AZ

“Vyetnam və Laos vətəndaşlarının Azərbaycanla Dostluq Assosiasiyası yaratması təqdirəlayiq haldır” - Fuad Muradov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının üzvləri ilə görüşüb. 


Missiya.Az xəbər verir ki, F.Muradov Azərbaycanın Vyetnam və Laosla əlaqələrinin tarixinə toxunub, Komitənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Azərbaycan evləri, Koordinasiya şuraları və Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib. 


Ermənistanın Azərbaycana təcavüzünün torpaqlarımızın 20 faizinin işğal olunması və 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi ilə nəticələndiyini, 30 illik işğala 44 gün ərzində son qoyulduğunu bildirib. Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların birlik və həmrəyliyindən söz açıb. Qeyd edib ki, qonaqların təmsil etdiyi ölkələrdə azərbaycanlıların sayı çox azdır, bu səbəbdən vaxtilə Azərbaycanda təhsil almış Vyetnam və Laos vətəndaşlarının Azərbaycanla Dostluq Assosiasiyası yaratması çox təqdirəlayiq haldır, bu qurumlar öz ölkələrində Azərbaycan adına diaspor fəaliyyəti ilə məşğul ola bilərlər.


Səmimi qəbula görə təşəkkür edən qonaqlar 40 ildən sonra vaxtilə təhsil aldıqları Azərbaycanda yenidən olmaqdan qürur duyduqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycanı özlərinə ikinci Vətən hesab edirlər. Onlar Şuşaya səfər etdiklərini və burada aparılan bərpa-yenidənqurma işlərinin sürətinə heyran qaldıqlarını vurğulayıblar.


Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.


Qeyd edək ki, Vyetnam-Azərbaycan və Laos-Azərbaycan Dostluq assosiasiyalarının 40 il əvvəl Azərbaycanda təhsil almış üzvləri Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda səfərdədir. Assosiasiya üzvləri tərəfindən Laosda və Vyetnamda Azərbaycanın təmsil olunması, habelə ölkəmizin müvafiq qurumlarının sözügedən assosiasiyalarla əməkdaşlıq əlaqələrinin qurulması və onların ikitərəfli layihələrə cəlb edilməsi imkanları nəzərə alınaraq Azərbaycana səfərləri Komitə tərəfindən dəstəklənib. 5-10 may tarixini əhatə edən səfər çərçivəsində qonaqlar Bakıda bir sıra görüşlər keçiriblər. Bundan başqa qonaqlar Şuşa şəhərində və Bakının bir sıra görməli yerlərində olub, Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.


Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla