AZ

Heydər Əliyev Azərbaycanın çağdaş mədəniyyətini, təhsilini formalaşdıran şəxsiyyət kimi tarixdə qalıb - RƏY

Ulu öndər Heydər Əliyev deyib: “Yüksək mədəniyyətə malik olan xalq irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək!”  Ümummilli lider Azərbaycan mədəniyyətinin, incəsənətinin, milli-mənəvi dəyərlərinin dünyada tanınmasında, elm və təhsil sahəsinin inkişafında, mədəni irsinin qorunub saxlanmasında və geniş təbliğində göstərdiyi misilsiz xidmətləri ilə yad edilir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Heydər Əliyev kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır: 

 

Ceyhun

 

“Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünüb, onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb. Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycanın tarixinə elmin və təhsilin, mədəniyyətin tərəqqi dövrü kimi daxil oldu. Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaratdı. Ulu öndər yaxşı bilirdi ki, yüksək ixtisaslı mütəxəssislər yetişdirilməsi istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Sovet dövründə ulu öndər Azərbaycan təhsilinin tərəqqisinə maneə olan bir sıra amilləri aradan qaldırdı, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etdi. Məhz həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət aldı, təhsil infrastrukturu tamamilə yeniləndi, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açıldı. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verildi, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artdı. Ümummilli lider Heydər Əliyev öhdəsinə düşən bütün işləri yüksək səviyyədə reallaşdırdığı üçün məhz 1983-cü ildə SSRİ-də məktəb islahatı da Nazirlər Soveti sədrinin birinci müavini kimi ona tapşırılmışdı. Ulu öndərin bu işin öhdəsindən layiqincə gəldiyini yaxşı xatırlayırıq. 1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə, təhsilinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular. 1998-ci ilin martında "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında" sərəncamı imzalaması isə bu sahədə təkmil qanunverici bazanın formalaşdırılması, təhsil konsepsiyasının hüquqi əsaslarının yaradılması məqsədindən irəli gəlmişdi. Heydər Əliyevin "İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır" konseptual göstərişini əsas tutaraq ümumi orta təhsil sistemində də bu müddət ərzində ciddi irəliləyişlər əldə olunub. Ulu öndər təhsil haqqında deyib: “Təhsil millətin gələcəyidir; Mən millətimdən yüksək ad tanımıram”, “Müəllim sənəti şərəfli bir sənətdir”. Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri latın qrafikalı əlifbanın reallığa çevrilməsi idi. Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır" tarixi çağrışı təhsil sistemində özünün tam həllini tapıb. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi. Buna görə də xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini yaxşı bilirdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi... Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verildi və bununla da Akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqləndi. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq - Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da  daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaq!” 

 

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə deyib ki, Heydər Əliyev həm hakimiyyətinin birinci mərhələsində, həm də milli dövlətçiliyin, modern Azərbaycanın əsasını qoyduğu hakimiyyətə ikinci dəfə gəlişində ölkənin milli-mənəvi dəyərlər məcmusunu yaradıb: 

 

Aydın

 

“Heydər Əliyevin hakimiyyəti dövründə qəbul edilmiş Konstitusiyaların bəndlərinə, dövlət proqramlarına, mədəniyyət, ədəbiyyat sahəsinə, görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı verdiyi sərəncamlara, milli-mənəvi dəyərlərin əsas hissəsini təşkil edən sözü mədəniyyətinə, teatra, kino sənətinə, baletə, operaya, milli rəqsə, xalq mahnılarına, incəsənətin bütün sahələrinə baxanda milli Azərbaycan intibahının əksini görürük. Peşəkar bəstəkarlıq məktəbi  Üzeyir Hacıbəyovdan sonra Heydər Əliyevin dövründə Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarla yeni mərhələyə yüksəldi. Eyni zamanda Bakı rəssamlıq məktəbi, Bakı peşəkar musiqi və opera sənəti də məhz Ümummilli Liderin hakimiyyəti dövründə intibah dövrünü yaşadı. Bunlar mental və mədəni-mənəvi dəyərlərin toplusu kimi qəbul edilir. Heydər Əliyevin şəxsən özü və onun komandası həftədə bir dəfə müxtəlif teatrlara gedib tamaşa etməklə Respublika Sarayındakı mədəni hadisələri izləməklə, kinofilmlərə, tamaşalara baxışdan sonra səhnə arxasında yaradıcı kollektivlə görüşüb tövsiyə xarakterli çıxışlar etməsinə, mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafı ilə bağlı tarixi fikirlərinə diqqət yetirəndə görürük ki, Heydər Əliyev məhz dövlətçilik və mütəfəkkir baxışları ilə Azərbaycanın çağdaş mədəniyyətini istiqamətləndirən, formalaşdıran, onun inkişaf istiqamətlərini, sahələrini müəyyənləşdirən bir şəxsiyyət kimi tarixdə qalıb. O, Azərbaycan mədəniyyətini yalnız lokal mədəniyyət kimi qəbul etmirdi. Əvvəllər Azərbaycan mədəniyyətini keçmiş SSR-nin və Avropanın böyük bir hissəsi kimi, müstəqillik dövründə isə Türk Dünyasını, Asiyanı, Avropanı bildirən multikultural mədəniyyət vahidi kimi inkişaf etdirirdi. Nizaminin, Nəsiminin, Füzulinin, “Kitabi-Dədə Qorqud”un qələmə alınmasının, yubileylərinin dünya səviyyəsində qeyd edilməsinin, İraqda Füzuli və Nəsimi ilə bağlı tədbirlər, Türk Dünyasında, YUNESKO-da Azərbaycan yazıçıları, şairləri ilə bağlı keçirilən tədbirlərin əsası Heydər Əliyevin dövründə qoyulmuşdu. Ulu Öndərin birbaşa iştirakı və təklifi ilə “Dədə Qorqud”, “Babək” və digər filmlər çəkildi, dünyanın müxtəlif yerlərində incəsənətin ən yeni sahəsi kimi Azərbaycan mədəniyyətini inkişaf etdirdi. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyev yalnız dövlət başçısı deyildi, həm də mədəniyyəti idarə edən böyük bir dövlət xadimi, tarixi şəxsiyyət, ictimai, mədəni xadim idi. Yazıçılar Birliyinin qurultayında, bəstəkarların, digər mədəniyyət xadimlərinin yubileylərində, qurultaylarında çıxışı zamanı nitqinə fikir versək, görərik ki, o həm də analitik, kulturoloji düşüncəyə sahib idi, incəsənətin müxtəlif sahələrini gözəl bilir, dərk edir, sənətin bir milləti formalaşdırmaqda, onun intellektual, estetik inkişafına xidmət etməsində rolunu gözəl duyurdu. Bu baxımdan, analitik düşüncə sahibi olaraq Heydər Əliyev mədəniyyətimizi analiz edə bilir, keçmişini təhlil edir, gələcək yollarını müəyyənləşdirirdi. İndiyə qədər Heydər Əliyevin qoyduğu, onun davamçısı cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun, Birinci vitse-prezident Mehriban Əliyevanın inkişaf etdirdiyi mədəniyyət konsepsiyası üzərində çağdaş Azərbaycan mədəniyyətinin necə inkişafını görürük. Hətta bir müddət boşluqdan istifadə edib dünya incəsənətində baş verən hadisələrin təsiri altına düşən çılğın gəncliyimiz belə, onlardan biri də mən idim, məhz Heydər Əliyevin, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli-mənəvi dəyərlərinin və mədəniyyətinin inkişafı üçün bir platformada birləşdi. Bunun nəticəsi olaraq biz mədəni cəbhədə vuruşaraq Qarabağ həqiqətlərini həm xalqımıza, həm də yeni, gələcək nəsillərə, dünyaya çatdırmaqla 44 günlük müharibənin ideoloji tərəflərini formalaşdıra bildik. Müharibə zamanı məhz Heydər Əliyevin, İlham Əliyevin yetişdirdiyi yeni nəsil Azərbaycan şair və yazıçılarının, musiqiçilərinin əsərlərini səsləndirərək düşmənin üzərinə qalxdı. Sadə insanlar meyxanalardan belə istifadə etdilər. Bu ruh yüksəkliyi ilə qələbəmizi təmin etdik. Bu Zəfərdə Heydər Əliyevin xüsusən mədəniyyət istiqamətində xalqı yenidən formalaşdırması, azərbaycanlıları türk soyunun bir hissəsi kimi inkişaf etdirib, millət olaraq dünyaya çıxarmasının xeyrini indi daha yaxşı görürük. İndi “Azərbaycan” deyəndə yalnız 10 milyon yarım əhali deyil, həm də dünyanı əhatə edən 60 milyonluq dünya azərbaycanlıları nəzərdə tutulur. Daha geniş mənada, 300 milyonluq dünya türkləri nəzərdə tutulur. Azərbaycan yalnız azərbaycanlılar kimi deyil, həm də Türk Dünyasının milli-mənəvi, etnik, etnos və s. kimi dəyərləri özündə birləşdirən toplum olaraq tanınır. Biz Ümummilli Liderin qoyduğu möhtəşəm yolla inkişaf etməliyik. Bu yol Azərbaycanın bütövlüyünə, tarixi torpaqların ən azı mədəni-mənəvi, milli-mental sərhədlərini müəyyənləşdirməyə, toplum kimi dünyanın tanınmış millətləri sırasına çıxmamığımıza böyük xidmət edir və edəcək. Vacib məsələ budur ki, biz bu məsələləri konsepsiya olaraq daha da inkişaf etdirək. Yalnız sözdə, tədbirlərdə, çıxışlarımızda deyil, dövlət proqramı səviyyəsində həyata keçirək, Heydər Əliyevin azərbaycançılıq və milli-mənəvi dəyərlərin yüksək səviyyədə bəşəri dəyərlərə çevrilməsi arzusunu reallaşdıraq”. 

 

Yazı ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ərəfəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 11 May 2024, 08:20   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
pravda.az

1Mənbələr