AZ

İrəvanda revanşistlərin son çapalamaları

Ermənistan–Azərbaycan münasibətlərində hazırda ən aktual olan iki məsələ var. Bunlardan biri sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması, digəri isə iki ölkənin şərti sərhədinin delimitasiya və demarkasiyası məsələsidir. Bu gün Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyan arasında hər hansı vasitəçinin iştirakı olmadan keçiriləcək görüşdə sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində müzakirələrin aparılacağı gözlənilir.

Delimitasiya və demarkasiya məsələsinin həlli ilə isə iki ölkənin baş nazir müavinləri – Şahin Mustafayev və Mqer Qriqoryanın sədrlik etdikləri döv­lət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissi­yalar məşğul olur. Artıq komissiyaların işinin praktik nəticələri var. Aprelin 19-da keçirilən iclasda Ermənistan tərəfi 1990-1992-ci illərdə onun nəzarəti altına keçmiş Qazax rayonunun 4 qeyri-ek­sklav kəndinin (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) qayta­rılmasına razılaşdı. Artıq şərti sərhədin həmin hissəsində geodeziya və ölçmə işləri aparılır. Mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mət­buat konfransında şərti sərhədin Qa­zax–İcevan istiqamətində delimitasiya və demarkasiya üzrə işlərin 90 faizinin görüldüyünü deyib. Tərəflərin yaydığı rəsmi məlumatda isə ikitərəfli razılaşma ilə müəyyən edilmiş şərti sərhəd xətti boyunca 40 sərhəd dirəyinin yerləşdiril­diyi bildirilib. Aprelin 19-da əldə edilən razılaşmada Qazax rayonunun işğal al­tında olan 4 kəndinin Azərbaycana qay­tarılması prosesinin mayın 15-dək başa çatdırılması nəzərdə tutulub.

Dünən yayılan xəbərdə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma çərçivəsində şərti sərhədin Qazax rayonu istiqamətində aparılan demarkasiya işlərinin əsasən yekunlaş­dığı qeyd edilib. Bununla belə, erməni media resursları Qazaxın Xeyrımlı kən­di ilə İcevan rayonunun Kirants kəndi arasındakı hissədə işlərin müvəqqəti dayandırıldığını bildiriblər. Onlar Xey­rımlı və Kirants yaşayış məntəqələri arasındakı ərazidə aparılan demarka­siya işlərinin xüsusilə incə xarakter da­şıdığını vurğulayıblar. Belə ki, sərhəd xətti Kirantsın bilavasitə yaxınlığından keçir. Üstəlik, işğal zamanı erməni kən­dinin sakinləri, faktiki olaraq, Xeyrımlı ərazisinin bir hissəsini ələ keçirib, ora­da evlər və ticarət obyektləri tikiblər. Razılaşmaya əsasən, onlar Azərbay­can ərazisində qalacaq.

Bununla əlaqədar olaraq, Kirants sakinləri iki həftədir ki, demarkasiya işlərinin aparılmasına etiraz edirlər. Ermənistan polisi bir neçə gün əvvəl kənddə əməliyyat keçirib və bir qrup etirazçını saxlayıb. Daha sonra Kirants sakinlərinə sərhədlərin müəyyənləşdi­rilməsi işinin vacibliyi izah edilib və eti­razlar səngiyib.

Şərti sərhədin bu hissəsində apa­rılan geodeziya işlərinin nəticələrinə əsasən, 12 nöqtədə sərhəd dirəyi bas­dırılmalıdır. Erməni tərəfinin məluma­tına görə, onlardan 8-i artıq basdırılıb. Qalanlarında əlavə ölçmə işləri aparılır. Çünki bu nöqtələr Xeyrımlının bilava­sitə yaxınlığındadır.

N.Paşinyan mayın 7-də keçirdi­yi mətbuat konfransında bildirmişdi ki, “həssas nöqtələr” Kirants kəndindəki məktəbin, Xeyrımlıya gedən yoldakı kör­pünün və bəzi evlərin yaxınlığında yer­ləşir. Odur ki, orada “hər santimetr” öl­çülməlidir. Kənd icmasının rəhbəri Kamo Şaqinyan jurnalistlərə bildirib ki, hazırda demarkasiya işləri aparılmır. Kənddə yalnız bir neçə polis növbə çəkir.

Müxalifət nümayəndələri isə iddia edirlər ki, sərhədin müəyyənləşdirilmə­si işləri erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə etiraz­çı kütlənin mayın 4-dən Kirantsdan İrə­vana doğru yürüş etməsi səbəbindən dayandırılıb. Onlar deyirlər ki, “hakimiy­yət dirəklərin həssas yerlərdə basdırıl­ması səbəbindən etirazların daha da qızışa biləcəyindən” ehtiyat edir.

Bu arada qeyd edək ki, yürüş işti­rakçıları dünən, mayın 9-da İrəvana ye­tişiblər. Qalstanyan hər kəsi həmin gün yerli vaxtla saat 16:00-da Ermənistan paytaxtının mərkəzi “Respublika” mey­danına – “Vətən naminə Tavuş” hərəka­tının mitinqinə toplaşmağa çağırsa da, onun çağırışına səs verənlərin sayı çox az olub. Bu isə Ermənistan cəmiyyəti­nin ölkəni 20 ildən çox çapıb-talamış, bütün sahələri bərbad günə salmış Ro­bert Koçaryan–Serj Sarkisyan cütlüyü­nün başçılıq etdikləri Qarabağ klanının, digər revanşist kəsimin, eləcə də son vaxtlar onlarla bir cərgədə addımlayan kilsənin siyasi oyunlarına, fitnəkarlığına qoşulmamaqda israrlı olduğunu daha bir göstəricisi sayıla bilər.

Eyni zamanda, Ermənistan cəmiy­yəti onların kriminal keçmişinə bələddir və ölkədə silahlı qarşıdurma yarada biləcəklərini də istisna etmir. Bu məna­da, “Vətən naminə Tavuş” hərəkatının iştirakçılarını silahlı müqavimətə çağı­ran iki nəfər tutulması adi hadisə deyil. Belə ki, mayın 7-də “TikTok” platforma­sında hərəkat iştirakçıları arasında söh­bəti əks etdirən video yayılıb. Videoda silahlı müqavimətə çağırış yer alıb. Nə­ticədə mayın 7-də Ermənistan istintaq komitəsinin Kotayk regional istintaq idarəsində cinayət işi açılıb. Məluma­ta görə, idarəyə bir qrup şəxs tərəfin­dən qanunsuz olaraq silah-sursat əldə edilərək saxlanılması barədə məlumat daxil olub. Nəticədə şübhəli bilinən iki nəfər saxlanılıb.

Yeri gəlmişkən, onu da qeyd edək ki, yürüş-mitinqdə diqqəti cəlb edən ye­ganə məqam özünü etirazçıların lideri adlandıran B.Qalstanyanın ənənəvi qara rəngli paltardan imtina edərək, ağ rəngli paltar geyinməsi olub.

Ermənistanla aparılan demarkasi­ya prosesi, habelə keçirilən etiraz ak­siyaları ilə bağlı fikirlərini öyrəndiyimiz “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, politoloq İlqar Vəlizadə bildirdi ki, bütün dünya demarkasiya işlərinin Azərbaycan tərəfindən heç bir maneə olmadan görüldüyünü, problemsiz hə­yata keçirildiyini müşahidə edir. Onun sözlərinə görə, bu isə Azərbaycan tərə­finin həm prosesi, həm də sərhədi tam nəzarətdə saxladığından xəbər verir: “Yəni, biz tərəfdən hansısa xoşagəl­məz halın baş verəcəyi heç gözlənil­mir. Ermənistan tərəfindən isə təəssüf ki, biz müxtəlif siyasi qrupların prosesə müdaxiləyə cəhd etdiklərini, bəzən isə birbaşa buna nail olduqlarını görürük. Onlar müxtəlif çaxnaşmalar salırlar. Sərhədyanı ərazilərdə piketlər, etiraz aksiyaları həyata keçirilir. Bu, özlüyün­də yolverilməz bir haldır. Çünki sərhəd xüsusi rejimli ərazidir. Burada hansı­sa aksiyalar keçirmək, ümumiyyətlə, yolverilməzdir. Ancaq burada söhbət Ermənistandan getdiyi üçün deməli­yik ki, o ölkədən hər şey gözləniləndir. Hayastan cəmiyyətində 30 il ərzində belə fikirlər formalaşıb ki, işğal etdikləri ərazilərin hamısı onlara məxsusdur. Bu tezisi revanşist qüvvələr, yəni keçmişdə hakimiyyətdə olan dairələr və erməni kilsəsi yayırlar. Təəssüf ki, bu fikirlər Er­mənistan cəmiyyətində hələ də aktual olaraq qalır”.

İ.Vəlizadə qeyd etdi ki, demarkasi­ya prosesi sürətləndikdə biz ona qarşı müqavimətin də artdığını görürük. Bu isə gözlənilən bir hal idi. Müxtəlif qruplar prosesin əleyhinə çıxış edirlər. Burada müəyyən həmrəylik də hiss olunur: “Biz bilirik ki, müxalifət arasında daxili siyasi məsələlərlə bağlı fikir ayrılıqları olsa da, Azərbaycanla münasibətlər məsələsin­də hamısı vahid mövqedən çıxış edir­lər. Bu isə da revanşist qruplara, onla­rın arxasında dayanan siyasi dairələrə prosesi Paşinyana qarşı çevirməyə imkan yaradır. Biz bunun da şahidiyik. Hazırda Ermənistanda yeni anti-Paşin­yan dalğası qalxır. Bu, çox güman ki, uzunmüddətli proses olacaq. Hər şey Ermənistan hakimiyyətinin davranışın­dan, onun revanşistlərin müqavimətini necə qıracağından asılıdır”.

Politoloq bildirdi ki, Paşinyan iqtidarı hazırda məsələni güc yolu ilə deyil, dinc yolla həll etməyə çalışır. Ancaq etiraz dalğası böyüsə və hakimiyyətə real təh­didlər olsa, o zaman rəsmi İrəvan daha ciddi, təsirli metodlara əl atacaq. Artıq polis və digər güc strukturları baş na­zirin göstərişi ilə fəallıqlarını artırıblar. Siyasi ekspert hesab edir ki, proseslər bu minvalla bir müddət davam edəcək.

Onu da bildirək ki, Ermənistan istin­taq komitəsi aprelin 20-dən delimitasi­ya və demarkasiya əleyhinə aksiyalar­da iştirak edən 16 nəfərə qarşı cinayət təqibi başladıb. Komitədən verilən mə­lumata görə, ümumilikdə, aksiya işti­rakçılarının cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb.

Bu cinayət işlərindən 7-si yolları bağlayaraq avtoxuliqanlıq, fiziki güc tət­biqetmə, qəsdən əmlaka zərərvurma, polis əməkdaşlarının qanuni fəaliyyə­tinə maneolma, yol hərəkəti qaydalarını pozma faktları ilə bağlı açılıb. Qalan 4 iş nəqliyyat vasitələrinin təkərlərinin yarar­sız hala salınması, nifrətin qızışdırılması (“Sisernakaberd” memorial kompleksin­də baş verən insident), etiraz aksiyaları zamanı zorakılığa çağırışlar, həmçinin silahların əldə edilməsi və saxlanması ilə bağlıdır. Nəticədə 9 təqsirləndirilən şəxs həbs edilib, biri ev dustaqlığında­dır. Daha 3 nəfərlə bağlı yaşadığı yeri tərk etməmək, 3 nəfər barəsində isə in­zibati nəzarət növündə qətimkan tədbiri seçilib. İstintaq komitəsi bu hallarla bağlı təhqiqqatın davam etdirildiyini, qanuna­zidd əməllərin qarşısının bundan sonra alınacağını bildirib.

Səxavət HƏMİD,
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
48
Mənbələr
Şərh ()
Bağla