AZ

Atom müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Rusiya bu halda nüvə silahına əl atacaq”

Ukrayna müharibəsi daha da genişlənə bilər. Belə ki, son zamanlar Fransa başda olmaqla bir sıra Qərb ölkələri Ukranaya qoşun göndərməyin vacibliyini qeyd edirlər. Hətta bir sıra mətbu orqanın yazdığına görə, Fransa hərbi qüvvləri artıq Ukraynadadır və onların sayı artacaq. Litva da Parisin ardınca Ukraynaya ordu göndərə biləcəyini bəyan edib. 

Bu fonda Rusiya Ukraynadakı NATO ölkələri qüvvələrinin yerləşdiyi hədəfləri də vuracağını bildirib. Rusiya həmçinin qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün hərbi təlimlərə başlayıb. 

Üstəlik, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dimitri Medvedev Qərb ölkələrini nüvə zərbəsi endirməklə təhdid edib. 

Yaranmış durumda bir sıra ekspertlər nüvə müharibəsi təhlükəsinin yaxınlaşdığını iddia edir. 

Görəsən, Rusiya mövcud vəziyyətdə nüvə silahına əl atacaq?  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, mövcud durumda Rusiyanın taktiki nüvə silahına əl atmasına heç bir ehtiyac yoxdur: 

“Rusiya Ukrayna müharibəsində təşəbbüs hələlik Moskvanın tərəfindədir. 2023-cü ilin əks-hücum  kampaniyası Ukrayna üçün gözlənilən nəticələri vermədi. Üstəlik son bir ayda Rusiya Ukraynanın 600 kvadrat kilometr ərazisini işğal edib. Artıq Ukraynanın 120 min kv.km ərazisi Rusiyanın nəzarəti altındadır. İndilikdə hərşey Rusiyanın istədiyi kimi davam edir. Belə şəraitdə Moskvanın taktiki nüvə silahından istifadə edəcəyini güman etmək mümkün deyil. 

Rusiya təşəbbüs Ukrayna ordusunun əlinə keçəcəyi və onların əraziləri sürətlə azad etməyə başladığı halda taktiki nüvə silahından istifadə etməyə cəhd edəcək. Qərbin yardımı hər zaman ləngidilir. Hətta bu yardımın böyük hissəsi hərbi məqsədlərə yönəldilmir. Bu durumda cari ildə Ukraynanın müharibə meydanında ciddi nəticələr əldə etməsi çətin məsələdir. Trampın ABŞ-dakı noyabr seçkilərində qalib gəlməsilə isə bu ölkənin Ukraynaya yardımı ümumiyyətlə dayana bilər. Bu şəraitdə isə Rusiyanın taktiki nüvə silahlarına əl atmasına heç bir ehtiyac yoxdur”. 

Ekspertə görə, Kiyev təşəbbüsü ələ alarsa, yalnız bu halda Moskva nüvə silahına əl atmaq barədə düşünə bilər: 

“Tramp seçkidə məğlub olsa və Qərb Kiyevə yardımları iki dəfə artırsa, Ukraynanın təşəbbüsü ələ almaq imkanı olacaq. İndilikdə isə bu barədə danışmaq tezdir. Ukrayna ərazisini raketlərdən qorumaq üçün ölkənin 25 ədəd “Patriot” batereyalarına ehtiyacı var. Amma hələlik bunun cəmi ikisini əldə edib. Belə gediş və münasibətlə Kiyevin təşəbbüsü ələ alacağını güman etmək çətindir”.

Rüfət Sultan, Bizim.Media 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
Mənbələr
Şərh ()
Bağla