AZ

Sumqayıtda gənc oğlan həmyaşıdını niyə öldürüb? — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Səftər Bünyətov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmyaşıdı Pərvin Dadaşovu öldürüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səftər narkotik vasitədən asılılığını təmin edərək narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə 27 avqust 2022-ci ildə saat 10-11 radələrində tanışı ilə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində görüşüb, narkotik vasitə almaq üçün ondan 15-20 manat məbləğində pul istəyib. 

Tanışı isə pulu verməkdən imtina etdikdə narkotik vasitəyə olan ehtiyacını ödəmək məqsədilə saat 12.04-də digər tanışı Pərvinin istifadəsində olan mobil telefona SMS göndərib, ondan 10 manat pul tələb edib. Pərvin pulunun olmadığını söylədikdə onu görüşə təkid edib və saat 11.30-da Sumqayıt şəhəri, 12-ci mikrorayon 9 mərtəbəli yaşayış binasının yaxınlığında onunla görüşərək yenidən pul istəyib, onunla mübahisə yaradıb. 

Səftər niyyətinə nail olmadıqda əlbəyaxaya keçərək Pərvinə alın nahiyəsinin sağ yarısının və sol gicgah nahiyəsinə xəsarətlər yetirib. Daha sonra üzərində gətirdiyi bıçaqla zərbələr vuraraq onu öldürüb. 

Hadisəni törədən Səftərin barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səftər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Pərvin ilə ortaq dostlarının vasitəsilə tanış olublar:

“Onunla birlikdə narkotik vasitə istifadə edirdik. Pərvin və digər tanışımız həm narkotik vasitə istifadə edir, həm narkotik vasitələrin satışı ilə məşğul olurduq. Onların hər birinə 5 manat olmaqla, ümumilikdə 10 manat məbləğində borc pul vermişdim. Onların mənə borcları olub. Mən tanışımdan pul yox, narkotik vasitə istəmişəm. Bunun üçün onunla Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində görüşmüşük. Həmin vaxt tanışım mənim üzərimə bıçaq çıxarıb  və məni qorxutmağa çalışıb. Həmin vaxt yanımda bir qız var idi. Tanışımın bu hərəkəti mənə pis təsir etdi. Mən də bıçaq götürərək onu təqib etməyə başladım. Daha sonra həmin tanışımı kənara çəkərək bıçaqla ona zərbə endirmək istəyirdim. Bu zaman yalvarmağa başladı. Mənə narkotik vasitə verəcəyini bildirdi. Mən də onunla razılaşdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün Pərvinlə görüşməli idi: “Pərvinin mənə 5 manat məbləğində borcu olub. Onun yanına gedərkən yolda “Whatsapp” mobil tətbiqi vasitəsilə Pərvinə həmin borcunu qaytarmasını istədim. Pərvin bu pulu qaytarmaqdan imtina etdi. Onunla aralarında mübahisə yarandı. Mübahisə zamanı Pərvin mənim vəfat etmiş anamın ünvanına nalayiq ifadələr səsləndirdi. Mən də bu ifadələri qəbul etməyərək, ona 4 dəfə bıçaq zərbəsi vurmuşam. Bu zərbələrdən biri onun ürəyinə tuş gəldi. Pərvin vəfat etdi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səftər 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
4
Mənbələr
Şərh ()
Bağla