AZ

COP29 bizim üçün zəfərin qlobal təqdimatı olacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. 

Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bakı iki həftə boyunca dünyanın mərkəzi olacaq və paytaxtımız təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Qeyd etmək yerinə düşər ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib ki, COP29 tədbirinin keçirilməsi ölkəmiz üçün olduqca tarixi əhəmiyyət daşıyır:

“Dünya dövlətlərinin hamısını əhatə edən və özünün statusuna görə BMT-nin növbəti sessiyasını xatırladan mühüm bir tədbirdən danışırıq. Bu tədbir keçmiş sovet məkanında, hətta bir çox sosialist ölkələrində belə keçirilməyib. 

Digər tərəfdən biz yaxşı başa düşürük ki, uzun əsrlər boyu yalnız neft və son 50 ildə isə qaz resursları üzrə ixtisaslaşan, iqtisadi gəlirləri məhz bu yöndə formalaşan ölkələr üçün bu tədbir ikiqat fürsətdir. İndi beynəlxalq məkanda bəzi anti-COPçular ölkəmiz əleyhinə apardıqları təbliğatda qeyd etdiyimiz tezisləri də gündəmə gətirirlər. 

Onlar deyir ki, necə olur ki, COP29 tədbiri neft ölkəsində keçirilir? Halbuki bundan öncə COP28 tədbiri BƏƏ-də oldu. Biz bunu tarixi bir fürsət kimi dəyərləndiririk. Bu özlüyündə ölkəmiz üçün bir sıra yeni iqtisadi, siyasi və geopolitik fürsətlər açacaq. Ölkəmiz “yaşıl Azərbaycan” kursunu seçir. Azərbaycanın neftdən asılılığını azaldaraq alternativ enerji sferasına doğru böyük bir çalışmaları ələ alıb. 2010-cu ildə ölkə başçısı bu istiqamətdə bir-birinin ardınca qərarlar verdi, ilkin işlər başladı. 

Təəssüflər olsun ki, bu sahəyə baxan müvafiq qurumların fəaliyyəti qənaətbəxş olmadı. Təkrar olaraq bu hərəkat Vətən müharibəsindən sonra yenidən başlayıb. Biz bunun şahidiyik ki, xarici kampaniyalar, dövlət dəstəkli investisiyalar alternativ enerji sektoruna yönəldilir. Bu isə indiki halda Mingəçevir və digər enerji stansiyalarının yaratdığından qat-qat böyük potensial güc deməkdir. O cümlədən biz onun ixracından danışırıq. Ötən prezident seçkiləri dövründə çıxışlarımda Zəngəzurdan keçəcək xəttləri “yaşıl Zəngəzur” xətti kimi gördüyümüzü də dilə gətirmişdim”. 

Deputat tədbirin Bakıda keçirilməsinin iqtisadi, siyasi və digər sahələrə verəcəyi töhfələrdən danışıb:

“Tədbir zamanı tanınan dövlətlərin rəhbərlərinin və yaxud təmsilçilərinin Bakıya gəlməsi Azərbaycanın biznes əlaqələri üçün də mühüm fürsətlər deməkdir. Onları ölkəyə cəlb etmək, müştərək sazişlər, müqavilələr imzalamaq ölkəmizin həyatında qeyd etdiyimiz sahələrdə çalışmalara getmək olduqca yüksək əhəmiyyət daşıyır. 

Əlbəttə, başa düşüləndir ki, 2050-ci ilə qədər karbon qazı ilə bağlı “zero karbon” deyilən siyasət nəzərdə tutulub. Bu qlobal istiləşməyə qarşı karbon qazının azaldılması ilə bağlı nəzərdə tutulan hərəkatdır. Ancaq məlum olduğu kimi COP tədbirləri gələcək dövrün büdcələrini yaradır. Biz indiki halda Azərbaycan Fransa münasibətlərini bir kənara qoysaq, yaxınlarda Parisdə keçirilən və COP29-la bağlı əsas qüvvələrin qatıldığı forma Azərbaycan yüksək rəsmiləri də qatılmışdılar. 

Orada qeyd olundu ki, hətta trilyon dollarlıq gələcək dövrün büdcələri yarana bilər. Çünki hər bir ölkə bu prosesə qatqılarını verməlidir. Ona görə də bu Qafqazın tarixi üçün tam yeni bir hadisədir. Bütün region ölkələri yüksək məmnuniyyət hissi ilə Bakının bu qərarı necə qazanmasını düşünür. Hətta Ermənistanla bu istiqamətdə, üstəlik sülh müqaviləsindən öncə anlaşmalara gedildi. 

Ona görə də biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizdə qətiyyən süni şişirtmələrə yol vermirik. Buna qədərki dövrdə keçirilən tədbirlərin nümunəsinə baxırıq. Azərbaycan tədbirinin ev sahibliyini qlobal bir sammit kimi əldə tutmaq üçün bütün sahələrdə ciddi tədbirlər həyata keçirməkdədir. Bu bizim üçün Vətən müharibəsindəki qələbəmiz və bütövlüyümüzdən sonra ilk, amma ən böyük tədbir sayılmalıdır. Mən buna həqiqətən də gələcək dövr üçün yeni nəhəng daşlarını qoyacaq hadisə kimi qiymət verirəm. Düşünürəm ki, açılan bu fürsətlər vətəndaşlarımız üçün geniş şərait demək olacaq. 

Mən çox arzulayıram ki, azad edilmiş torpaqlarımızın quruculuğuna qiqant şirkətlər cəlb olunsun. Onlar bu məkanda, şərqlə qərbin qovuşduğu yerdə özlərinə gələcək strateji planlar tapsınlar. Həqiqətən də, COP29 tədbiri ölkəmiz üçün çox böyük bir hadisədir. Açıq demək lazımdır ki, bununla bağlı cəmiyyətimizi məlumatlandırmağa ehtiyac var. Biz insanlarımıza sadə bir formada kütləvi olaraq təbliğ etməliyik, onlara açıla biləcək fürsətlərdən danışmalıyıq. Bizim zəfər ayımızda bu tədbir bizim üçün zəfərin qlobal təqdimatı olacaq”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla