AZ

Heydər Əliyev - 101

Xalqa, dövlətə, Vətənə həsr olunan ömür 

Zamanın sərt sınaqlarında önə çıxan liderlər hər bir ölkənin və hər bir xalqın taleyində müstəsna rol oynayırlar. Onlar parlaq bir ulduz kimi qaranlıqları işıqlandırır, çətinliklərlə üzləşən insanlara öz nümunələri ilə mənəvi güc və ümid verirlər. Liderlərin böyük missiyası ondan ibarətdir ki, onlar seçim anında müdriklik və qətiyyət ortaya qoyaraq xalqa doğru yol göstərirlər. 

Azərbaycan xalqı üçün şərəfli liderlik missiyasını Özünün iti zəkası, uzaqgörənliyi, milliliyi, vətənpərvərliyi və çoxşaxəli fəaliyyəti ilə Ulu Öndər zirvəsinə yüksələn, xalqının qəlbində əbədiyaşarlıq qazanan Heydər Əliyev həyata keçirib. Mayın 10-da bu işıqlı və fədəkar insanın anadan olmasının 101-ci ildönümü tamam olur. İllər ötdükcə Onun Azərbaycan naminə etdiklərinin miqyası və önəmi daha aydın şəkildə dərk olunur. Çox doğru olaraq Ulu Öndər Heydər Əliyevin həyatı bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür  kimi səciyyələndirilir. 

Müstəqilliyimizin möhkəm əsaslarını yaradan Lider

Azərbaycanda Heydər Əliyev epoxası ötən əsrin altımışıncı illərinin sonlarından başlayıb. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev respublikamız barədə keçmiş ittifaqda yaranan stereotipləri dağıtdı, rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafı baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək dəyərləndirən Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Heydər Əliyev öz nüfuzundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Onun respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində tənəzzül meyilləri aradan qaldırıldı, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etdi. 

Eyni zanmanda, Heydər Əliyev respublikada aqrar sektoru da sənaye əsasında inkişaf etdirməyə, intensiv metodların tətbiqi yolu ilə bir sıra istiqamətlərdə, o cümlədən də gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına nail oldu.  Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.

Heydər Əliyevin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi uzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı azərbaycanlı mütəxəssis hazırlandı.  

Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Onun milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.

Heydər Əliyevin fəaliyyətindən bütün dünya azərbaycanlılarının ümummilli ideologiya ətrafında birləşdirilməsi, xalqın milli-mənəvi vəhdətinə nail olunması qırmızı xətt kimi keçirdi. 1982-ci ildə keçmiş ittifaq dövlətinin rəhbərliyinə irəli çəkilən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev doğma Vətəndən uzaqda yaşasa da, Azərbaycanın inkişafını və problemlərini diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi. Vəzifədən getməsinə baxmayaraq, Heydər Əliyevin qəlbi yenə də Azərbaycanla döyünürdü. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən qanlı faciəni xatırlayaq. 20 Yanvar qətliamı imperiya qüvvələri tərəfindən törədilmişdi. Hadisələrin birbaşa günahkarları olan keçmiş ittifaqın rəhbərliyi Bakıda törədilən qırğın barədə məlumatları imperiyanın özündə və sərhədlərindən kənara yayılmasını qətiyyən istəmirdi və bu məqsədlə repressiv tədbirlərə əl atılırdı. Belə vəziyyətdə Heydər Əliyev heç nədən çəkinməyərək, Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi və informasiya blokadasını yardı. 

Ümumiyyətlə, Heydər Əliyev əvvəlcə keçmiş ittifaq daxilində rejimin məhdudiyyətlərini yararaq milli dirçəlişə, gələcək müstəqil inkişafa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail olub. Bu gün Heydər Əliyevin zamanında məqsədyönlü şəkildə yaratdığı irsdən kənarda istər iqtisadiyyatımız, istərsə də mədəniyyətimiz çox kasıb görünər. O illərdə Heydər Əliyevin çox böyük səyləri hesabına yaradılan bu zəngin irs müstəqil Azərbaycanın maddi, mənəvi və mədəni əsasları qismində çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın sovet hakimiyyəti illərində müstəqil olmasa da, inkişaf etdiyini, ələlxüsus da ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandığını məmnunluq hissi ilə diqqətə çatdıraraq vurğulayıb:  “70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşayırdı. Baxmayaraq ki, müstəqil deyildik, Azərbaycan xalqı inkişaf edirdi. Xüsusilə 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazanmışdır”.

Vətəndaş qarşıdurmasının dəf edilməsi, müstəqilliyin qorunması

Uzaqgörən və milli ruhlu siyasətçi olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə, Moskvada yüksək vəzifələrdə çalışanda respublikamızın gələcək müstəqilliyi üçün fundamental əsaslar yaratdığını qeyd etdik. Bəli, xalqımız ötən əsrin doxsanıncı illərinin əvvəllərində XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşdu. Burada Heydər Əliyevin “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” kəlamını xatırlamaq yerinə düşər. Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın  müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. 

Əvvəlcə onu qeyd edək ki, Heydər Əliyevin Azərbaycanın real müstəqilliyinə nail olmaq üçün açıq müstəvidə mücadiləsi Onun həyatının Naxçıvan dövründən başladı. Keçmiş ittifaq rəhbərliyindən uzaqlaşdırılan Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. 

O dövrdə Heydər Əliyevin atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Qeyd etmək yerinə düşəır ki, bəhs olunan dövrdə hələ Sovet İttifaqı, kommunist partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail olurdu. Onun çağırışı ilə Naxçıvanın  1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı. 

Sonrakı mərhələdə Heydər Əliyev Azərbaycan naminə fəaliyyətini Bakıda davam etdirdi.  O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi  səciyyələndirən əsas cəhətlər idi. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi. 

Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. O, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əiyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti oldu.

Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Bəhs olunan tarixi dövrə ekskurs edən Prezident İlham Əliyev vurğulayıb: “Bax bu ağır vəziyyətdə - 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlmişdir və xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitliyə doğru getməyə başlamışdır”.

Bütün fəaliyyəti dövründə dünyada xalqımıza başucalığı gətirən tarixi şəxsiyyət Heydər Əliyevi tarixi şəxsiyyət kimi səciyyələndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, O, tutduğu bütün vəzifələrdə öz işinə son dərəcə məsuliyyətlə yanaşıb və yüksək təşkilatçılıq bacarıqları ortaya qoyub. Bununla da həmişə xalqımıza başucalığı gətirib.  Zamanında Heydər Əliyevin miqyasına görə çox böyük layihə olan Baykal-Amur Magistralı (BAM) layihəsinin həyata keçirilməsinə rəhbərlik etməsi buna ən yaxşı nümunələrdən biridir. Cari il aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin  iştirakı ilə BAM-ın 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüş baş tutdu. Çox çətin şərtlərlə icra edilən 4324 kilometr uzunluğundakı BAM-ın tikintisində 2 milyondan artıq insan iştirak edib, 2230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər Cənub Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. 

Belə bir mühüm layihənin icrasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Həmin dövrdə Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. O, keçmiş sovet dövlətinin magistral boyu bir neçə günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.

Nəhəng layihənin uğurla başa çatdırılmasına rəhbərlik etmiş Heydər Əliyevin xidmətləri daim ehtiramla yad olunur. Belə ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib, onun xatirə lövhəsi açılıb. Rusiya rəsmiləri Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisində xidmətlərini daim dərin ehtiramla qeyd edirlər. “BAM-ın tikintisinin başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməkdən səmimi-qəlbdən şadam. Onun atası, - BAM-ın bütün inşaatçıları bunu yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Baykal-Amur Magistralının tikintisinə kuratorluq edirdi, bu çox çətin layihənin baş tutması üçün əlindən gələni əsirgəmirdi”, - deyə Rusiya Prezidenti Vladimir Putin bəhs olunan görüşdəki çıxışında vurğulayıb.

Ata vəsiyyətinin yerinə yetirilməsi

Heydər Əliyevin ən böyük amalı Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyümüzün təmin olunması idi. Onun qəlbində Ermənistanın işğalına son qoyulacağına, ərazi bütövlüyümüzün gec-tez bərpa olunacağına, xalqımızın Şuşaya, Kəlbəcərə, Laçına, Ağdama və digər yurd yerlərimizə qayıdacağına böyük inam var idi. Onun səyləri və diplomatik məharəti sayəsində 1994-cü ilin mayında atəşkəs müqaviləsinin imzalanması Azərbaycana öz gücünü səfərbər etmək, iqtisadiyyatını gücləndirmək və yüksək döyüş qabiliyyətinə malik ordu qurmaq üçün imkanlar açdı. Sonrakı mərhələdə Prezident İlham Əliyev bu imkanlardan səmərəli istifadə etməklə respublikamızı yeni inkişaf mərhələsinə yüksəltdi. Heydər Əliyevin hazırladığı yeni neft strategiyasının, “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması sayəsində ölkənin iqtisadi və maliyyə imkanları əhəmiyyətli dərəcədə artdı. Respublikamızda müasir ordu formalaşdırıldı. 

Prezident İlham Əliyev ölkənin iqtisadi və hərbi potensialına əsaslanmaqla daim ərazi bütövlüyümüzün təmin olunması məsələsini Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Azərbaycan haqq və ədalətin bərpasına 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində nail oldu. Vətən müharibəsində Silahlı Qüvvələrimizin şücaəti sayəsində ərazi bütövlüyümüz hərbi-siyasi yolla təmin olundu. 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticəsində isə Qarabağda separatizmin kökü birdəfəlik kəsildi. Beləliklə, Müzəffər Lider İlham Əliyev Azərbaycan xalqının mental dəyərlər sistemində mühüm yer tutan ata vəsiyyətinə əməl etmiş oldu. Qeyrətli Azərbaycan övladı üçün bundan böyük xoşbəxtlik təsəvvür etmək çətindir. Prezident İlham Əliyevin Özü Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində keçirdiyi sevinc hisslərini belə ifadə edib: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
50
Mənbələr
Şərh ()
Bağla