AZ

“Qəbələ”nin futbolçuları döyüldü, AFFA “Kəpəz”i cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, bu qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, ən sərt cəzalar “Kəpəz” klubunun U-16 komandasına kəsilib.

Belə ki, mayın 8-də keçirilən U-16 Liqasının “Kəpəz” PFK – “Qəbələ” İK oyununda “Kəpəz”in futbolçusu Yəhya Muradov qarşılaşmanın 78-ci dəqiqəsində rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Kəpəz”in digər futbolçusu Tunar Əfəndiyev qarşılaşmanın 90-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.

Oyun bitdikdən sonra “Kəpəz”in futbolçusu Cavanşir Əliyev rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanıb. Bu cəza bütün liqalara şamil edilib. “Kəpəz”in daha bir futbolçusu – Rahib Qurbanov da rəqib komandanın futbolçularını vurduğuna görə 6 oyun cəzalanıb. Bu cəza da bütün liqalara şamil edilib. Oyun bitdikdən sonra “Kəpəz”in 2 azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurduğuna görə, uşaq və gənclər liqalarında pul cəzası olmasa da, müstəsna hal olaraq Gəncə klubu 500 manat cərimə edilib. “Kəpəz”in U-16 komandasının növbəti 10 ev oyunu azarkeşsiz keçiriləcək.

U-16 Liqasının “Turan Tovuz” FK – “Masallı” PFK qarşılaşması “Masallı” komandası təyin olunan vaxtda meydanda olmadığı üçün baş tutmayıb. Buna görə sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
arena.az

1Mənbələr