AZ

Murad Məmmədov, Rafiq Hüseynov və Sabah Şəriəti Parisə gedir!

Azərbaycanın daha 3 güləşçisi – Murad Məmmədov, Rafiq Hüseynov və Sabah Şəriəti Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Arena.az xəbər verir ki, bu gün Türkiyədə güləş üzrə Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

İstanbul şəhərində təşkil olunmuş yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Azərbaycan millisinin 4 “klassik”i Paris-2024-ə son lisenziyalar üçün mübarizəyə başlayıb. Təmsilçilərimizdən üçünün çıxışı daha uğurlu alınıb.

60 kq-da yarışan Murad Məmmədov təsnifat mərhələsində Aleksandrs Yurkyans (Latviya) ilə qarşılaşıb. O, 10:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın üzvü 1/8 finalda Kristofer Kramerlə (Almaniya) münasibətinə aydınlıq gətirib. Məmmədov bu görüşdən də üstün ayrılıb – 10:1. Murad 1/4 finalda polşalı Mixal Tratsla güləşib. O, bu rəqibini də məğlub edib. 5:1 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib. Məmmədov finala gedən yolda Razvan Arnautla (Rumıniya) qarşılaşıb. Yarımfinal görüşünü də qələbə ilə başa vuran Məmmədov Azərbaycanın Olimpiadaya 21-ci lisenziyasını rəsmiləşdirib.

87 kq-da mübarizə aparan Rafiq Hüseynov təsnifat mərhələsində İlyas Paqkalidislə (Yunanıstan) qarşılaşıb. Titullu güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Hüseynov ikinci qarşılaşmasında hindistanlı Kumar Sunilə də gücünü göstərib – 4:3. İkiqat dünya çempionumuz növbəti sınağında Aleks Kessidislə (İsveç) üz-üzə gəlib. Rafiq bu deuli də aktivinə yazıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən yığmanın lideri yarımfinala vəsiqə əldə edib. O, lisenziya uğrunda gürcüstanlı Laşa Qobadze ilə qarşılaşıb və növbəti qələbə sayəsində ölkəmizə 22-ci lisenziyanı qazandırıb.

97 kq-da çıxış edən və təsnifat mərhələsindən yarışa başlayan Murad Əhmədiyev Riçard Karelsonu (Estoniya) sınağa çəkib. Sonuncu xal prinsipi ilə qələbə qazanan (1:1) Murad 1/8 finalda Yuri Nakazato (Yaponiya) ilə görüşüb və məğlubiyyətə üzülüb – 1:3.

130 kq-da yarışan Sabah Şəriəti təsnifat mərhələsində Nikolaos Ntunyasa (Yunanıstan) qalib gəlib – 8:3. O, 1/8 finalda Roman Kimlə (Qırğızıstan) qüvvəsini sınayıb. Tam üstünlüklə (10:0) qalib gələn Olimpiya mükafatçısı 1/4 finala yüksəlib. Şəriəti bu mərhələdə Mantas Knistautası (Litva) sonuncu xal prinsipinə əsasən məğlub edib – 1:1. O, yarımfinalda Pavel Qlinçukla (AİN) qüvvəsini sınayıb və bu görüşünü də qalib başa vuraraq Olimpiadaya lisenziya əldə edib.

Azərbaycanın 23-cü lisenziyası!

Xatırladaq ki, Azərbaycan millisi İstanbuldakı turnirə qədər sərbəst güləşdə 6, yunan-Roma güləşində 2 lisenziya qazanmışdı. Sabah qadın millimizin 5 güləşçisi xalça üzərinə çıxacaq.

Bu gün qazanılan növbəti 3 lisenziya ilə Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların sayı 23-ə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla