AZ

Azərbaycanın bu klubunu zərərli vərdişə qurban vermək olmaz!

"Turan Tovuz" ətrafında müzakirələr bitmir.

Bu əsnada bir məqam xüsusilə diqqətimi çəkir - Komanda baxımlı futbol oynamır.

Ay bərəkallah!

Deməli, 9 ildi böyük futboldan uzaq düşən bölgə təmsilçisində bütün yaralar sağalıb, qalıb baxımlı oyun.

Bu gün büdcəsi daha geniş "Sabah", "Neftçi", "Zirə" kimi klubların heç baxımlı futbolu yoxdur. O ki qalmışdı "Turan".

Ölkədə baxımlı futbol bir tək "Qarabağ"dadır. Digərləri bənzətməyə çalışır, əgər imkan versələr.

Azarkeşin tələbkar olması, tənqid etməsi müsbət haldır. Elə inkişafa aparan yol da bunlardan keçir. Yetər ki, həmin tələb və iradlar reallıqdan uzaq olmasın. "Turan"da belədirmi? Qəti!

Tovuzdan olan bir çox futbol adamları ilə yaxşı münasibətlərimiz var.

İnciməsinlər, amma arada özlərini elə aparır, elə fikirlər səsləndirirlər ki, tanımasan elə bilərsən "Qarabağ" haqqında danışırlar.

Axı söhbət 9 ildi Yüksək liqadan uzaq düşən, sonuncu dəfə 30 il əvvəl avrokuboklarda oynayan komandandan gedir.

Tovuz təmsillçisi sonuncu dəfə Naci Şensoyun "Leyli Məcnun" nağılları ilə xoş xəyallar qurub.

Amma yaşaya bilməyib.

Milyonlar havaya sovrulsa da ortada bir qəpiklik uğur olmayıb.

Yəni bir irad səsləndirəndə onun əsası olmalıdır.

Bu gün "Neftçi" azarkeşləri Böyükağa Hacıyevin, Samir Abasovun dönəmindəki komandanın xiffətini çəkir.

Axı yaxın keçmişdə hər iki çalışdırıcının rəhbərliyi altında bakılılar yaxşı oyun, uğurlu nəticələr əldə edib. Əbəs deyil ki, hər gələn yeni məşqçiyə, yeni rəhbərliyə Sadıq Sadıqov dönəmi xüsusi xatırladılır.

Amma "Turan"la bağlı ən böyük xatirə gedib çıxır 30 il əvvəl "Fənərbaxça" ilə oyunlara.

Arxada qalan 30 ildə region komandası medalçılar sırasında yer almayıb, avrokuboklarda iştirak etməyib. Heç Ölkə Kubokunda da hansısa nailiyyəti yoxdur.

Uzun müddət aşağı liqada çıxış edən komanda elitada olduğu dönəmlərdə də daha çox liqada qalmaq uğurunda mübarizə aparıb. Ən yaxşı halda ortabab statusu daşıyıb.

Ortada faktlar var. Bütün bunları görməzdən gəlib, populizmə qaçmaq çox zərərli vərdişdir. İndiki rəhbərliyin sağlam planlı "Turan"ın belə vərdişlərə qurban vermək olmaz!

XANOĞLAN İMANOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq