AZ

İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?..-SUAL-CAVAB

"Peyğəmbərin həyat yoldaşlarının sayını əldə bəhanə tutan qərəzli şəxslər sübut etməyə çalışmışlar ki, o (nəuzu billah) şəhvətə aludə imiş (!) Bu çirkin iftiralara cavab verməzdən əvvəl, müqəddimə olaraq, bir neçə məsələyə qısaca toxunmaq lazımdır..."
 
İslam dini özünün cahanşümul keyfiyyətlərinə görə dünyada özünə xeyli dost qazandığı kimi, düşmənlər də qazanmışdır. İslamın 14 əsrlik tarixi boyunca dinimizin həm ideoloji əsaslarına, həm şəriət hökmlərinə, həm də məsumlarımızın həyat və fəaliyyətlərinə yersiz iradlar tutulmuş, həyasız töhmətlər və iftiralar atılmışdır. Bu çirkin iftiraların əksəriyyəti dinimizə qarşı qərəzli mövqedə duran Qərb “təqdiqatçıları” tərəfindən irəli sürülmüşdür. Həmin iftiralardan biri də bundan ibarətdir ki, guya Həzrəti Muhəmməd Peyğəmbər (s) qadınlara həddən artıq meyil göstərmişdir.
 
Peyğəmbərin həyat yoldaşlarının sayını əldə bəhanə tutan qərəzli şəxslər sübut etməyə çalışmışlar ki, o (nəuzu billah) şəhvətə aludə imiş (!) Bu çirkin iftiralara cavab verməzdən əvvəl, müqəddimə olaraq, bir neçə məsələyə qısaca toxunmaq lazımdır:
 
1. Peyğəmbərimizin çox qadınla evlənməsi, Allah tərəfindən ona verilmiş imtiyaz idi. Sıravi müsəlmanlar eyni vaxtda yalnız 4 qadınla daimi evlilik halında yaşaya bildikləri halda, Həzrəti Rəsulullaha (s) onlardan seçilmək üçün daha çox qadınla evlənmək icazəsi verilmişdi. Zəməxşəri və başqa bəzi alimlərin qeyd etdiyinə görə, Peyğəmbərimiz eyni vaxtda 9 qadınla daimi evlilik halında yaşaya bilərdi. (Əlbəttə, 9 rəqəminin son hədd olması qəti hökm deyil, nəzəriyyədir).
 
2. Peyğəmbərimizin həyat yoldaşlarının sayı barasində mənbələrdəki məlumatlar ziddiyyətlidir. Mərhum Mudərris Təbrizi “Reyhanətu’l-ədəb” kitabının sonuncu cildində, “Ummu’l-muminin” başlığı altında yazır ki, Peyğəmbərin həyat yoldaşlarının 11, 12, 15, 18, 21 və 22 nəfər olması barəsində nəzəriyyələr mövcuddur. Məşhur tarixçi Məsudi “Murucu’z-zəhəb” kitabında (2-ci cild, səh. 282-283) qeyd edir ki, Həzrəti Muhəmməd Peyğəmbər (s) 15 nəfər qadınla evlənmişdir. O, bunların 11 nəfəri ilə fiziki əlaqədə olmuş, 4-ü ilə isə yaxınlıq etməmişdir. Məsudi “Murucu’z-zəhəb”də qadınlardan yalnız üçünün – Xədicə, Səvdə və Aişənin adını çəkib, haqlarında qısa məlumat verir. Özünün qeyd etdiyinə görə, o, Peyğəmbərin xanımlarının hamısı barəsində başqa bir əsərində – “Kitabu’l-əvsət”də ətraflı söz açıbmış; “Murucu’z-zəhəb”də isə yalnız qadınların sayını qeyd etməklə kifayətlənir. Həzrəti Muhəmmədin (s) həyatından bəhs edən “Sireyi-İbn Hişam” kitabında Pey-ğəmbərin xanımlarının sayı 13 nəfər göstərilir. Peyğəmbər onların 11-i ilə əlaqədə olmuşdur. Bu 11 nəfərdən ikisi (Xədicə və Zeynəb binti Xuzeymə) Peyğəmbərin sağlığında vəfat etmiş, qalan 9-u isə Peyğəmbərdən sonra da yaşamışdır. Onların adları belədir: Xədicə, Aişə, Səvdə, Zeynəb binti Cahş, Ummu-Sələmə, Hafsa, Ummu-Həbibə, Cuveyriyyə, Səfiyyə, Meymunə, Zeynəb binti Xuzeymə. Peyğəmbərin əlaqədə olmadığı o biri iki qadının adı isə Əsma və Umrədir (“Sireyi-İbn Hişam”, fars. tərc., cild 2, səh. 417-422). Həmin kitabda 13 nəfərin hər biri barədə qısa məlumat verilmişdir. Digər məşhur tarixçi Yəqubi Həzrəti Peyğəmbərin (s) 21 və ya 23 nəfər qadınla evləndiyini yazmışdır. Yəqubi qeyd edir ki, Peyğəmbər bu qadınlardan yalnız 13 nəfəri ilə əlaqədə olmuşdu. Qalanları ya kəbin kəsiləndən sonra, zifafdan əvvəl vəfat etmiş, ya da zifafdan əvvəl Peyğəmbər onlara talaq vermişdi. 13 nəfərin siyahısına “Sireyi-İbn Hişam”dakı 11 nəfər, Mariyeyi-qibtiyyə və Ummu-Şərik Qəziyyə adlı qadın aiddir (“Tarixi-Yəqubi”, fars. tərc., cild 1, səh. 452-455). Ehtimal olunur ki, Yəqubi öz kitabında Peyğəmbərin yalnız daimi həyat yoldaşlarının deyil, kənizlərinin də adını qeyd etmişdir; buna görə də onun kitabında 20 nəfərdən çox qadının siyahısı verilir. Mudərris Təbrizi “Reyhanətu’l-ədəb” kitabında saydığı nəzəriyyələrin birində “Sireyi-İbn Hişam”dakı 11 nəfərlik siyahını təkrar etmişdir. Əllamə Təbərsi “İlamu’l-vəra” kitabında həmin 11 nəfərə daha 10 nəfəri də əlavə edərək, ümumi sayı 21-ə çatdırmışdır. Təbərsinin fikrincə, Peyğəmbər bu qadınların 12-si ilə (əvvəlki 11 nəfər və Ummu-Şərik) əlaqədə olmuşdur. Əllamə Məclisi də “Biharu’l-ənvar”da sonuncu məlumatı təsdiq edir, amma Peyğəmbərin əlaqədə olmadığı qadınların sayını 10 nəfər göstərir. Beləliklə, Əllamə Məclisiyə görə, Həzrəti Rəsulullahın (s) xanımlarının ümumi sayı 22 nəfər imiş. Bir daha qeyd edirik ki, bəzi kitablarda Peyğəmbərin xanımlarının sayının çox olması bu səbəbdəndir ki, müəlliflər kənizləri də buraya aid etmişlər. Bəzən eyni bir qadının başına gələn hadisələr iki müxtəlif adama aid edilmiş, bəzən də bir qadının adındakı nöqtə və hərflərin dəyişməsi üzündən yeni ad yaranmışdır. Fransız tədqiqatçısı Qustav le Bonun “İslam və ərəb mədəniyyəti” kitabını fars dilinə tərcümə etmiş Seyyid Haşim Hüseyni də Peyğəmbərin izdivacları mövzusunda yazdığı müxtəsər haşiyələrdə Peyğəmbərin 11 nəfər xanımı haqqında məlumat verir. Yeri gəlmişkən qeyd edək ki, Qustav le Bon (1841-1931) da adı çəkilən kitabda İslam mədəniyyəti barəsində ətraflı və düzgün məlumat verməsinə baxmayaraq, Həzrəti Muhəmməd Peyğəmbəri (s) “qadınlara ifrat meyil göstərməkdə” ittiham etmişdir. Seyyid Haşim Hüseyni bir tərcüməçi kimi müəllifin sözlərinə əmanətlə yanaşmaqla yanaşı, bu və digər ziddiyyətli məqamlarda haşiyə şəklində öz etirazlarını bildirmiş, qənaətbəxş cavablarla dinimizi bəzi haqsız irad və töhmətlərdən müdafiə etmişdir...
 
Həzrəti Peyğəmbərin (s) izdivacları
 
Həzrəti Muhəmməd Peyğəmbərin (s) izdivaclarının səbəb və şəraitini araşdırarkən, konkret olaraq 11 halın hər birini ayrı-ayrılıqda tədqiq etməliyik. Aşağıda Peyğəmbərin 11 xanımının hər biri barəsində qısa məlumat verilir.
 
1. Həzrəti Muhəmməd Peyğəmbər (s) 25 yaşına kimi subay olmuş, 25 yaşında ikən ilk dəfə ailə qurmuşdur. Onun ilk həyat yoldaşı Qureyş soyundan olan Xədicə binti Xuveylid idi. Peyğəmbərimiz Məkkədə öz əmanətdarlığı ilə məşhur olduğundan, Xədicə Şama (Suriyaya) göndərdiyi ticarət karvanına başçılıq etməyi ona təklif edir. Həzrəti Muhəmməd (s) Xədicənin karvanına rəhbərliyi öhdəyə götürərək Şama yollanır və böyük qazanc ilə qayıdır. Bu zaman Xədicə öz rəfiqələri vasitəsilə xəbər göndərib Muhəmməd (s) kimi şəxsin həyat yoldaşı olmaqdan məmnun qalacağını bildirir və Həzrəti Muhəmməd (s) Xədicə ilə evlənir. Peyğəmbərimizə ərə gedərkən Xədicənin artıq 40 yaşı var idi və bundan əvvəl iki dəfə ərdə olmuşdu. Birinci dəfə Əbu Halə adlı şəxslə ailə qurmuş, sonra boşanıb Ətiq adlı şəxsə ərə getmişdi. Xədicənin bu iki nəfərdən övladları da var idi. Həzrəti Xədicənin uca məqamı ilə bağlı bu üç nöqtəni qeyd etmək kifayətdir: Birincisi, Həzrəti Xədicə İslamı qəbul etmiş ilk şəxsdir. İkincisi, o, bütün sərvətini Həzrəti Muhəmmədin (s) peyğəmbərlik missiyasına yardım etmək üçün xərcləmiş və İslamın inkişafına güclü kömək göstərmişdir. Üçüncüsü, Həzrəti Muhəmməd Peyğəmbər (s) Xədicənin vəfatına qədər başqa qadınla evlənməmiş, ömrünün sonuna qədər isə Xədicənin adını ehtiramla yad etmişdir.
 
2. Həzrəti Xədicənin vəfatından bir qədər sonra Peyğəmbərimiz (s) Qureyş soyundan olan Səvdə binti Zəm’a ilə ailə qurdu. Səvdə bundan əvvəl Səkran adlı müsəlmanın həyat yoldaşı idi və əri ilə birlikdə Həbəşistana hicrət etmişdi. Həbəşistandan qayıtdıqdan sonra Səvdənin əri vəfat etdi. Belə bir şəraitdə himayəsiz qalmış Səvdə ya öz müşrik qohumlarının yanına qayıtmalı, ya da maddi və mənəvi əziyyətlərlə üzbəüz qalmalı idi. Birinci halda o, dinini itirəcək və müşrik olmaq məcburiyyəti qarşısında qalacaqdı. İkinci halda isə, aclıq və səfalətlə üzləşəcəkdi. Həzrəti Muhəmməd (s) bu mömin qadını himayə edib çətinliklərdən qorumaq üçün onunla evləndi.
 
 
3. Rəvayətlərə görə, Peyğəmbərin xanımları arasında yeganə bakirə qız Aişə binti Əbu Bəkr olmuşdur; qalan qadınların hamısı Həzrəti Muhəmmədə (s) ərə gedərkən dul olmuşlar. Hicrətdən iki il qabaq, Aişənin 7 yaşı olarkən, onun kəbini Peyğəmbərimizə kəsilmiş, lakin yaşı az olduğundan Peyğəmbərimiz onunla bir müddət əlaqədə olmamışdır. Aişənin 9 yaxud 10 yaşı tamam olanda Peyğəmbərimiz onu həyat yoldaşı kimi qəbul etmişdir. Məlum olduğu kimi, Həzrəti Muhəmməd Peyğəmbərin (s) Aişə ilə evlənməsinin səbəbi, onun atası Əbu Bəkrlə münasibətləri dərinləşdirmək, Əbu Bəkri İslama daha da yaxınlaşdırmaq idi. (Aişənin Peyğəmbərə ərə gedərkən daha çox yaşa malik olması, hətta bundan əvvəl başqa adamın həyat yoldaşı olması barədə də məlumatlar vardır ki, bunlar əksər tarix kitablarında göstərilən yuxarıdakı görüşlərə uyğun olmadığı üçün, onları burada qeyd etmirik).
 
(Davamı var)
 
İslam.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
Mənbələr
Şərh ()
Bağla