AZ

Çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş dahi lider...

Image


Müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Onu ən xoş xatirələrlə, böyük qürur və sonsuz minnət hissi ilə anırıq. Çünki, ulu öndərimizin Azərbaycan xalqı qarşısında böyük və əvəzedilməz xidmətləri olub. Ümummilli liderimizin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudulmur. Bu, danılmaz bir faktdır ki, Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başladı. Dövlətimizə, xalqımıza, bayrağımıza, milli-mənəvi dəyərlərimizə sədaqətini hər zaman ifadə edən H.Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tuturdu və O, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmirdi. Torpaqları təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan, iqtisadiyyatı dağılmış, ordusu olmayan bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında böyük məsuliyyət tələb edirdi. Bütün bu çətinliklərə baxmayaraq bu ağır məsuliyyətin öhdəsindən dahi şəxsiyyət, unudulmaz lider Heydər Əliyev gəldi. O, Azərbaycan xalqına hər zaman arxalandığını ifadə edirdi. Xalqımız da Ona dəstək verərək və Onun ətrafında həmrəylik nümayiş etdirərək müstəqil dövlətin qurulmasına nail oldular. Heydər Əliyevin dövlətimizə rəhbər gəlişindən sonra Azərbaycanda xalq-iqtidar birliyi yarandı.
 Ulu Öndərin müstəqillik dövründə  həyata keçirdiyi çox mühüm islahatlar sırasında ordu quruculuğunda görülən işlər də bugünkü müasir Azərbaycanın güclü ordusunun olmağını təmin etdi. Cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən H.Əliyev əsgər və zabitlərlə görüşüb onları müqəddəs bir amal naminə - gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. 2016-cı ilin aprel döyüşlərində qazanılan tarixi qələbəmizi və 2020-ci ildə torpaqlarımızın işğaldan tam azad edilməsini, dünyaya meydan oxuyan bu böyük zəfərimizi ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndiririk. Azərbaycanın bu böyük qələbəsi məhz Heydər Əliyevin siyasi kursunun təntənəsidir. O, ömrünü xalqına, dövlətinə həsr etdi. Hər zaman millətinin rifahı üçün çalışdı. H.Əliyev elə bir şəxsiyyət idi ki, o öz dərin məntiqi, zəkası və fəaliyyəti ilə dünya miqyasında diqqəti cəlb edirdi və bunun nəticəsidir ki, Azərbaycan bu gün dünya dövlətləri sırasında öz nüfuzu ilə fərqlənir. Dövlətimizin bütün zəfərləri, eləcə də  Azərbaycanın adı birbaşa H.Əliyevin adı ilə bağlıdır.
 Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri onun cismən yoxluğunda da xalqımız tərəfindən böyük minnət, qürur hissi ilə xatırlanır. Bugünkü müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Böyük tarixi şəxsiyyətlərə zaman özü həmişə ehtiyac duyur və respublikamızın Heydər Əliyevə ehtiyacı olanda O, bu tarixi missiyanı öz üzərinə götürərək Azərbaycanda siyasi rəhbərliyə gəldi. 1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olundu. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. Bu tarix, Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Bu baxımdan, inamla demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi ulu öndərimizin siyasi xəttinin əsasını təşkil edirdi.
 Heydər Əliyev Azərbaycana rəhbər seçilən bir gündən qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəviyyatının, mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Milli kimliyimizi yaşadan, ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayan Heydər Əliyev Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirdi. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirərək, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirmişdi. Doğrudan da, illər keçdikcə biz ulu öndərin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq. O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi. Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan   dahi lider idi. Heydər Əliyev Azərbaycan xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi  hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm!" kəlamı, bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
 Bu gün hər bir azərbaycanlı fəxr edir ki, o, məhz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdır, Onun bütün varlığı ilə sevdiyi bir xalqın övladıdır. Nə qədər ki, bu dövlət, bu millət var, hər zaman da Heydər Əliyev adı qəlblərdə yaşayacaq, ən xoş xatirələrlə anılacaqdır. Azərbaycan xalqı öz xilaskarını illər keçsə də unutmayacaq, daim onu böyük ehtiramla yad edəcəkdir.


Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri,
 Prezident Təqaüdçüsü





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla

Reytinq