AZ

"Əks təqdirdə, alimentdən və uşaqlarından imtina edən valideynlərdən ibarət cəmiyyətə malik olacağıq - Ekspert

Dövlət Statistika Komitəsi Azərbaycanda bir il ərzində aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslərin axtarışa verilməsinə dair rəsmi statistikanı açıqlayıb. Rəsmi məlumata görə, 2023-cü ildə 11 217 nəfər aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Nəticədə aliment ödəməkdən yayınan 6661 nəfərin yeri müəyyən edilib. Aliment ödəmək istəməyən 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb. Ötən il aliment öhdəlikləri üzrə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz təşkil edib ki, bu da artım deməkdir.

Mövzu ilə bağlı Herbiand.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, Azərbaycanda son illər milli ailə adət-ənənələri və institutu böhranla üz-üzə qalıb:

"Bu, dünyada ötən əsrin ortalarından etibarən baş verən hadisədir. Yəni, klassik ailə modeli dağılıb və yerinə müxtəlif formalı modern və liberal ailə dəyərlərini özündə əks etdirən ailə modellərini bizim həyatımıza gətirdi. Düzdür, keçmiş SSRİ dövründə qabaqcıl Avropa ölkələrində yeni ultraailə dəyərləri və modellərinin Azərbaycana gəlməsinin qarşısı qismən alınırdı, bu və digər dərəcədə dövlətin basqısı var idi. Dövlət nikahı dəstəkləyir, amma boşanmanı qəti inkar edirdi və bununla bağlı çox kəskin addımlar atılırdı. Hətta boşanan şəxslərin bir çoxları işdən və partiya sıralarından çıxarılırdı. Hətta, bildiyim qədər SSRİ vaxtı boşanan adamlara subaylıq vergisi vurulurdu. Bütün bunlar da insanları çəkindirirdi. Üstəlik, boşanma ilə bağlı SSRİ-də elə ağır vəziyyət var idi ki, insanlar boşanmırdılar. Amma son illər dünyada baş verən bütün proseslər Azərbaycanda öz təsirini göstərməyə başlayıb. O cümlədən, ailə modelinin dağılması, adət-ənənələrimizdəki aşınmalar, rəsmi və qeyri-rəsmi nikahların boşanma və məhkəmə işləri ilə sonlanması, insanların mənəm-mənəmliyi, xüsusən də gənclərin müəyyən Avropa və dünyanın liberal ailə modelləri təsiri altına düşərək qayınana-qayınata, ağsaqqal-ağbirçək, qohumların heç birinə əhəmiyyət verməməsi, əlbəttə boşanmaların durmadan artmasına gətirib çıxardıb. Azərbaycan cəmiyyəti bunun qarşısını ala bilərmi? Mümkün deyil. Əlbəttə radikal addımlar atmaq olar. SSRİ dövründə olduğu kimi boşananlara dərhal subaylıq vergisi vurmaq lazımdır. Ümumiyyətlə, nikaha girməmişdən öncə çox ağır şərtlərlə nikah müqaviləsinin bağlanması, nikahın pozulduğu zaman tərəflərin vəzifələri, ictimai və ailə qarşısındakı borcu, Azərbaycan ailə dəyərlərinə vurduğu ziyan və zərbələrlə bağlı inzibati cinayət məsuliyyəti müəyyənləşdirmək olar. Qəribə səslənsə də bu, işlək mexanizmə çevrilsə insanlar ya evlənməzlər ya da evlənəndən br neçə ay sonra ailələri və cəmiyyət üçün böyük problemlər yaratmazlar".

Yazıçı-kulturoloq qeyd edib ki, boşanan ailələr münaqişəli insanlar deməkdir, psixikası pozulmuş, sağlamlığına və mənəviyyatına böyük zərbələr vurulmuş uşaqlar deməkdir. Gələcəyin vətəndaşı deməkdir:

"Boşanan ailələr meditasiya institutundan tutmuş məhkəmə, prokurorluq, məhkəmə qərarlarına nəzarət edən qurumların, ailə psixoloqlarını çox böyük işə salan hadisədir. Bunların mənəvi-psixoloji, iqtisadi tərəfini heç kim sadəcə nəzərə almır. Ailə institutları, ailə böhran mərkəzləri yoxdur. Belə bir məqamda boşananların bir çoxlarının işsiz olduğu, narkotik madələrdən istifadə etdiyi, böyük əksəriyyətinin isə boşanandan sonra qadın və ya kişilər tərəfindən izlənildiyi, şiddətə məruz qaldığı və çox hallarda cinayət hadisələrinin törədildiyi, bir-birini döydüyü, məhkəməyə verdiyi hadisələrlə bağlı demək olar ki, hər gün materiallar oxuyuruq. Əgər insanlar işləmirsə, iqtisadi vəziyyətləri ağırdısa, bu xüsusən kişilərə aiddir, çünki əsasən kişilər boşanmadan sonra alimentlər verirlər, uşaqlarından imtina edərək arvadın üstünə atırlar və ya qadınlar öz uşaqlarından kişilərə qarşı bir silah kimi istifadə edir. Onlar boşanmaya həm də maddi vəsait kimi baxırlar. Bu zaman əlbəttə ki, kişi mənəvi boşluğa düşür, böhran içində olur, işdən çıxır. Əgər kişi işləmirsə aliment verə bilməyəcək. Aliment verə bilməsə əgər imkan varsa ata-anası ona kömək edir və ya məhkəmə ata-anasına yönəldə bilər. Belə kömək yoxdursa biz həmin insanların hamısını həbsxanayamı atmalıyıq? Biz cinayətkarlarla məşğul olmalıyıq, yoxsa balalarını saxlamaq üçün aliment verməyənlərlə məşğul olmalıyıq? Aliment fondu ilə bağlı fikirlər səslənirdi. Mənim fikrimcə, alimentin boşanan ata-ana tərəfindən alınıb xüsusi uşaq sığınacaq mərkəzlərində uşaqların sağlam, fiziki və mənəvi cəhətdən ruhən böyüməsinə yönəltmək lazımdır. Qoy boşanan şəxslər dövlət aliment fonduna və ya uşaqların qaldığı mərkəzlərə öz gəlirlərindən pul versinlər. Yaxud, dövlət qurumlarının və ya QHT-lərin nəznində ola təşkilatlar həmin uşaqların tərbiyəsi ilə məşğul ola bilsin. Əks təqdirdə, münaqişə getdikcə daha da artacaq və həm alimentdən, həm uşaqlarından imtina edən valideynlərdən ibarət bir cəmiyyətə malik olacağıq".

Aydın Xan Əbilov söyləyib ki, biz Avropa ölkələrini bəyənmirik. Amma orada ictimai nikah zamanı münasibətlərə son qoyulursa bu zaman valideynlər öz övladları qarşısında məsuliyyəti dərk edir və alimenti könüllü surətdə keçmiş həyat yoldaşlarına və ya uşaqlara baxan himayədara təqdim edirlər:

"Əks təqdirdə, ictimai qınaq və cəmiyyətin belə insanları inkar etməsi bütün karyerasını məhv edə bilər. Amma gəlin bizə baxaq. Bizdə boşanandan sonra aliment verməyən kişilər kişilikdən, qeyrət və namusdan dəm vurur və bütün günahları arvadının üstünə yıxır. Yaxud əksinə. Arvadlar da kişilərin narkoman, cinsi azlıq nümayəndəsi olduğunu bildirir və tənbəllikdə günahlandırırlar. Beləcə bir-birilərini biabır edirlər. Halbuki, boşanmaq da böyük bir mədəniyyətidir. Nikahdan çıxma mədəniyyəti Azərbaycanda da təbliğ olunmalıdır. İnsanlar boşanırlarsa qanunvericilkdə göstərildiyi kimi öz övladlarını müştərək böyütməlidirlər, aliment də verməlidirlər. Lazım gələndə hətta bir evdə yaşamalıdırlar. Bu qədər mürəkkəb proseslərin qarşısını ailə krizis mərkəzlərinin yaradılması nəticəsində almaq olar. Mən təklif edirəm ki, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və QHT-lərin iştirakı ilə dövlət komissiyası yaradılsın. Bu komissiya ailə böhranı ilə əlaqədar yaradılmış mərkəzlərin işini idarə etməli, tövsiyyələrini verməlidir. Həm də belə hadisələr olan zaman insanlara, cəmiyyətə və dövlətə dayaq olmalıdır. Bundan başqa bu məsələlərdə inzibati və cinayət məsuliyyətini bir qədər kəskinləşdirsək tezliklə problem öz həllini tapar".

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
Mənbələr
Şərh ()
Bağla

Reytinq