Ölkəmizin turizm sənayesi inamlı addımlar atır
Sivil, mədəni ölkələr üçün turizm həm yaxşı gəlir, həm də yaxın, etibarlı dost qazanmaq fürsətidir. XXI əsrin “qara qu quşu” adlandırılan COVID pandemiyası bir müddət bu sahədə ciddi problemlər yaratdı. Amma xoşbəxtlikdən indi təşviş və həyəcan dolu günlər arxada qalıb. Turizm qlobal səviyyədə yenidən dirçəlir.
Xoşbəxtlikdən Azərbaycan həm yerli, həm də xarici turizmin inkişafı üçün geniş imkanları olan ölkələrdəndir. Bu böyük potensialdan səmərəli faydalanmağın hansı yolları var? Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, tanınmış kulturoloq Minaxanım Əsədli ilə söhbətimiz məhz ölkəmizdə turizm uğurları və perspektivləri barədədir.
– Professor, turistlər niyə bu qədər arzuolunan qonaqlar hesab olunurlar?
– Turistlər erkən yazda uçub gələn qaranquşlar kimidir. O məkanlara üz tuturlar ki, orada hüzur, dinclik, mehribanlıq var. Qaranquşlar dava-dalaş, söyüş-qiybət olan evlərin eyvanlarında yuva qurmurlar...
Bir də ki, onlar bizi sayıb-seçiblərsə, biz də onları hörmətlə qarşılamağı bacarmalıyıq. Xalqımızın gözəl bir məsəli var: Qonaq gəlmək səndən, qarşılamaq məndən. Bizdəki əmin-amanlıq, gözəl təbiətimiz, müasir infrastruktur, qonaqpərvərliyimiz onları Azərbaycanı ziyarət etməyə sövq edir.
İndi əsas vəzifəmiz fürsət düşdükcə yerli və əcnəbi turistlərə fərq qoymadan tariximizin keçmişi, mədəni həyatı barədə də geniş bilgilər verməkdir. Turizm sənayesi üzrə mütəxəssislər bunu turizmin tarixi-mədəni istiqaməti adlandırırlar.
Azərbaycan hökuməti, müvafiq qurumlar ölkəmizdə tarixi-mədəni turizmi daha sürətlə inkişaf etdirmək üçün məqsədyönlü tədbirlər müəyyənləşdiriblər. İstər paytaxtda, istərsə də bölgələrdə bu istiqamətdə bir çox uğurlu layihələr icra olunur.
– Yeri gəlmişkən, Şuşa tarixi-mədəni turizmin ən önəmli məkanlarından birinə çevrilə bilərmi?
– Şuşa artıq tarixi-mədəni turizmin ən cəlbedici məkanlarından biridir. Onu görməyə gələnlərin sayı günbəgün artır. Təkcə yerli turistlər deyil, əcnəbilər də bir an azalmayan maraqla görmək istəyirlər.
Şuşa açıq səma altında muzeylər kompleksidir. Bura həm də xalqımızın musiqi beşiyidir. Şuşanı “Qafqazın Vyanası” adlandıranlara haqq qazandırmamaq olmur. Qoca Şərqin ilk peşəkar bəstəkarı dahi Üzeyir Hacıbəylinin vətənidir Şuşa! Burada həm də gözəl şairlərimiz Xan qızı Natəvanın, Molla Pənah Vaqifin, ölməz müğənni Bülbülün və digər sənət korifeylərinin ruhu dolaşır.
Şuşada həmçinin çox sayda memarlıq abidələrimiz var. Hazırda bu gözəl şəhər bərpa edilərək yenidən qurulur. Təqdirəlayiq haldır ki, bu zaman şəhərin əvvəlki siması qorunub saxlanılır.
2021-ci ildə Şuşa şəhəri Azərbaycanın, 2023-cü ildə bütün türk dünyasının, 2024-cü ildə isə, bütövlükdə, islam dünyasının mədəniyyət paytaxtı adlandırılıb. Bəli, Şuşaya təkcə ölkəmizdə deyil, bütün türk və müsəlman dünyasında sonsuz sevgi var.
– Son illər ölkəmizin ayrı-ayrı bölgələrinə yeni turist marşrutları açılıb. Məmləkətimiz bu gün qonaqlı-qaralıdır...
– Bu, çox yaxşı haldır. Ölkəmizdə turizmin ayrı-ayrı sahələrinin inkişafı üçün geniş imkanlar var. Son illər çimərlik, dağ, eləcə də sağlamlıq turizmi inkişaf edir. Məsələn, Xaçmaz rayonunun Nabran bölgəsində çimərlik turizmi sahəsində yaxşı uğurlar əldə edilir.
Sağlamlıq turizmindən söz düşəndə isə ən çox Masallı rayonu, eləcə də Naftalan şəhəri yada düşür. Hələ qədim dönəmlərdən Masallıda yer altından çıxan qaynar sulardan müalicə məqsədilə istifadə ediblər. Yaxşı haldır ki, bu gün Cənub bölgəsində müasir tələblərə cavab verən istirahət mərkəzləri var.
Qədim və gözəl Naxçıvanda turizmin inkişafı üçün böyük potensial mövcuddur. Təsəvvür edin ki, Zəngəzur dəhlizi açılandan sonra Naxçıvanın qədim tarix və mədəniyyət abidələrini görmək arzusuna düşənlərin sayı birə-beşqat artacaq.
Bu gün ölkəmizdəki bir çox turizm marşrutları beynəlxalq səviyyədə təbliğ olunur. Bu məqamda “Böyük İpək yolu”, “Xalçaçılıq”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda alman məskənləri” turizm layihələrinin adlarını qeyd etmək olar.
– Çalışdığınız universitet turizm sahəsində ixtisaslaşıb. Bu təhsil ocağı kifayət qədər peşəkar kadrlar hazırlaya bilirmi?
– Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) kollektivi, həqiqətən, peşəkar kadrların hazırlanmasına böyük məsuliyyətlə yanaşır. Tələbələrə hərtərəfli nəzəri və təcrübi biliklər verməyə çalışırıq. Bu zaman turizm sahəsində kadrların hazırlanmasında beynəlxalq təcrübədən də yararlanmağa cəhd edirik.
Hələ 2007-ci ildən ATMU Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə kadr hazırlığı üzrə birgə layihə icra edir. Tələbələr üçün tədris prosesinin 1 semestri Avstriyada təşkil edilir. Eyni zamanda, avstriyalı tələbələr də 1 semestr bizim pedaqoqların mühazirələrini dinləyirlər. Bu zaman iki ölkə gəncləri arasında səmimi dostluq əlaqələri yaranır.
– Eşitdiyimə görə, siz tələbələrinizi İçərişəhəri qarış-qarış gəzdirməkdən xüsusi zövq alırsınız. Bu, doğrudurmu?
– Əlbəttə. Mən Bakıda doğulmuşam və hələ uşaqlıq çağlarımdan Xəzərin sahilinə sığınan bu bənzərsiz şəhərə heyranam. İçərişəhər əslində paytaxt içində paytaxtdır. Burada xalqımızın keçmişi ilə bugünü qovuşub.
Hiss olunur ki, pandemiyadan sonra İçərişəhəri ziyarət edən əcnəbi turistlərin sayı çox artıb. Burada ara-sıra əcnəbi qonaqlarla ünsiyyətdə oluram. Onlara dünya şöhrətli cazmen musiqiçi Vaqif Mustafazadənin, görkəmli fırça ustası Tahir Salahovun ev muzeylərini ziyarət etməyi məsləhət görürəm. Dəfələrlə olub ki, şəxsən turistləri buradakı miniatür kitablar muzeyinə aparmışam.
Məni ən çox sevindirən həm də odur ki, yuxarı sinif şagirdlərinin İçərişəhərə tez-tez ekskursiyaları təşkil olunur. Ölkəmizin hər yerindən bura gəlirlər. Bu məqamda mərhum görkəmli alim, xalqımızın sevimli ziyalısı Xudu Məmmədovun bu sözləri yadıma düşür. O böyük insan deyirdi ki, yeniyetmə və gənclər qarşısında Vətəni hədsiz dərəcədə tərifləməyə ehtiyac yoxdur. Sadəcə, məmləkəti onlara yaxından tanıtmaq lazımdır...
– Sizcə, KİV, sosial şəbəkələr turizmin inkişafı üçün hansı xidmətlər göstərə bilər?
– Mənə elə gəlir ki, media ilə turizmin sıx əlaqələrinin qurulması hər iki tərəfin xeyrinə olardı. Bu istiqamətdə müəyyən uğurlar var. Son vaxtlar turizmlə bağlı bir çox maraqlı reklam çarxları hazırlanıb.
Bütövlükdə, daha çox iş görmək olar və lazımdır. Məsələn, bölgələrdəki ən nümunəvi istirahət məkanları barədə reportajlar hazırlamaq olar. Yeri gəlmişkən, KİV mənsubları əcnəbi turistləri aldatmaq, ciblərini soymaq niyyətinə düşənləri də ictimai qınağın hədəfinə çevirə bilər.
Təkcə media deyil, milli kinematoqrafiya da turizmin inkişafına dəstək verə bilər. Dünya təcrübəsi göstərir ki, turizm bölgələrində uğurlu bədii filmlərin, maraqlı televiziya seriallarının çəkilməsi və yaxın-uzaq ölkələrdə nümayiş etdirilməsi həmin ünvanlara marağı artırır və turist axınına səbəb olur.
Yeri gəlmişkən, qardaş Türkiyədə bu istiqamətdə uğurlu işlər görülür. Biz onların təcrübəsindən mütləq yararlanmalıyıq. Mən əminəm ki, Azərbaycan yaxın gələcəkdə turizm sahəsində dünya liderlərindən birinə çevrilə bilər. Bunun üçün hər birimiz əlimizdən gələni etməyə borcluyuq.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ