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
xalqqazeti.az

1Mənbələr