AZ

“Sevgimin yurdu”na “Mən qayıdıram…”

Bu kitabların azərbaycanlı müəllifinin əsərləri mindən artıq dildə nəşr olunub

Bakının Park Bulvar Ticarət Mərkəzində “Əli və Nino” kitab mağazasında Rusiyada yaşayan məşhur yazıçı soydaşımız Eldar Əhədovun dünya şöhrətli yazarların Azərbaycana səyahətlərindən bəhs edən “Mən qayıdıram...” kitabının təqdimatı keçirildi.

Azərbaycan oxucularının o qədər də yaxşı tanımadığı Eldar Əhədov Ru­siya Yazıçılar İttifaqı, "XXI əsrin yazıçı­ları" İttifaqı, Azərbaycan Yazıçılar Birliyi kimi yaradıcılıq qurumlarının üzvüdür. Uzun illərdir ki, Rusiyanın Krasnoyar­sk diyarında yaşayır. Yazıçının 2 kita­bı ABŞ-də, bir çox əsərləri isə Rusiya, Bolqarıstan, İsrail, Almaniya, Ukrayna, Qazaxıstan, Belarus, Meksika, Serbi­ya, Hindistan, Misir və eləcə də Vətəni Azərbaycanda nəşr edilib. 

Soydaşımız rus, Azərbaycan, ingi­lis, ispan, italyan və serb dillərində 76 şeir və nəsr kitabının müəllifidir. 2012-ci ildə beşcildlik seçilmiş əsərləri işıq üzü görüb. “Sənə dua edirəm” əsəri dün­yanın mindən çox dilinə, o cümlədən ərəb, yunan, ingilis, ispan, çin dillərinə tərcümə olunub. Bakıda təqdimatı ke­çirilən “Mən qayıdıram...” kitabı onun Azərbaycanla bağlı “Sevgimin yurdu”, “Xarıbülbül. Azərbaycan dastanı”ndan sonra növbəti populyar əsəridir. 

Azərbaycan əsilli yazıçı bir ay əvvəl Dünya Yazıçılar Təşkilatının keçirdiyi konqresdə dünya ədəbiyyatına verdiyi şəxsi töhfələrinə görə gümüş medalla təltif edilib. Dünya şöhrətli britaniyalı şair Riçard Berenqarten Kembric Uni­versitetində keçirilən mərasimdə Eldar Əhədovu “Rus dilində yazan görkəmli Azərbaycan şairi”, “Neizvestnaya Sibir” jurnalı isə illər əvvəl onu Rusiyanın ən istedadlı yazıçılarından biri adlandırıb. 2019-cu ildə yaradıcılığı “Başqa dildə əsərlər yaradaraq milli kimliyi qoruyub saxladığına görə” Avrasiya gümüş me­dalına layiq görülüb.

Xatırladaq ki, Bakıda doğulmuş El­dar Əhədov Sankt-Peterburq Dağ-Mə­dən Universitetinin məzunudur. Ali təh­silini başa vurduqdan sonra 40 il Uzaq Şimalda, Orta və Şərqi Sibirdə çalışıb. Tədqiqat işlərini insan ayağı dəyməyən məkanlarda – Qütbarxası sahələrdən monqol çöllərinə qədər, Yamaldan Tu­vayadək tayqanın və tundranın əlçat­maz yerlərində həyata keçirib. Uzaq Şimalda 2 çay onun adını daşıyır.

Eldar Əhədovun yaradıcılığının pərəstişkarları sırasında Nobel Sülh Mükafatı laureatı Bəxtiyar Siracov, Azərbaycanın xalq yazıçıları Çingiz Ab­dullayev və Natiq Rəsulzadə kimi tanın­mış soydaşlarımız, doğma Bakının bir çox yüksək zövqlü oxucuları var. 

Azərbaycan əsilli yazıçı Eldar Əhədovun “Əli və Nino”da oxucularla görüşü böyük ruh yüksəkliyi ilə keçdi. Yazıçı görüşünə gələnlərin suallarını cavablandırdı, yaradıcılıq uğurlarından və növbəti layihələrindən danışdı.

Namiq QƏDİMOĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla