AZ

“Dedim, afrikalılardan ayrılmayacam; harda yatırlarsa, orda yatacam, nə yeyirlərsə...”

“450-500 milyon əhalisi, 30 milyon kvadrat kilometr ərazisi olan Afrikada hələ avropalılar bura gəlməmişdən çox-çox əvvəl iri dövlətlər, imperiyalar olub...”
 
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1958-1961-ci illərdə  Azərbaycan Həmkarlar İttifaqları Şurasının(AHİŞ) sədri,  1961-1968-ci illlərdə isə SSSRİ Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının(ÜHİMŞ) kimi çalışmış  Kamran Hüseynov özünün “Bir ömrün salnaməsi” kitabının “Afrika təəssüratları” bölməsində  1961-ci ilin martında ÜHİMŞ-nın nümayəndə heyətinin tərkibində Fransa paytaxtı Parisdən keçməklə  Afrika ölkələrinə səfərindən,  Qərb ölkələrinin müstəmləkəçiliyindən yenicə qurtulmuş xalqların yaşam tərzi, etnopsixoloji xüsusiyyətləri və s. haqda  maraqlı müşahidələrini qələmə alıb.  
 
Bu günümüzdə Azərbaycan dövlətinin  Afrika qitəsinin bir sıra ölkələri ilə əməkdaşlığı genişləndirdiyi bir şəraitdə aktuallığını nəzərə alaraq sözügedən materialı Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
“1961-ci ilin mart ayı idi. Moskvadan zəng vurdular ki, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının nümayəndə heyəti Mali Respublikasının milli bayramında iştirak etmək üçün Afrikaya gedəcək – nümayəndə heyətinə sən başçılıq etməlisən... 
 
O vaxta qədər Afrikanın yalnız adını eşitmişdim.  Nə isə Moskvaya getdim. Böyük nümayəndə heyəti yığılmışdı. Moskvadan təyyarə ilə Parisə uçduq.  Parisi birinci dəfə idi ki, görürdüm.  Bir az şəhəri gəzəndən sonra Parisdən Mərakeşə uçduq. Oradan Seneqala, oradan da, nəhayət, Mali respublikasına gəlib çatdıq. Ölkə müstəmləkəçilikdən yenicə azad olunmuşdu. Mali lap keçmişdə ərəblərin təzyiqinə məruz qalmış, sonra Fransanın müstəmləkəsi olmuşdu. İndisə azadlıqlarının ildönmünü qeyd edirdilər. Hamısı azadlıq qazandıqlarından həyəcanlı idi, qurub-yaratmaq eşqi ilə coşurdular...
Ölkə ilə tanış olmağa başladıq... Hansı şəhərə ayağımız dəyirdisə, bizi böyük həyəcan və sevinclə qarşılayırdılar...
Bura gələndə bizi yaman qorxutmuşdular ki, Malidə “sese” deyilən bir cür milçək var, elə bircə dəfə adamı sancmağı bəsdir – o dünyalıq olur. Burada cürbəcür həşəratlar var, ilan əlindən tərpənmək olmur. Bura gələn avropalılar bellərinə qurşaq bağlayırlar, qurşağın içindəsə əllərini yumaq üçün spirt gəzdirirlər, ayrıca mehmanxanada qalırlar.  Mənsə dedim ki, afrikalılardan ayrılmayacağam; onlar harada yatırlarsa, orada yatacağam, nə yeyirlərsə, ondan yeyəcəyəm. Mənim bu cür münasibətim onların çox xoşuna gəldi... 
 
Afrikanın bir hissəsi Fransanın, bir hissəsi İngiltərənin, Belçikanın, Portuqaliyanın,  bir azı da Almaniyanın, İtaliyanın müstəmləkəsi olub. Zaman-zaman avropalılar çalışıblar ki, faydalı qazıntılarla zəngin qitədən bacardıqca qoparıb aparsınlar...
 
Bir fikir məni çox maraqlandırırdı. Deyirdilər ki, bu qitənin keçmişi olmayıb. Keçmiş yoxsa, deməli, gələcək də olmayacaq. Axı necə ola bilər ki, belə zəngin təbii sərvətlərə malik qitə haqqında  bu cür fikir söyləsinlər? Bu fikir müstəmləkəçi imperiyaların ideoloqlarının yaydığı yalan idi...
 
Düzdü, bəzi Afrika ölkələri müstəmləkə boyunduruğundan azad olmuşdular. Amma onların imperiyalardan azadlığı nisbi idi.  Çünki iqtisadi baxımdan çox geridə qalmışdılar. Bu geriliyin səbəblərini öyrənmək istəyirdim. Çünki deyilənlər inandırıcı deyildi. Avropalılar çalışırdılar ki, Afrikada gözəçarpan irəliləyiş olmasın.  Amma  450-500 milyon əhalisi, 30 milyon kvadrat kilometr ərazisi olan Afrikada hələ avropalılar bura gəlməmişdən çox-çox əvvəl iri dövlətlər, imperiyalar olub... Afrikanın tarixi keçmişi heç Avropanınkından əskik olmayıb. Lakin sonradan avropalılar Afrikanı işğal edərəkən  çalışıblar ki,  hər kəs ən yaxşı ərazilərə yiyələnsin, əhalisini də ya qul edib işlətsin, ya da gəmilərə yığıb təzə kəşf edilmiş Amerikaya satmağa aparsın. Bu məqsədlə də heyvan, balıq, ya quş ovlayırmış kimi zənciləri qovub tutub bir neçəsini bir-birinə sarıyırmışlar ki, qaçmasınlar. Damğa vurub bir məntəqəyə toplayırmışlar, oradan da gəmilərə yığıb aparırmışlar. Bu minvalla Şimali Amerikada  Afrkikadan gələnlərin nəsillərinin sayı təxmini sayı indi 30- 40 milyon nəfərə qədərdir. Braziliyada da çoxlu afrikalılar var...”
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla