AZ

İkinci Stalin adını alan sovet lideri: Andropovun mübarizəsi Ukrayna klanı üzərində qələbə ilə nəticələnib – FOTOLAR

O, həyatda sadə, mülayim, mehriban bir insan olub, poeziyanı sevib, özü də şeirlər yazıb, partiyanın qadağan etdiyi Vladimir Vısotskinin ifalarını dinləyib. Uzun illər tutduğu ayrı-ayrı yüksək vəzifələrdə Yuri Andropovun adı heç bir qaranlıq məsələdə hallanmayıb, o, digər məmurlardan sadə həyat tərzi ilə fərqlənib.

Siyasi fəaliyyətində isə Andropov SSRİ tarixinə sərt, qəddar, son dərəcə tələbkar bir lider kimi düşüb. Hətta onu ikinci Stalin adlandırıblar.

Müasirlərinin qənaətinə görə, Andropov həmişə özünü aşırı dərəcədə qorumağa çalışıb və onun özünə qarşı belə mühafizəkarlıqla yanaşması şübhələr yaradıb. Ortaya belə bir sual çıxıb: Andropovun həyatında onun siyasi fəaliyyətinə xələl gətirəcək hansısa faktlar mövcuddurmu ki, o, özünü bu dərəcədə mühafizə edir?

Şübhələr əsasız olmayıb. 15 il DTK sədri vəzifəsində işləyən Andropov özü ilə bağlı arxivlərə də əl gəzdirib.

Əslində Andropovun həm DTK sədri vəzifəsinə təyinatı, həm də hakimiyyətə gəlməsi gözlənilməz və müəmmalı bir hadisədir. Birincisi ona görə ki, SSRİ-nin mövcud qanunlarına görə, ailə üzvlərindən birinin məhkumluğu olduğu halda şəxs dövlət orqanlarında işləyə bilməzdi. Andropovun doğma oğlu isə iki dəfə məhkumluq həyatı yaşayıb və bu hadisə Andropovun bütün rəsmi tərcümeyi-hallarında “ustalıqla” gizlədilib. İkincisi, SSRİ dövründə dövlət orqanlarında, xüsusilə də hüquq-mühafizə sahəsində işə qəbul olunmaq üçün həqiqi hərbi xidmətdə olmaq mütləq şərtlərdən biri sayılıb. Ordu generalı rütbəsini daşıyan Yuri Andropov isə bir gün də olsun belə hərbi xidmətdə olmayıb. O, hələ gənclik illərindən  hərbi xidmətə yararsız olduğu ilə bağlı “ağ bilet” alıb.

Bu faktlara baxmayaraq Yuri Andropov zaman-zaman vəzifə pillələrində sürətlə irəliləyərək SSRİ-nin birinci kürsüsünə sahib olub. Birincilik uğrunda mübarizə Andropova asan başa gəlməyib, Leonid Brejnevin varis planlarını alt-üst etmək üçün o, ağlasığmaz siyasi gedişlər  edib.

Yuri Andropov Leonid Brejnevin yaratdığı Ukrayna klanının üzvü olmasa da Brejnev hakimiyyətə gəldikdən sonra onu ən mühüm postlardan birinə, Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin edib. Təbii ki, bu təyinat səbəbsiz olmayıb. Brejnev bu vəzifəyə özünə daha yaxın bir şəxsi təyin edə biləcəyi halda, o, məhz Andropovu seçib. Baş katib Andropovu yaxından tanıyıb, onun qətiyyətinə bələd olub və ondan lazım olmayan kadrların aradan götürülməsi üçün istifadə etməyi qərara alıb. Elə bu məqsədlə Andropovun DTK-ya təyinatından sonra bu quruma daha böyük səlahiyyətlər verilib. Kreml “mətbəx”inə yaxşı bələd olan Andropov Brejnevin ona nəyə görə etimad göstərdiyini yaxşı anlayıb və gələcək karyerasına yol açmaq, birinci kürsüyə sahib olmaq üçün ikibaşlı siyasi oyunların mərkəzində dayanmaqdan çəkinməyib. Verilən səlahiyyətlər Andropov üçün gələcək rəqiblərini aradan götürməyə böyük şans yaradıb.

1982-ci ildə Brejnevin səhhətində yaranan ciddi problemlər hakimiyyət uğrunda mübarizəni daha da qızışdırıb. SSRİ-də adətən rəsmi və qeyri-rəsmi qanunlara görə, baş katib kürsüsünə Mərkəzi Komitə katiblərindən biri seçilib. Bunu nəzərə alan Andropov DTK-dan Mərkəzi Komitəyə transfer olunmağı vacib sayıb. Elə məhz bu ərəfədə də partiya xətti ilə Brejnevdən sonra ikinci şəxs sayılan Mərkəzi Komitənin katibi Mixail Suslov 25 yanvar 1982-ci ildə qəfil vəfat edib. Suslovun ölümü Andropov üçün Mərkəzi Komitənin qapılarını açıb. O, Mərkəzi Komitənin ideologiya üzrə katibi seçilib.

Yuri Andropov qısa müddətdə Kremldə özünü tanıtmağı bacarıb. 1982-ci ildə Kremldaxili siyasi oyunlarda o, ən mahir oyunçu sayılıb. Hakimiyyətin Ukrayna klanına keçməməsi üçün sabiq DTK şefi ən kiçik siyasi qüvvələri belə zərərsizləşdirməyi bacarıb. Qromıko, Ustinov, Çernenko, Romanov, Şerbitski kimi ölkənin nəhəng siyasətçiləri sayılan Siyasi Büro üzvlərinin arasında Andropov hakimiyyəti ələ keçirməyə müyəssər olub.

Andropov hakimiyyətdə olduğu 15 ay ərzində Brejnevin yaratdığı kadr zəncirini son bəndinə qədər sökməyi bacarıb. O, təkcə yuxarı eşalonda 18 nazir və komitə sədrini vəzifəsindən uzaqlaşdırıb, vilayət partiya komitələrinə 37 nəfər yeni birinci katib seçilib. Bütün kadr islahatları və eyni zamanda Andropovun göstərişi ilə həyata keçirilən həbslər korrupsiyaya qarşı mübarizənin nəticələri sayılıb. Sovet vətəndaşları cinayətkarlıqla mübarizə baxımından bu hadisələri normal qiymətləndirsələr də, ancaq onları “Stalin rejimi”nin qayıtması kimi bir xof ciddi narahat edib.

Andropov ölkədə nizam-intizamın gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirib. Onun rəhbərliyi dövründə insanların kütləvi getdiyi yerlərdə, univermaqlarda, kinoteatrlarda, kafelərdə milislər tərəfindən qəfil yoxlamalar keçirilib. Əgər iş vaxtı kimsə belə yoxlamalar zamanı yaxalanıbsa, həmin şəxslər haqqında ciddi tədbirlər görülüb. Nizam-intizamın gücləndirilməsi ilə bağlı keçirilən tədbirlərdə alkoqolizmə qarşı mübarizə xüsusi yer tutub. Ancaq buna baxmayaraq, yarım litr yerli istehsal olan arağın qiyməti Brejnevin hakimiyyəti dövründə 5 rubl 30 qəpik olubsa, Andropovun dövründə bu qiymət 60 qəpik ucuz, 4 rubl 70 qəpiyə satılıb. Bu qiymət endirimi kütlələr tərəfindən xüsusilə “alqışlanıb”.

İstənilən siyasi lider üçün düşündüyü islahatları, nəzərdə tutduğu dövlət proqramlarını və digər planlarını həyata keçirməyə təbii ki, 15 ay yetərli bir müddət deyil. Amma bu müddətin azlığına baxmayaraq Yuri Andropov SSRİ-nin birinci şəxsi olaraq siyasi fəaliyyətində fərqli bir lider kimi yadda qalıb.

Kənan Kələntərli, Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla