AZ

Heydər Əliyev: dövlətçilik şüuru və milli ideya

(fəlsəfi təhlil)

III məqalə

Mən həmişə xalqıma xidmət et­mişəm, bundan sonra da xidmət edə­cəyəm.

Heydər ƏLİYEV,
Ümummilli lider

Bundan əvvəlki məqalədə dediyim kimi, siyasiləşmə, siyasi mədəniyyət və siyasi həmrəylik hər bir cəmiyyət üçün insanlarda ölkənin siyasi həyatında dərk olunmuş səviyyədə iştirakına imkan verən keyfiyyətlərə daxildir. Yəni məqsəd vətəndaşların könüllü və şüurlu surətdə cəmiyyət üçün aktual olan və prinsipial siyasi əhəmiyyət kəsb edən proseslərdə mütəşəkkil iştirak mühitinin yaradılması ilə bağlıdır. Burada həlledici rolu konkret ölkə və cəmiyyətin dövlətçilik ənənəsinin özəllikləri ilə müasir uğurlu dövlətçiliyin başlıca məqamları arasında optimal nis­bətin tapılması oynayır. Heydər Əliyev o miqyasda lider və dövlət xadimidir ki, Azərbaycan Respublikası üçün məsələ­nin bu aspektinin çox düzgün həll yolunu müəyyən etdi. Bu məqamı aydın anlamaq üçün problemin fəlsəfi və siyasi-nəzəri səviyyəsinə bir daha qayıtmaq lazım gəlir. 

Siyasi savadlılığın 3 komponenti və “rəngli seçici”

Məsələnin mahiyyəti ondan ibarətdir ki, siyasi savadlılıq dünyanın ən inkişaf etmiş ölkələri üçün də olduqca aktualdır. Təcrübə göstərir ki, siyasi savadlılıq zə­ruri səviyyədə olmayanda həmin ölkələrin cəmiyyətlərində də siyasi anemiya, siya­si abseintizim, “ideoloji miraj” kimi neqa­tiv hallar meydana gəlir və bu da siyasi təbliğatın təşkilinə mənfi təsir göstərir. Bunu “İGİ Global” beynəlxalq akademik nəşriyyatın apardığı araşdırmalardan da görmək mümkündür. 

“İGİ Global” 1988-ci ildə ABŞ-ın Herş şəhərində (Pensilvaniya) yaradılmışdır. Fəaliyyət istiqaməti süni intellekt, kompü­ter texnologiyalarının, informasiya-kom­munikasiya texnologiyalarının fonunda dünya üçün aktual olan müxtəlif problem­lərin təhlilini aparmaqla bağlıdır. Şirkət Massaçusets Texnoloji İnstitutu, Kembric, Oksford, Harvard, Stenfrod, Sinxua (Çin) universitetləri və Avstraliya Milli Universi­teti ilə sıx əməkdaşlıq edir. Onların apar­dıqları tədqiqatları dərc edir. 2024-cü ilə qədər “İGİ Global” dünyanın 100.000-dən çox aparıcı tədqiqatçısının araşdırma­larını dərc etmişdir. Yəni onun fəaliyyət dairəsi və tədqiqat miqyası bütün dünya­nı əhatə edir. Müəlliflər çox tanınmış və araşdırmaları dünyada qəbul edilən şəxs­lərdir. 

“İGİ Global”ın 2019-cu ildə rəsmi say­tında siyasi savadlılıqla əlaqəli maraqlı bir araşdırmanın nəticələri təhlil edilmişdir. Həmin tədqiqat Stenford Universiteti tərə­findən 2016-cı ildə aparılmışdır. O araş­dırmada göstərilir ki, 2016-cı ildə ABŞ-da prezident seçkiləri zamanı aparıcı namizədlər haqqında seçicilər 30 milyon (!) dəfə yanlış informasiyalar (“feyk infor­masiyalar”) yaymışlar. Siyasi cəhətdən bu faktın düşündürücü tərəfi ondan ibarət­dir ki, bu kimi informasiyaların Amerika kimi inkişaf etmiş dövlətdə əlçatanlığı, oxunaqlığı və yayılması son seçkilərdə, demək olar ki, kütləvi hal almışdır. Nəzə­riyyəçilər həmin seçici kəsimini “rəngli seçici” adlandırmışlar. Deməli, ABŞ cə­miyyətində yalan informasiyalar üzərin­də xüsusi seçici qrupu formalaşmışdır ki, onların obrazı “rəngli” adlandırılır. Çünki məqsəd cəmiyyətdə siyasi qey­ri-müəyyənlik, əsassız radikal dəyişiklik yaratmaqdan ibarətdir (bu faktın fonun­da “rəngli inqilablar”ın əsl siyasi məqsədi haqqında düşünək). “Rəngli seçici” yalnız bunlarla məhdudlaşmır – onun sosial-si­yasi və mənəvi-əxlaqi, ideoloji, mədəni “kökü” daha geniş və düşündürücü fak­torlarla əlaqəlidir. Alimlər də problemin bu tərəfindən ehtiyat edirlər. 

Bu ehtiyatlılığın mərkəzində “rəngli seçici”nin həm də “millenial” olması da­yanır. İndi milleniallıq bütün cəmiyyətlər üçün siyasi və mədəni-mənəvi aspektlər­də olduqca aktual problemdir. Onun üzə­rində ayrıca dayanmaq gərəkdir. Öncə, yuxarıda vurğulanan özəlliklər prizmasın­da “İGİ Global”ın siyasi savadlılıqla bağlı üç prinsipini qeyd edək. Onlar aşağıdakı­lardır:

–siyasi savadlı insan həm siyasi struk­tura, həm də siyasətin milli ilə yanaşı, re­gional və qlobal təsirinə dərindən nüfuz etməlidir; 

–siyasi savadlı insan dövlət və siya­si işlərdə aktiv iştirak etmək üçün lazımi bilik, bacarıq və vərdişə malik olmalıdır;

- milli miqyasda siyasi proseslərdə iş­tirak etməlidir.

Bu punktları bir qədər sonra təhlil edə­cəyik, indi “millenial”lara baxaq. 

“Millenial” gənc seçici 

“Millenial” termini “Millenium” sözün­dəndir. Millenium “minillik” deməkdir. Müasir dünyada “Millenium” termini ilə minilliklərin kəsişməsində həm yeni minil­liyin başlamasını, həm də onun öncəkilər­dən fərqli olduğunu ifadə edirlər. 

Bu anlayışın demoqrafik aspektdə anlamı 1981–1996-cı illər arasında doğu­lan insanlarla bağlıdır. Göründüyü kimi, onlar, demək olar ki, gənc nəsli təşkil edirlər. Termini ilk dəfə 1987-ci ildə yazı­çılar Uilyam Ştraus və Hil Hou işlətmişlər. Bununla onlar məktəbi 2000-ci ildə, yəni yeni minilliyin astanasında bitirənləri ifadə etmişlər. Həmin nəsil insanlar məktəbi bi­tirəndən sonra faktiki olaraq real müstəqil həyata atılacaqdılar. Məsələnin də siya­si-ideoloji və mənəvi-mədəni aspektlərdə əhəmiyyətli tərəfi bununla bağlıdır. 

Konkret olaraq, hələ keçən əsrin 80-90-cı illərində yeni nəsil insanların hansı mənəvi-etik və siyasi-mədəni keyfiyyət­lərə malik olacaqları aktual şəkildə qarşı­da dayanmışdı. Lakin bu məqamı hər si­yasi lider görə bilmədi. Bu görməməzliyin əlamətləri hansılardır? Bunun üçün gənc millenialın bir sıra psixoloji özəlliklərinə və sosiallaşma mexanizmlərinə baxaq.

İndi onların təqribən 18-45 yaşları var­dır. Cəmiyyətlərdə, xüsusilə, Qərb cəmiy­yətlərində gənc təbəqənin əksəriyyətini təşkil edirlər. Bu da millenialların ictimai rəyə ciddi təsir edə biləcəyini göstərir. Bundan başqa, onların həyat idealları və təbliğat istiqamətləri, dəyərləri seçmə me­yarları öncəki nəsillərdən ciddi fərqlənir. Milleniallar daim oxuyarlar, yenidən oxu­yarlar, adaptasiya olarlar, peşələrini də­yişərlər. Onlar üçün Vətən anlayışı arxa plandadır. Dünyanı vətən sayarlar. Lakin psixoloji, mədəni və peşə tərkiblərinə görə fərqlidirlər. Onlarla ümumi dil tapmaq asan deyildir. Onlar üçün vergi ödəmək yüksək dəyərdir. Məsələnin mənəvi və si­yasi tərəfi elə də maraqlı deyildir.

Millenial bu günlə yaşayır. Uzunmüd­dətli plan qurmur. Skeptikdir, praqmatik­dir, fərdiyyətçidir. Qeyri-sabit özünüqiy­mətləndirməsi vardır. Özündənrazılıq sindromu vardır. Yalnız yaxın dairələrlə ünsiyyət qurmağa çalışır. Başqaları ilə məsafə saxlayır. Bu da onların sosiallaş­masını öncəki nəsillərdən fərqləndirir ki, siyasi və mədəni proseslərə fərqli baxır. Buna görə də cəmiyyət səviyyəsində baş verənləri adekvat qiymətləndirməyə və onlara ümumtoplum mövqeyindən bax­mağa çətinlik çəkir. Buna baxmayaraq, hamıdan üstün olmağa can atır. Onlar üçün şəxsi karyera və maddi təminat yük­sək dəyərlərdir. Ailə həyatını da karyera və reklam kontekstində qururlar. Karyera və şəxsi sağlamlıq (“indi dəb olan “özünə yaxşı bax” deyimini xatırlayın) ön planda­dır. Əksini düşünmürlər belə. 

Heç kəsə inanmazlar. Çağırışlara şübhə ilə baxarlar (xüsusilə, dövlət və cə­miyyət həyatı ilə bağlı çağırışlara). Daha çox səthi təəssürat aludəçiləridir – daimi dəyərləri sevməzlər. Gözəl zahiri həyatı qəbul edirlər. Buna görə də daim seçim etməkdə çətinlik çəkərlər – hər şey onlar üçün dəyişkən olduğundan nəyi seçmə­yin daha yaxşı olduğunu müəyyən edə bilmirlər. Həmin səbəbdən də böyük si­yasətdən qorxarlar. Toplumun ümumi problemlərindən kənarda qalmağa çalı­şarlar. Onlar selfini sevərlər, həm də məş­hurlara oxşamağa da üstünlük verərlər. Avtoritetləri inkar edərlər. 

Millenialların sosial, psixoloji və siyasi xarakteristikalarının siyahısını uzatmaq da olardı. Lakin vurğulananlar da bizi ma­raqlandıran problem baxımından ümumi mənzərəni yaradır. Məsələ ondan ibarət­dir ki, bu tip insanlar həm gənc, həm də sosial sferada, informasiya bölüşümündə çox fəaldırlar. Bu üsulla ümumi ictimai rəyə təsir edə bilirlər. Onları obrazlı şəkil­də həm də “rəqəmsal səyyahlar” adlan­dırmaq olar. 

“Rəqəmsal səyyahlar”

Rəqəmsal texnologiyalar şəraitində bu növ insanlar daimiliyi sevmədiklə­rindən ideoloji, siyasi, vətən, dövlət və cəmiyyət aspektlərində də dayanıqlı və davamlı mövqeni qəbul etmirlər. Onlar üçün Qərbdə yaranmış “posthəqiqət” daha önəmlidir. Yəni toplum və dövlətin baxışları prizmasında həqiqi sayılan fakt­lar deyil, şəxsi maraqlara xidmət edən və dəyişkən məzmunlu informasiyalar–feyk­lər maraqlıdır. Bu adamlar kompüterdə dünyanı görürlər və onlara elə gəlir ki, əsl gerçəklik elə kompüterin ekranında­dır. ABŞ-dakı son seçkilərdə feyklərin milyonlarla olması səbəbi bu kimi özəllik­lərlə bağlıdır. Seçici kompüterdə “rəqəm­sal səyahətə” çıxır və informasiyalara həqiqət pəncərəsindən deyil, “rəngli re­allıq” kimi yanaşır. Bu səbəbdən istənilən siyasi namizəd onun üçün oyundur, onun haqqında kompüterdə şok yaradan infor­masiya quraşdırar, lakin bu əməlin ictimai fəsadı vecinə olmaz. Onun üçün yaşadığı cəmiyyətin və vətəndaşı olduğu dövlətin taleyi deyil, “rəqəmsal səyahət”in verdiyi psixoloji təminat mirajı önəmlidir.

Sosial məsuliyyət və siyasi gerçəklik

Onu ifadə edir ki, hələ keçən əsrin 80-90-cı illərindən müdrik elm adamları və siyasi zəkası yüksək olan liderlər cə­miyyətdə baş verən keyfiyyət dəyişikliyini aydın görür və onu proqnozlaşdırırdılar. Onlar hiss etmişdilər ki, yeni nəsil insanlar başqa siyasi texnologiyaları qəbul edə­cəklər. Onlar üçün klassik anlamda vətən, dövlət, milli maraqlar və s. kimi anlayışlar ön sırada olmayacaq. “Rəngli seçici-mil­lenial” cəmiyyətə “rəngli eynəkdən” baxa­caq. Milli dövləti saxlamaq üçün çıxış yolu nədən ibarət ola bilərdi?

Burada hər bir cəmiyyət üçün (yuxarı­dakı nümunə də göstərir ki, bu qayda ən yüksək inkişaf etmiş dövlətlərə də aiddir) özünü qorumağa və inkişaf etdirməyə şərait yaradan mənəvi, psixoloji, sosial, iqtisadi və siyasi mühit formalaşdırmaq zəruridir. Bu vəzifə sovetlərdən təzəcə xilas olmuş və müstəqilliyini əldə etmiş cəmiyyətlər üçün daha çox aktuallıq kəsb edir. Çünki köhnə aradan çıxmamışdır və yeni formalaşmamışdır. Məhz həmin məqamda əksər postsovet ölkəsi yanlış yolu seçdilər. Onlar yeni liberalizm adı al­tında faktiki olaraq “rəngli seçici-millenial” yetişdirən siyasi-ideoloji kurs götürdülər. Kənardan olan təsirlər nəticəsində cə­miyyətlər öz daxillərində özlərinə laqeyd, separatçı, fərdiyyətçi, şəxsi istəklərini və marginal davranışlarını əsas tutan nəsil yetişdirdilər. Həmin kəsim psixoloji ola­raq demokrat olduqlarını hesab edirdilər, gerçəklikdə isə cəmiyyətə antidemokra­tik, səbirsiz, ikili standartlarla və “məhəlli psixologiyası” ilə baxan kəsim idi. Bu in­sanlar seçkidə düzgün və toplumun xey­rinə seçim edə bilməzdilər, çünki zahirən gözəl həyat, karyera, fərdi fərqlilik və s. kimi illüziyaların içində özlərinə xoşbəxt gələcək axtarışında idilər. İndi postso­vet məkanı ölkələrinin bir çoxunda bu sindromdan cəmiyyət əziyyət çəkir, xarici dairələr isə məharətlə istifadə edirlər. Bu­nunla sosial məsuliyyətlə siyasi gerçək­lik arasında uçurum getdikcə dərinləşir. Azərbaycan istisna oldu. Hansı səbəblər­dən?

Heydər Əliyev seçimi: minilliyin uğuru

Bu seçimlə təkcə qürur duymaq ki­fayət etmir. Onun strateji mənasını və əhəmiyyətini anlamaq çox vacibdir. Çün­ki söhbət əsrin astanasında Azərbaycan Respublikasının seçdiyi dəyərlər sis­temindən, dövlət quruculuğu kursunun mahiyyətindən gedir. Ulu öndər Heydər Əliyev postsovet məkanında yeganə döv­lət başçısı və lider oldu ki, həmin ziddiy­yətli, şirnikləndirici və bu mənada aldadıcı proseslərin “iç üzünü” gördü və ən düz­gün seçimi etdi. 

İndi aydın olur ki, Ümummilli lider “rəngli seçici-milleniallar”ın formalaşma­sı ehtimalını istisna etməmişdir. Əksinə, bu məqamı məharətlə nəzərə alaraq ön plana gənclərin milli, mənəvi, əxlaqi və siyasi-ideoloji tərbiyəsi məsələsini çıxar­mışdır. Heydər Əliyev Azərbaycan cəmiy­yətinin demoqrafik passionarlığını diqqət­də saxlayaraq gənclərin toplumda aparıcı rol oynayacağını dəqiq proqnozlaşdırmış­dı – “gənclər bizim gələcəyimizdir!” 

Deməli, kim azərbaycanlı gənclərin beyninə və qəlbinə hakim olacaqdısa, Azərbaycan da onun olacaqdır! Heydər Əliyev Azərbaycan Respublikasının Azər­baycan xalqının olması üçün xüsusi döv­lət quruculuğu konsepsiyasını müəyyən etdi. Burada gənclərin təhsili və siyasi savadı ön planda idi. 

Təcrübə göstərir ki, Ulu öndər da­hiyanə düzgün yol seçmişdir. Keçən müddətdə Azərbaycan cəmiyyəti “rəngli inqilablara” uymayan və “rəngli seçici-mil­leniumlara” meydan verməyən gənclər yetişdirə bilmişdir. Onların böyük əksə­riyyəti indi YAP-ın əsas aparıcı hissəsini təşkil edir. Məhz bu cür gənclərin dəstə­yi ilə Prezident dövləti və cəmiyyəti ye­ni-yeni uğurlara aparmaqdadır. Kənardan olan heç bir “rəngli təsir” Azərbaycanda ayaq tutub kök sala bilmədi. Bu prosesdə yuxarıda vurğuladığımız siyasi anemiya, siyasi abseintizm və ideoloji qeyri-müəy­yənlik meydana gəlmədi. Bu səbəbdən, Azərbaycan Avrasiyada milli ideyanı tam reallaşdıran ölkə oldu! Bu tezis yuxarıda vurğuladığımız siyasi savadlılığın üç prin­sipi fonunda olduqca maraqlı görünür.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla