AZ

Bəzi valideynlər narazıdır: Azərbaycanda məktəbəqədər təhsil ləğv edilir? - Açıqlama

Bəzi valideynlər narazıdır: Azərbaycanda məktəbəqədər təhsil ləğv edilir? - Açıqlama

Azərbaycanda məktəbəqədər təhsil sistemi bəzi valideynlər tərəfindən narazılıqla qarşılanır. Azərbaycanda məktəbəqədər təhsil ləğv edilə bilər?

Məsələ ilə bağlı təhsil ekspert Kamran Əsədov Sonxeber.az-a aşıqlama verib.

O bildiib ki, kəndlərdə ciddi bağça çatışmazlığı var:

"İlk növbədə qeyd edim ki, uşaqların intellektual, fiziki və psixoloji inkişafında, şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olan məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsidir. Hal-hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. Təəsüf ki, rayonlarda uşaq baxçası ifadəsi artıq yoxa çıxmaq üzrədir. Rayonlarda 1-5 yaşlı uşaqların cəmi 15 faizi bağçalara gedir. Əsasən kəndlərdə ciddi bağça çatışmazlığı var.Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır.

Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünya aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəsüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaqda bağçalara cəlb olunsun. Dünya təcrübəsindən qeyd edim ki, Amerikanı götürsək, bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür".

"Ekspert bağçalarda uşaqların təhlükəsizliyinə zəmanət yaratmaq üçün bir sıra mexanizmlər olmasını vurğulayıb"

Təəsüflər olsun ki, baxçalara fəaliyyət lisenziyası verilsə də orda zəruri hallara o qədər də diqqət yetirmirlər. Belə ki, bağçalarda uşaqların təhlükəsizliyinə zəmanət yaratmaq üçün bir sıra mexanizmlər olmalıdır. Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir.
Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanuna əsasən 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması ilə yanaşı, bu sahənin inkişafının təkcə dövlət sərmayələri ilə deyil, həmçinin özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə təmin etmək məqsədi daşıyır.

Ekspert dünyada tətbiq edilən təhsil xidmətlərinə də toxunub:

"Məktəbəqədər təhsil Avropada yüksək ictimai əhəmiyyət kəsb etməklə sosial xidmətlər qrupuna məxsusdur və Avropa İttifaqının siyasətinin prioritetlərindən biridir. Avropa İttifaqının üzvləri olan dövlətlər 3 yaşadək olan bütün Avropa uşaqlarının üçdə birinin və bütün 3-6 yaşlı uşaqların 90 faizinin keyfiyyətli məktəbəqədər təhsillə əhatə olunmasını hələ 2010-cu ilədək vəzifə olaraq qarşıya qoymuş, 2020-ci ilədək isə uşaqların məktəbəhazırlıq təhsilinə cəlbolunma göstəricisinin yüksəldilməsini təklif etmişlər.
ABŞ-da məktəbəqədər təhsil icbari hesab edilmir. Lakin 2013-cü ilin fevral ayında bəyan edilmiş bütün amerikalılar üçün erkən yaşlı uşaqların təhsili üzrə Obama Planında hər bir uşağın məktəbəqədər təhsillə təmin olunması təklif edilir. Bu məqsədlə böyük miqdarda investisiya yatırımı nəzərdə tutulur. Amerikada uşaqların məktəbəqədər təhsillə əhatə olunması həm dövlət, həm də özəl sektor tərəfindən həyata keçirilir.

Çində məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir. Çində 3 yaşdan 6 yaşadək uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir. Yaponiyada məktəbəqədər təhsil pilləsi məcburi deyil. Yalnız valideynlərin arzusu ilə adətən uşaqlar dörd yaşından uşaq bağçasına gedir. Bəzən valideynlər çox məşğul olduqları halda onların uşaqları 3 yaşından uşaq bağçasına götürülə bilər. Yaponiyada 1 yaşlı uşaqlar üçün körpələr evi vardır, lakin uşaqları belə erkən ailədən vermək məsləhət görülmür. Həmin müəssisələrə uşaqların yerləşdirilməsi valideynin körpəsini 3 yaşadək tərbiyə etmək imkanı olmamasını ciddi səbəblərlə əsaslandırılmış xüsusi müraciəti olduğu halda mümkündür.

Rusiyanın 2013-cü ildə təsdiq edilmiş "Məktəbəqədər təhsilin federal dövlət təhsil Standartı"na əsasən, bu təhsilin başlıca məqsədi uşağın şəxsiyyətinin, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin, sosial bacarıqlarının inkişaf etdirilməsidir. Bütün bunlara böyüklərlə və yaşıdları ilə əməkdaşlıq şəraitində yaşa uyğun fəaliyyət növləri vasitəsilə nail olmaq nəzərdə tutulur. Uşaqların fərdi inkişafı və sosiallaşması üçün inkişafetdirici təhsil mühitinin yaradılması əsas istiqamət kimi qeyd edilir. Məktəbəqədər təhsil dövlət, özəl və bələdiyyə müəssisələrində həyata keçirilir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla