AZ

"Yalançı qazilərin çoxalmasında cəmiyyət özü də günahkardır" - Hərbi ekspert

"Qazi anlayışı Vətən, torpaq üçün, həyatını fəda edən insanlar üçün mənəviyyat məsələsidir. Ölkə vətəndaşlarının daha çox hörmətdə saxladığı kateqoriyadır. Bunlar bizim şəhidlərimiz, döyüş şəraitində müəyyən xəsarətlər almış qazilərimiz, əlil insanlarımızdır. Çox əfsuslar olsun ki, son zamanlarda bu insanların adından istifadə edən fırıldaqçılar çoxalıb. Bu məsələlər 1990-cı illərdə Vətən savaşının birinci fazasından sonrakı illərdə də var idi. Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının bu insanlara qarşı keçirdikləri əməliyyatlarda məlum olmuşdu ki, onlar Vətən savaşında iştirak etməyiblər, qazi deyillər. Lakin buna baxmayaraq, bu addan istifadə edərək cürbəcür varlanmaq və digər imtiyazlar məsələsində irəlidə olublar. Onlar demək olar ki, mənəvi cinayət, həm də digər cinayətlər törədiblər".

Herbiand.az bildirir ki, bu fikirləri Herbiand.az-a ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

Hərbi ekspert təəssüflə deyib ki, 44 günlük Vətən müharibəsindən sonra bu məsələlər daha da qabarıb:

"Daxili İşlər Nazirliyi tərəfindən özünü qazi və ya müharibə iştirakçısı adlandıran insanlar digərlərin mənəvi inamından və hörmətindən istifadə edərək bir sıra cinayətlər törədiblər. Bütün bunlar, sözsüz ki, cəmiyyətdə inciklik yaradır. Gəlin açıq danışaq ki, bu ali ada artıq inam sönməyə başlayıb. Ümumiyyətlə, bu məsələlərdə tək həmin cinayətləri törədən insanlar yox, cəmiyyət özü də günahkardır. Bütün bu məsələlərdə həssas durumu kənara qoyaraq tələbkar olmaq vacibdir. Özünü Vətən müharibəsi iştirakçısı adlandıran insanın kim olduğunu, hansı məqsədlərlə işlər gördüyünü daha dəqiq incələməlidirlər. Ölkədə çoxlu sayda Vətən müharibəsi iştirakçıları adı altında ictimai təşkilatlar var. Lakin, son aylarda biz onların demək olar ki, çox böyük əksəriyyətinin fəaliyyətini görmürük. Əgər bunlar ictimai təşkilat kimi dövlət tərəfindən qeydiyyata alınıblarsa ilk işləri və borclarıdır ki, bu cür insanlarla maarifləndirici iş aparsınlar. Qazilik anlamının mənfi və müsbət məsələlərində ictimaiyyəti xəbərdar etsinlər. Burda qazi adından istifadə edib hansısa insanların inamını qazanıb cinayətlər törətmək məsələnin birinci yarısıdır. İkinci yarısı isə budur ki, qazilərin özləri də bu məsələlərdə həddindən artıq insanları məyus etməkdədirlər. Müharibədən sonrakı dönəmdə özünü qazi adlandıran, yaxud həqiqi qazi olan insanların öz qazilik anlayışına hansı hörmətlə yanaşmasına baxın. Bu, ilk əvvəl onların şəhərdə, cəmiyyət arasında hərbi geyimlə bağlı məsələləridir. Bu hazırki dönəmdə çox bərbad haldadır. Demək olar ki, gənc qazilərimizin böyük əksəriyyəti ictimai yerlərdə hərbi geyim formalarına düzgün riayət etmirlər, müxtəlif formalardan istifadə edirlər. Baxırsan ki, xüsusi təyinatlıların formasıdır, amma başında daxili qoşunların bereti var. Yaxud, hərbi formadı, amma ayaqda mülki krasovka və ya formanın altında mülki köynək var. Üz-baş saqqallı, tamamilə hərbi anlayışa aid olmayan görünüşdə cəmiyyət arasında gəzirlər. Bəli, bizim hökumət orqanlarında bir sıra məmurlar var ki, qazilərin özlərini incitməklə məşğuldurlar. Onların tələblərinə qulaq asılmır, problemləri vaxtında həll olunmur. Baxmayaraq ki, Ali Baş Komandan Vətən savaşının birinci fazasından sonra demişdi ki, müharibədə iştirak etmiş hər bir insan diqqətə layiqdir və tələb etdi ki, onların problemlərinə çox həssaslıqla yanaşılsın".

Abuzər Əbilovun sözlərinə görə, hazırda belə tendensiya yaranıb:

"Birinci Vətən savaşının qaziləri bir çox idarələrə yaxınlaşanda acınacaqlı sualla qarşılaşırlar. Birinci döyüşün içtirakçısız, yoxsa ikinci döyüşlərin? Bu nə deməkdir? Yəni, dövlət başçısı belə təyinat verib ki, birinci döyüşün iştirakçıları bir kateqoriyadır, ikinci döyüşün iştirakçıları ikinci kateqoryadır? Bildiyimə görə, ümumiyyətlə belə bir anlayış yoxdur. Vətən savaşının qazisi, iştirakçısı birdir. Hər birinin haqları, qanuni tələbləri dövlət tərəfindən qarşılanmalıdır və qarşılanır. Lakin bir çox məmurlar bu kimi problemlərdən qaçmaqla, problemləri həll etmək əvəzinə uzatmaqla, qapı arxasında saxlamaqla məşğuldurlar. Amma qanunsuz tələblər edən insanları da qəbul etmək lazımdır. Çünki müharibə elə bir anlayışdır ki, hər bir insanın psixoloji durumu pozulur. Müharibədə olan insan artıq xəstə insandır. Əlil olmasa da psixi durumu xəstə olur. Çünki müharibə çox ağır bir anlamdır. Öz döyüş dostlarını şəhid görmək, bir yerdə çörək yediyin insanları bir neçə dəqiqədən sonra ölmüş halda əlində daşımağın özü psixloji anlayışdır".

Ehtiyatda olan zabit düşünür ki, veteran ictimai təşkilatları artıq bu vəzifələrin öhdəsindən gəlmirlər:

"Qazilərlə, dövlət qurumları ilə iş aparmırlar. Heç bir maarifləndirici iş yoxdur. Ona görə də bu məsələlərə dövlət özü qarışmalıdır. Hansısa bir dövlət orqanı yaradılmalı, məsələlər dərindən öyrənilməlidir. Belə işlər təkcə ictimai təşkilatların üzərinə atılmamalıdır. Bu kimi halların qarşısı çox qəti alınmalıdır. Bu işlərlə məşğul olan insanlar çox ciddi cəzalandırılmalıdır. Çünki xalqın mənəviyyatı ilə oynamaq birincisi günahdır, ikinci də çox ağır cinayətdir".

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla