AZ

Paşinyan niyə tələsir, niyə məhz noyabr? – “Qorxur, Rusiyaya getməyə bilməzdi”

Ermənistanın Qərbə meyillənməsi, Rusiyanın əleyhinə bəyanatlar səsləndirməsi təkcə adıçəkilən dövlətlərin münasibətləri baxımından nəzərdən keçirilməməlidir. Çünki baş verənlər bütövlükdə Cənubi Qafqazdakı duruma birbaşa təsir göstərir.

Bu baxımdan Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın son görüşü kifayət qədər maraqla izlənilir. Görüşdə hansısa gizli razılaşmaların olub-olmadığı, bunun bölgədəki proseslərə mümkün təsirləri müzakirə olunan əsas mövzulardandır.

Xatırladaq ki, Paşinyan mayın 7-si mətbuat konfransındakı çıxışında bir sıra məsələlərə diqqət çəkdi. Paşinyan bəyan etdi ki, Ermənistan Azərbaycanla noyabra qədər sülh müqaviləsi imzalamağa hazırdır. Almatı görüşündən əvvəl Paşinyanın bu nitqi müzakirələrə səbəb olub.

Bu açıqlamaların ardından onun Moskvada Putinlə danışıqlar aparması və görüşün detalları ilə bağlı təfərrüatların bilinməməsi açıq sualların sayını artırmaqdadır.

Mövzuyla bağlı KONKRET.az-a açıqlama verən hərbi-siyasi ekspert Azad İsazadə ilk öncə noyabrda sülh sazişinin imzalana biləcəyi ehtimalına münasibət bildirib:

“Azərbaycan da istəyir ki, sülh müqaviləsi imzalansın. Amma bunun Paşinyanın dediyi vaxta, yəni noyabra qədər baş tutacağı inandırıcı görünmür. Çünki bir çox qüvvələr sülh müqavilənin imzalanmasına qarşıdır. Söhbət Rusiyadan, bəzi Avropa ölkələrindən, ilk növbədə isə Fransadan gedir. Paşinyan noyabra qədər sülh müqaviləsinin imzalanmasına ona görə çalışır ki, ABŞ-də prezident seçkilərinə qədər məsələnin həll olunmasını istəyir. Görünür, o, Trampın seçkilərdə qalib gələcəyi təqdirdə proseslərdə tormozlonma olacağından ehtiyat edir”.

Almatı görüşündən gözləntilərinə gəlincə isə ekspert bunu müsbət addım kimi dəyərləndirib:

“Tərəflər Almatı görüşündə hansısa məsələdə razılığa gələcəklər. Almatı görüşünün əsas müsbət tərəfi odur ki, biz nümayiş etdiririk ki, danışıqlarda üçüncü tərəfə ehtiyyac qalmayıb. Qazaxıstan isə sadəcə moderator rolunda çıxış edir və bizi bir masa ətrafına toplayır. Kurator rolunu isə böyük ehtimalla Qazaxıstan oynaya bilməyəcək”.

A.İsazadə deyir ki, sərhəddə qoyulan dirəklər təhlükəsizliyin təminatçısı ola bilməz:

“Həmin dirəklər sadəcə təhlükəsizliyin rəmzi kimi qəbul edilə bilər. Yəni iki tərəf də bu sərhədləri tanıyır. Amma başa düşürük ki, istənilən halda sərhəd toxunulmazlığı pozula bilər. Necə ki Ermənistan vaxtı ilə sərhədi pozmuşdu. Yəni bu sərhəd dirəkləri təminat deyil, rəmzdir. Azərbaycanın Ermənistana hücüm etmək kimi bir niyyəti yoxdur. Paşinyan isə erməni ictimai rəyinə qəbul etdirmək istəyir ki, bu sərhədi çəkməsək Azərbaycan hücuma keçəcək”.

Ekspert Paşinyanın uzun müddətdən sonra gözlənilmədən Moskvaya getməsinin səbəblərinə də toxunub.

“Paşinyanın nə arzulamasından asılı olmayaraq, Ermənistan bir çox baxımdan Rusiyadan asılıdır. Paşinyan mayın 7-də Putinin andiçmə mərasimində, sonra Avrasiya Təşkilatının Sammitində, dünən isə Qələbə paradında iştirak etməli idi. Paşinyan bu üç tədbirdən yalnız birini seçdi və onda iştirak etdi. Səbəbi isə həmin təşkilatın üzvü olması və növbəti Sammitin sədrliyini Paşinyanın etməsi idi, getməyə bilməzdi. Ona görə də bu üç tədbirdən ən təhlükəsiz və neytral olan tədbiri seçdi. Bunu da Paşinyanın diplomatik protokolla uyğunlaşdırılan addımı kimi şərh etmək olar”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
Mənbələr
Şərh ()
Bağla