AZ

Adil Şükürov: “Sürətimiz çatmadı”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:5 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Danışılası çox şey yoxdur. Uduzduq. Bu məğlubiyyətdən gələcək oyunlar üçün dərs çıxarmalıyıq. Sadəcə, sürətimiz çatmadı. İlk hissədə sürətli çıxışlarımız oldu, qol epizodları yaratdıq. İkinci hissədə sürətimiz düşdü və sürətsizliyə görə nəticə belə oldu.

Əvəzedici heyətdə oynayan fubolçuların üç aydır, maaş almaması hər birimizi narahat edir. Həll etməyə çalışırıq. Son dönəmlərdə AFFA-nın klublara ayırdığı maliyyənin yarısı yoxdur, yarısı ödənilməyib. Bunların hamısının təsiri var. Təkcə bu ay deyil, o biri aylarda da belə hallar yaşanıb. Yəni, futbolçuların maaşının gecikməsini səbəbi də odur. Çalışırıq ki, bu məsələni həll edək”.

Adil Şükürov Gəncə klubunda taleyi barədə də qısa fikir bildirib: “Müqaviləmin müddəti gələn mövsümün sonuna qədərdir. Yəni hələ bir ilim var”.

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviçin köməkçisi Saşa Petroviç isə komandasının qələbəsini belə şərh edib:

“Oyunu iki hissəyə bölmək olar. Birinci hissə bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı. Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar.

Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da “Neftçi”nin gələcəyi üçün faydalıdır.

Emin Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır. Bu, əsl çatışmazlıqdır. Amma komanda bu gün çox istəkli idi. Bizi qarşıda iki final gözləyir. Avrokuboklara vəsiqə qazanmaq üçün növbəti iki oyunda qələbə qazanmaq haqda fikirləşirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
arena.az

1Mənbələr