AZ

ADA Universitetində dəyirmi masa: “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik”

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da ADA Universitetində “Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib. ICESCO-nun Baş direktoru çıxışında süni intellektin inkişafının demoqrafik dəyişiklikləri və cəmiyyətin transformasiyanı daha da sürətləndirdiyini bildirib. O deyib: “Təkcə XXI əsrdə əldə olunmuş tərəqqi 40 min ildə nail olunmuş tərəqqiyə bərabər olacaq. 2022-ci il noyabrın 15-də dünya əhalisinin sayının rəsmi olaraq 8 milyardı keçməsi mühüm mərhələdir”.

ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov çıxışında qeyd edib ki, cəmiyyət texnologiyaların, ekoloji problemlərin və ya siyasi məsələlərin yaratdığı qlobal dəyişikliklərlə qarşılaşmağı öyrənməlidir. Bu baxımdan proqnozlaşdırıla bilən gələcək dövlət və özəl sektor üçün böyük əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən UNESCO-nun Gələcək tədqiqatları kafedrası, Tədqiqat və Texnologiya Fondunun - Hellas (FORTH) rəhbəri Epameinandaz Kristafilapulas bildirib ki, bu gün dünya bir çox problemlərlə qarşılaşır: “Biz xarici siyasətin fərqli ssenarilərdə vəziyyətdən çıxmağı üzrə işlər görürük, hətta test tipli proqramlar icad edirik”. O, süni intellektdən bəhs edib və artiq süni intellektin gündəlik həyatın ayrılmaz bir hissəsi olduğunu qeyd edib.

“Yaşıl Aysberq”in prezidenti, “Futures Diamond”un, CFI-nin direktoru Rafael Popper çıxışında bildirib ki, gələcək ilə əlaqəli proqnozlaşdırma zamanı bir çox dərin nüansları nəzərə almalıyıq: “Biz gələcək proqnozlar üçün 10 milyard avroluq büdcə ayırmışıq. Buna ChatGPT və hətta süni intellektdən istifadə daxildir.

İnnovasiyaların meta-analizini aparmaq əslində bir növ kömək olur. Bəli, süni intellekt artıq buradadır. Lakin düşünürəm ki, gələcəyimizi insan beyninin gücü ilə yaratmalıyıq. Çünki biz öz gələcəyimizi özümüz yaratmasaq bizim üçün başqaları bunu edəcək”.

Strateji Uzaqgörənlik Proqramının, Gələcək Təhsil və Tədqiqatlar Proqramının (FARAS) rəhbəri Mohamed Mosaad Saad Şaaban Mohamed çıxışında dünyada süni intellekt sahəsində nəhəng trendlərdən bəhs edib. Bu problemlər sırasında dünyanın bəzi yerlərində yaşlı nəslin sayının artmasını, digər hissələrində isə həddindən artıq artım olmasını, iqlim dəyişikliyini, innovasiyaların yalnız biznesin inkişafı üçün yaranmasını, texnologiyanın həyata müdaxiləsinı, qlobal sağlamlıq və s. məsələləri qeyd edib.

“PAŞA Holding” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov çıxışında texnologiyanın inkişafının cəmiyyət həyatının bir çox sahələrini inkişaf etdirdiyini söyləyib. Onun sözlərinə görə, bu gün bütün potensial risklər nəzərə alınarsa, gələcəyimiz daha uğurlu ola bilər.

Dəyirmi masada COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov respublikamızda bu tədbirə hazırlıqdan söz açıb. O bildirib ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim təhlükəsizliyi məsələlərində böyük debatlar var. Ən böyük fikir ayrılığı olan məsələlərdən biri isə enerji sahəsindədir.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında enerji keçidinin nə vaxt yaşanacağı barəsində fikir ayrılıqlarından danışıb.

Digər çıxışlarda müasir dövrdə yeni dəyişikliklərə açıq olmağın zəruriliyi qeyd edilib.

Tədbirdə, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaq görən siyasətindən bəhs olunub. Onun indiki Azərbaycanın inkişafının təməllərini hələ o zamandan qoyduğu bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla