AZ

Azərbaycan Bolqarıstanın enerji təhlükəsizliyinin əsas təminatçısı olacaq

Image

Bu gün Avropa ölkələri arasında Azərbaycan hesabına enerji təhlükəsizliyini uğurla təmin edən ölkələrdən biri də Bolqarıstandır. Ümumiyyətlə, görünən odur ki, bundan sonra da Bolqarıstan sözügedən istiqamətdə əsas tərəfdaşı kimi məhz Azərbaycanı görür. Əməkdaşlığın bu müstəvidə dinamik inkişafından Azərbaycan da məmnundur. 

Qeyd edilən xüsusda prezident İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevlə mətbuata bəyanatla çıxış edərkən bildirib ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır: “Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir. Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir”. Onu da qeyd edək ki, son zamanlar Balkan regionu Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən birinə çevrilib və ölkəmiz bu region üçün xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın Balkan ölkələri ilə əlaqələri, o cümlədən bu regionun bir hissəsi olan Bolqarıstanla əməkdaşlığı fəal şəkildə inkişaf etdirilir.  Bolqarıstanın energetika nazirinin keçmiş müavini Yavor Kuyumciyev bununla bağlı bildirir: “Azərbaycan Avropaya təbii qaz nəqlinin təmin edilməsində çox böyük rol oynayır. Bolqarıstan əsas qaz tranzit məntəqəsi olduğundan Azərbaycan qazının Avropaya çatdırılmasını təmin etmək üçün infrastrukturumuzu sürətlə inkişaf etdiririk. “Balkan axını” ilə yanaşı, bizi əlavə olaraq Yunanıstan və Serbiya ilə birləşdirən yeni qaz kəmərlərini istifadəyə vermişik və Rumıniya ilə qaz əlaqəsi imkanlarını artırmağa çalışırıq. Bütün bunlar Azərbaycanın bizim üçün nə qədər önəmli olduğunu göstərir. Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir”. Burada onu da qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP Yunanıstan və Albaniya ərazisindən keçir. Qeyd edək ki, 2022-ci ildə Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan yarımadasına daxil olub. Eyni zamanda, Azərbaycanın təbii qaz ixrac bazarı regionda yerli interkonnektorlar hesabına daha da genişlənib. Hazırda Azərbaycan Bolqarıstanda əsasən bolqar istehlakçılarını qazla təmin edə bilən enerji ixrac edən ölkə kimi tanınır. Bolqarıstan 2022-ci il oktyabrın 1-dən Yunanıstanla interkonnektor vasitəsilə Azərbaycandan təbii qaz alır. 

Ötən il aprelin 25-də isə Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq haqqında saziş imzalanıb. O, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyada “Həmrəylik Halqası” adlanan təkmilləşdirilmiş qazötürücü sistemlər şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Layihənin ideyası hər bir operator üçün daha səmərəli və daha ucuz olacaq öz sisteminin gücünü artırmaqdır. Bu layihə təkcə Bolqarıstan üçün deyil, bütün Avropa İttifaqı də üçün faydalıdır. Təsadüfi deyil ki, bu təşəbbüsdə Rumıniya, Macarıstan və Slovakiya da iştirak edir. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya və Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycan bu il Avropaya mavi qaz ixracatını 12 milyard kubmetrə çatdıracaq. 2026-cı ildən sonra isə Azərbaycan köhnə qitəyə 20 milyard kubmetr mavi qaz göndərə biləcək. Ekspertlər xatırladır ki, Avropada onilliklər boyu qurulan enerji zənciri 2022-ci ildən qəfil qırılmağa başladı. Avropada enerji təhlükəsizliyində dayanıqlılığı artırmaq üçün Azərbaycan aparıcı oyunçulardan biri oldu. Azərbaycan dayanıqlı bir oyunçu kimi həmin o qırılmış zəncirləri yenidən bərpa edir. Onu da da qeyd edək ki, Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanaca­ğından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təmi­natında mühüm rol oyanayacaq. Bu fonda Avropanın Azərbaycanla enerji əməkdaşlığını genişləndirməsi tamamilə təbii xarakter daşıyır. 

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla