AZ

“Allahın qılıncı”, məğlubedilməz sərkərdə... - Peyğəmbər ona bu adı vermişdi

Təkcə İslam tarixinin yox, bütövlükdə dünya tarixinin ən böyük şəxsiyyətlərindən biri olan, ziddiyyətli həyatı, yanlış qərarları, daha sonra isə möhtəşəm zəfərləri ilə qısa müddətdə İslam coğrafiyasını genişləndirən Xalid ibn Vəlid kimdir?

O, iştirak etdiyi heç bir döyüşdə uduzmayan azsaylı sərkərdələrdən hesab olunur. Möhtəşəm strateq, seçdiyi döyüş taktikaları ilə dəfələrlə böyük ordulara qalib gələn komandir, Məhəmməd Peyğəmbərin "Allahın qılıncı" ləqəbi verdiyi qorxusuz əsgər...

Xalid ibn Vəlid 592-ci ildə Məkkə şəhərində doğulub. Atası Vəlid bin Muğira nüfuzlu Qüreyş qəbiləsinin Mahsum nəslinin nümayəndəsi, dövrünün sayılıb-seçilən zadəganlarından hesab olunurdu. Doğulduqdan sonra atası Xalidi Məkkənin adətlərinə uyğun olaraq təmiz və sağlam tərbiyə alması üçün səhrada bir bədəvi ailəsinə verib. Bu, onun həm fiziki, həm də zehni inkişafında mühüm rol oynayıb. Məkkəyə döndükdən sonra Xalid uşaq yaşlarından at minməyi, qılınc oynatmağı, ox və nizə atmağı öyrənib. Yeniyetməlik və gənclik dövründə atasının ticarət karvanları ilə Suriya, İraq, Misir, Yəmən və başqa ölkələrə səyahət edib. Bu səyahətlər onun şəxsiyyət kimi yetişməsində böyük rol oynayıb.

İlk böyük savaş

İslamın ilk illərində Xalid qatı peyğəmbər əleyhdarı olub. O, Məkkənin yüz illərlə davam edən həyat tərzinin, adət-ənənəsinin dəyişməsini istəmirdi. Müsəlmanlara qarşı başlayan silahlı mübarizədə o da fəal iştirak edib. 624-cü ildə müsəlmanlar və müşriklər arasında Bədr quyularının yanında olan ilk böyük döyüşdə İslam ordusu qələbə qazanır. Səyahətdə olduğu üçün döyüşdə iştirak etməyən Xalid bir il sonra, 625-ci ildə Uhudda baş verən ikinci döyüşdə müşriklərin süvari dəstəsinin komandiri olur. Müsəlmanların böyük üstünlük qazandığı bu döyüşün taleyini Xalid ibn Vəlid həll edir. Onun manevri nəticəsində İslam ordusu mühasirəyə düşərək böyük itki verir və geri çəkilmək məcburiyyətində qalır.


İslama sevgi

Bir müddət sonra müsəlmanlarla məkkəlilər arasında sülh bağlanır. Tərəflər 10 il müddətinə bir-birilərinə hücum etməmək barədə öhdəlik götürürlər. Bu müddətdə Xalidin də içində İslama qarşı sevgi başlayır.

Rəvayətə görə, sülh dövründə Məhəmməd Peyğəmbər ümrə ziyarəti üçün Məkkəyə gələndə Xalid onu görməmək üçün şəhəri tərk edir. Peyğəmbər Xalidi görməyincə qardaşı Vəlidə deyir:

“Onun kimi bir adamın İslamı tanımaması nə qəribədir. Kaş ki bütün bacarıqlarını müsəlmanların yanında olub müşriklərə qarşı göstərəydi. Bu onun özü üçün nə qədər xeyirli olardı”.

İllər əvvəl müsəlman olan Vəlid qardaşı Xalidə məktub yazaraq peyğəmbərin onun haqqında dediyi sözləri də qeyd edir. Məktubdan təsirlənən Xalid ibn Vəlid 629-cu ildə Mədinəyə gələrək müsəlman olur. İslamı qəbul edərkən peyğəmbərin hüzurunda qılıncını çıxarıb yerə qoymaq istəyərkən Məhəmməd Peyğəmbər ona “Sənin qılıncın İslamiyyətin qarşısındakı ən kəskin qılınc idi. Bundan sonra sən onu İslam yolunda istifadə edəcəksən” deyir.



Tarixi döyüş

Xalid ibn Vəlid 3 ay sonra müsəlman kimi ilk döyüşünə qatılır. İslama çağırış üçün Qəssani dövlətinə göndərilən elçilərin öldürülməsindən sonra müsəlmanlar 3 min nəfərlik ordu ilə onların üzərinə getməyə qərar verdi. Amma Bizans İmperiyasından hərbi dəstək alan Qəssanilər müsəlmanların qabağına təxminən 20-25 min nəfərlik ordu ilə çıxmışdılar.

Səfərə çıxmamışdan əvvəl peyğəmbər Zeyd ibn Harisi müsəlman ordusunun komandiri təyin edilmişdi. Əgər Zeyd şəhid olarsa, onu Cəfər ibn Əbu Talib, o da şəhid olursa, Abdullah ibn Rəvaha ordu komandanlığını özü üzərinə götürməliydi. Abdullah da şəhid olarsa, müsəlmanlar öz aralarından bir komandir təyin etməliydilər.

Mutə yaxınlığında keçən döyüş xristiyanların üstünlüyü ilə başladı. Güclü müqavimətə baxmayaraq say üstünlüyündən istifadə edən Bizans ordusu müsəlmanların müdafiə xətlərini yarmağa başlamışdılar. Bu azmış kimi peyğəmbər tərəfindən komandir təyin edilən hər 3 sərkərdə bir-birinin ardınca şəhid oldu. Bu vəziyyətdə müsəlmanlar Xalid ibn Vəlidi komandir təyin etdilər. Döyüş ərzində düşmənin bir neçə həmləsini dəf edən Xalid gün batanadək ordusu ilə inanılmaz dirəniş göstərdi. Hava qaraldıqda döyüşə fasilə verildi. Böyük itkilər verən İslam ordusunun məğlubiyyəti qaçılmaz idi. Gecə vaxtı Xalid bütün əsgərlərə böyük bir məşəl yandırmalarını və səs-küy qaldıraraq yerlərini dəyişdirmələrini əmr etdi. Sağ cinahdakıları sola, sol cinahdakıları sağa, ön tərəfdəkiləri arxaya və arxa tərəfdəkiləri isə önə çəkdi. Bunu eşidən Bizans ordusu müsəlmanlara əlavə yardım dəstələrinin gəldiyini düşündülər. Səhəri gün döyüş vaxtı isə ön tərəfdə yeni üzlər görərək İslam ordusuna dəstək gəldiyinə əmin oldular. Bu psixoloji üstünlüklə düşmənin mərkəzinə şiddətli həmlələr təşkil edən Xalid onların nizamını pozmağı bacardı. Döyüşdə qalib gəlməyəcəklərini başa düşən xristiyanlar geri çəkildilər. Özündən dəfələrlə böyük olan ordu ilə başabaş mübarizə aparan, məğlub olmadan ordusunu Mədinəyə geri qaytarmağı bacaran Xalid ibn Vəlidə Məhəmməd Peyğəmbər "Seyfullah", yəni "Allahın qılıncı" ləqəbini verir.

Xalid varsa zəfər var

630-cu ildə Məkkə fəth edildikdən sonra Xalid Məhəmməd peyğəmbərin, daha sonra xəlifə Əbu-Bəkr və xəlifə Ömərin dönəmlərində İslam ordusunun başında müxtəlif səfərlərdə iştirak edib. Dövrün ən böyük iki imperiyası olan Bizans və Sasanilərə qarşı böyük zəfərlər qazanan müsəlmanlar qısa müddətdə İslamın coğrafiyasını dəfələrlə genişləndirməyi bacardılar. Əlbəttə ki, bunun ən böyük səbəbkarlarından biri də Xalid ibn Vəlid hesab olunur. Onun ordusunda ciddi nizam-intizam hökm sürürdü. Xalid ibn Vəlidin döyüşçüləri uzun mühasirələr olmadan mövqeləri kəskin şəkildə dəyişdirmək qabiliyyəti ilə fərqlənirdilər. Ona görə də Xalid üçün döyüşdə say nisbəti elə də böyük əhəmiyyət kəsb etmirdi. Demək olar ki, həmişə özündən böyük ordularla döyüşmüş və onları məğlub etmişdi. Qatıldığı döyüşlərdə hər zaman ön sırada dayanar, döyüşdən əvvəl düşmən ordularının komandirlərini təkbətək döyüşə çağırardı və onları ordularının qarşısında öldürərdi. Bununla da döyüş başlamamış psixoloji üstünlüyü ələ keçirərdi. Qatıldığı bütün savaşlarda qələbə qazanması Xalid ibn Vəlidi xalq arasında əfsanəvi qəhrəmana çevirmişdi. Artıq müsəlmanlar onun iştirak etdiyi döyüşlərdə arxayınlıqla “Xalid varsa zəfər vardır” deyib qələbə qazanacaqlarını düşünürdülər.

Xəlifə Ömərdən gələn məktub

636-cı ildə Yərmuq çayı yaxınlığında Bizans imperiyasına qarşı gedən döyüş sırasında orduya Xəlifə Ömərdən məktub daxil olur. Məktubda Xalidin vəzifəsindən azad edildiyi və yerinə Əbu Übeydə ibn Cərrahın baş komandan təyin edildiyi qeyd olunur. Döyüş vaxtı məktubu görən Əbu Ubeydə bu xəbərin əsgərlərə mənəvi təsir göstərə biləcəyindən qorxaraq məktubu gizlətdir. Müharibə bitdikdən sonra o, məktubu Xalidə göstərir. Xalid incimədən əmrə tabe olur və Əbu Ubeydənin tabeliyinə girir.

Xəlifə Ömərin bu addımı barədə müxtəlif versiyalar mövcuddur. Bəzi mənbələr Xalidin çox kobud komandan olduğu, bəzən əsirlərə qarşı sərt davrandığı, döyüşlərdən ələ keçirdiyi qənimətlərin bir hissəsini məsləhətləşmədən ordusuna bağışladığı üçün baş komandanlıqdan uzaqlaşdırıldığını qeyd edirlər.

Amma bir çox mənbələr Xəlifə Ömərin xalq arasında “Xalid varsa zəfər vardır” ifadəsinin dolaşmasından, zəfərlərin Allah tərəfindən verildiyini unutmağa başlamasından qorxduğu üçün narahat olduğu üçün bu qərarı verdiyini yazır. Ömər “qələbə də, məğlubiyyət də Allah tərəfindən verilir. Qorxuram sabah Xalid olmayanda müsəlmanlar arasında fitnə yaranar” demişdi.

Məzarımı qılıncla qazın

Xalid ibn Vəlid 642-ci ildə Hüms şəhərində ağır xəstəliyə tutulur. Ölüm yatağında olarkən belə demişdi:

“Bütün həyatım döyüş meydanında keçib. Bədənimdə elə yer yoxdur ki, orada qılınc, nizə, ox yarası olmasın. İndi isə yatağımda əcəlimi gözləyirəm. Şəhidlikdən başqa əldə etmədiyim məqam yoxdur”.

Daha sonra qılıncından tutaraq ayağa qalxan Xalid “Ölümü sanki savaşdayam kimi ayaqda qarşılayacağam. Atımı döyüşdə təhlükələrə sinə gərə bilən bir igidə verin. Atım və qılıncımdan başqa bir şeyə sahib olmadan öləcəyəm. Məzarımı bu qılıncımla qazın. Qəhrəmanlar qılınc səsindən zövq alar” deyib və yatağına düşüb Kəlimeyi-şəhadət gətirərək vəfat edib.

Xalid ibn Vəlidin döyüş strategiyaları bu gün də hərb tarixçiləri tərəfindən öyrənilir. İslam alimlərinin əksəriyyəti bunu belə izah edirlər: “Məhəmməd Peyğəmbər şəxsən Xalid İbn Vəlidə “Allahın qılıncı” adını vermişdi. Bu qılınc heç vaxt döyüş meydanında yerə düşə bilməzdi.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
teleqraf.com

1Mənbələr