AZ

Ekspert: “Xarici təcrübələrdən yararlanaraq nəqliyyatdakı sıxlığı azaltmaq mümkündür”

"Bakıda sıxlığın artmasının əsas səbəbi şəxsi avtomobillərin artmasıdır. Son illərdə ölkədə, eləcə də paytaxtda avtomobillərin sayı kəskin artıb”.

Bunu “Operativ Media”ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Ekspertin sözlərinə görə, 2019-cu ildə ölkədə 1 milyon 418 mindən çox nəqliyyat vasitəsi qeydə alınıbsa, 2022-ci ildə bu rəqəm 1 milyon 645 mindən artıq olub:

“Bu rəqəmlərin də, demək olar, yarısı minik avtomobillərinin payına düşür ki, onların da böyük əksəriyyəti paytaxtda cəmləşib. Problemin aradan qaldırılması üçün ilk növbədə ictimai nəqliyyata əlçatanlıq təmin olunmalıdır. İctimai nəqliyyatla yanaşı, digər vasitələrə üstünlük verilməli və onların rahat hərəkəti üçün şərait yaradılmaldır. Təkcə avtomobillə gedilən zaman sıxlıqların, çətinliklərin qarşısını almaq çıxılmaz olur. Artıq velosiped zolaqları, həmçinin ictimai nəqliyyatda avtobus zolaqlarının təşkilinə start verilib və bu öz effektini göstərir. Amma tam işlək vəziyyətdə olması üçün bu zolaqların kəsilməməsi lazımdır. Yəni bəlli yerə qədər gedir, bəlli yerdə yenə digər nəqliyyat vasitələri avtobus zolağına çıxırsa, bu zaman onun effekti olmur. Həmçinin də velosiped zolaqları və səkilər bu formadadır, yəni getdin bəlli yerdə də artıq bunlar kəsişir və effekti itir”.

Yasin Mustafayev bildirir ki, minik avtomobillərinə marağı azaltmaq və digər nəqliyyat vasitələrindən istifadəyə üstünlüyü artırmaq üçün təbliğat və təşviqata da ciddi ehtiyac var:

“Vətəndaşlar bir yerdən başqa yerə gedərkən mütləq öz avtomobili ilə və yaxud da taksi ilə getməyi düşünməməli, digər nəqliyyat vasitələrinə üstünlük verməlidirlər. Həmçinin, yaxın məsafədirsə, gəzərək getməlidirlər. Eyni zamanda velosipedi təşviq etmək lazımdır. Bakı şəhəri həm iqlim cəhətdən, həm də relyef cəhətdən bu nəqliyyat vasitələrinin istifadəsinə tam imkan verir. Bu nəqliyyat vasitələrindən istifadə edilərsə, piyada gəzməyə daha üstünlük verilərsə, dəqiqələrlə, saatlarla tıxacda qalaraq öz vaxtlarını itirməzlər. Nəqliyyat mexanizminin daha yaxşı qurulmasında xarici təcrübələrdən də yararlanmaq mümkündür. Buna həftənin günlərinə və ya nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarındakı rəqəmlərin tək-cüt formasına uyğun hərəkətin təşkilini misal göstərmək olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
operativmedia.az

1Mənbələr