AZ

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Tbilisi, 10 may, AZƏRTAC

Azərbaycanın Batumidəki Baş konsulluğunun təşkilatçılığı və dəstəyi ilə SOCAR-ın Batumi nümayəndəliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən baş konsul Pərviz İsmayılzadə bu gün təkcə respublikamızda deyil, dünyanın əksər ölkələrində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün qeyd edildiyini bildirib.

“Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Ona görə ki, dahi şəxsiyyət olan Heydər Əliyev xalq qarşısındakı xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. 2003-cü ildən sonra Ümummilli Liderin ideyaları Prezident İlham Əliyevin gərgin əməyi, çoxşaxəli fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Dövlətimizin başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız inanır ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimiz etibarlı əllərdədir. Müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, arzu və vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən çox müddətdə düşmən işğalı altında qalan torpaqlarımız əbədi azadlığına qovuşub”, - deyə Pərviz İsmayılzadə vurğulayıb.

Acarıstan Muxtar Respublikasının təhsil, mədəniyyət və idman nazirinin müavini Akaki Dznelazde Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, Heydər Əliyev iki ölkə arasında münasibətlərin qurulmasında çox mühüm rol oynayıb. Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulub.

Şota Rustaveli adına Batumi Dövlət Universitetinin prorektoru Revaz Diasamidze ölkələrimiz arasındakı əlaqələrin qədim tarixindən danışıb, 1896-cı ildə Bakıdan Batumiyə çəkilən ilk neft kəmərinin inşasının əhəmiyyətini xüsusilə qeyd edib.

Tədbirdə təqdimatla çıxış edən ADA Universitetinin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova Universitetə tələbə qəbulu ilə bağlı ətraflı məlumat verib.

Rəsmi çıxışlardan sonra Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şeverdnadzenin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla