AZ

Tarixin ikincisi - TƏHLİL

Azərbaycanın yunan-Roma güləşi yığması Paris-2024 Yay Olimpiya Oyunlarında 5 pəhləvanla təmsil olunacaq.

İdman.biz xəbər verir ki, bu, Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirinin ilk günündən sonra rəsmiləşib.

Qardaş ölkədə bütün rəqiblərinə qalib gəlməklə finalçı olan Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Fransa paytaxtına bileti əldə ediblər. Onlar yığmanın daha öncə lisenziya qazanan digər iki üzvünə - Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanova (77 kq) qoşulublar.

Beləliklə, “klassiklər”dən ibarət millimiz altı çəkidən beşində olimpiya medalı üçün mübarizə aparacaq. Yalnız 97 kq çəkidə təmsilçimiz olmayacaq.

Bununla da yunan-Roma yığmamız Olimpiadalar tarixində özünün ikinci nəticəsini təkrarlayıb. Komandamız London-2012 və Rio-2016-da da eyni sayda “klassik”lə təmsil olunub. Rekord isə 2008-ci ildə Pekində yaşanıb. Çinin paytaxtında 6 güləşçimiz xalçaya çıxıb. Murad Əhmədiyev İstanbulda lisenziya şansını qaçırmasaydı, həmin rekord da təkrarlanacaqdı.

Atlanta-1996 - 2

Sidney-2000 - 3

Afina-2004 - 3

Pekin-2008 - 6

London-2012 - 5

Rio-2016 - 5

Tokio-2020 - 2

Paris-2024 - 5

Ümumilikdə isə kişi pəhləvanlarımızın Parisdəki sayı 11 olacaq. Bu da tarixin ikinci göstəricisinin təkrarıdır. London-2012 və Rio-2016-da eyni sayda güləşçimiz olimpiya xalçasında mübarizə aparıb. Rekord isə Pekin-2008-də olub – 13 güləşçi.

Atlanta-1996 - 8

Sidney-2000 - 9

Afina-2004 - 8

Pekin-2008 - 13

London-2012 - 11

Rio-2016 - 11

Tokio-2020 - 5

Paris-2024 – 11

Qeyd edək ki, Olimpiadalar tarixində çəkilərin sayı dəfələrlə dəyişdiyi üçün yığmamızın yarışda neçə idmançı ilə təmsil olunmaq şansları da fərqli alınıb.

Vüqar Xeyrullayev

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla

Reytinq