AZ

BÖYÜK ŞƏXSİYYƏT

Böyük şəxsiyyətlər yetişir az-az,
Hər yerdə, hər zaman inci tapılmaz!

Bu bir həqiqətdir ki, Ulu Öndər Heydər Əliyevi, xalqı xilas etmək kimi ali iradəni yerinə yetirməkdən heç nə, heç bir qüvvə saxlaya bilmədi. O, yeni müstəqil Azərbaycan dövlətini qurdu, inkişaf etdirdi, müstəqilliyinin qarantı olaraq, onun varlığının mənasına çevrildi.

Hələ sovetlər dönəmində həmişə dilindən düşməyən “Qoy, ədalət zəfər çalsın” devizi altında o, kompüter sürəti ilə çalışmış, illəri günlərə çevirmiş, xalqımızın bir millət kimi formalaşmasında, dövlətin və dövlətçiliyin inkişafında, xalqımızın rifahı naminə respublikamızın gələcək iqtisadi bazasının yaradılmasında, zaman etibarilə uzağa hesablanmış nəhəng işlər görmüş, həlli müşkül olan taleyüklü məsələləri beynəlxalq səviyyədə həll etmiş, dünyanın əfsanə adlandırdığı “Əsrin müqaviləsi”nə imza atmış, özündən sonra da Azərbaycan dövlətinin iqtisadi və siyasi müstəqilliyini təmin edərək xalqımızın xoşbəxt gələcəyinə zəmin yaratmışdır.

Mən, o dahi şəxsiyyətin haqqında saysız-hesabsız yazılmış və yazılacaq kitablar və məqalələr silsiləsinə qovuşacaq bu kiçik yazımda, onun saymaqla qurtarmayan qlobal işlərindən yazmaq, o ilahi möcüzənin sirrinə varmaq fikrindən çox uzağam. Uca Tanrının elə möcüzələri var ki, onları ancaq damla-damla, zərrə-zərrə anlamaq və anlatmaq olar... Belə ilahi möcüzələrin birmənalı ifadəsi demək olar ki, həmişə mümkünsüz olur... Ancaq bu adi həqiqəti bilə-bilə, yenə də yazıram. Qarşısıalınmaz bir güc, mənə rahatlıq verməyən böyük bir mənəvi borc duyğusu, sıravi vətəndaş vicdanımın səsi mənə “yaz” -deyir! Sanki indiyədək deyilməyən bir hikmətin açıqlamasını məndən tələb edir...

Bu yazılanlar, Ulu Öndər Heydər Əliyevin qeyri-adi fitri istedadının, siyasi güc və əzəmətinin qarşısında heyrətimdən doğan insanlıq hissimin sözlə ifadəsidir...

Özünü dərk etməyən, söz yox ki, başqasını da dərk edə bilməz. İnsan üçün hər şeyin varlığı özünüdərkdən başlayır. Baxmaq hələ görmək deyil, görmək üçün dərk etmək lazımdır. İnsanın dərk etmədiyi hər şey onun üçün yox kimidir. Çünki onu olduğu kimi yox, göründüyü kimi görür.

Yüksək əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən Ulu Öndər Heydər Əliyev haqqında fikir söyləmək böyük məsuliyyət tələb edir. Ulu Öndərin özünün dediyi kimi, “buna, həm də danışan adamın gərək mənəvi haqqı olsun!”

O dahi şəxsiyyətin nəinki Vətənə və xalqa göstərdiyi misilsiz xidmətlərini, hətta dilinə gətirmədiyi, sözlə ifadə etmədiyi, qəlbindəki arzularını belə mənim duyduğumu görüb, mənə göstərdiyi xüsusi diqqət və qayğısı, bu gün də mənə imkan verir ki, onun haqqında düşündüklərimi danışım, yazım. Mən buna əminəm, ona görə ki, başqa sahədə işləsəm də, mütəmadi olaraq verdiyim siyasi müsahibələrə görə, onun tərəfindən mənə heç bir irad bildirilməmiş və qadağalar qoyulmamışdır. Hətta Qarabağla əlaqədar 1996-cı ildə verdiyim müsahibəmdə “Dağlıq Qarabağ probleminin çözülməsi, tək Ermənistandan və Azərbaycandan asılı deil, hər iki respublika razı olsalar da belə, üçüncü maraqlı dövlətlər buna imkan verməyəcəklər!” ifadəsinin efirə getməsinə, müsahibə götürən jurnalist tərəddüd etsə də, “qorxma, ver, buna mən cavabdehəm” deyə məcbur etdim, çünki əmin idim ki, bu, böyük şəxsiyyətin ürəyindən olacaq.

O nöqteyi-nəzərdən, o Böyük şəxsiyyət haqqında bu günə qədər deyilməyən bir hikməti, geç də olsa, “10 may” münasibətilə açıqlamaq istəyirəm.

Tolerantlıq – Mədinədən başlanan yol...

1993-cü ildə müdrik Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev AXC – Müsavat cütlüyünün “rəhbərliyi” nəticəsində yaranmış özbaşınalıqları, qanunsuz silahlı qruplaşmaları aradan qaldırdı, baş verə biləcək vətəndaş müharibəsinin qarşısını aldı, başqa xalqlara mənsub olan dini ocaqların sökülməsinə edilən cəhdlər müqabilində qonşu dövlətlərlə qızışmaqda olan düşmənçilik alovunu söndürdü. Qonşu dövlətlərlə əmin-amanlıq, sülh şəraitində yeni müstəqil Azərbaycan dövlətini qurdu. Azərbaycanda müxtəlif dinlərin və etiqadların mehriban bir ailə kimi dostluq şəraitində yaşamasını təmin etdi. Azərbaycanda milli, dini ayrı-seçkiliyi aradan qaldırdı, tolerantlığın əsasını qoydu. Bu tolerantlığın kökləri isə, daha dərinlərə gedir. Dini tarixi yaxşı bilənlər, bilməmiş olmazlar ki,  bu günümüzə gəlib çıxan tolerantlığın yolu müqəddəs Mədinə şəhərindən başlayır.

Yeri gəlmişən, dini dar edənlərdən fərqli olaraq, mən dindar deyiləm, o dindarlardan ki, vaxtilə “cəbhəçilərin”, qürurumuzu ifadə edən “bəy” titulunu gözdən saldığı kimi (necə ki, indi insanlar, hələ də onu özünə deyiləndə, təhqir hesab edirlər), Qurani Kərimi mövhumata çevirir, İslamı gözdən salırlar. Qurani Kərim mövhumat deyil, kəşf edilmiş və ediləcək bütün elmlərin Uca Allah tərəfindən kodlaşdırılmış  məcmuəsidir. Bütün qaranlıq sualların cavabı elə Qurani Kərimin özündədir. Bunu dərk etmək üçün dini məktəblər adı altında fəaliyyət göstərən “şeytan yuvalarında” təhsil almağa ehtiyac yoxdur, öz ana dilinin qrammatikasını dərindən bilmək, şifahi və yazılı formalarının incəliklərini dərindən öyrənmək, tarixi həqiqətlərin mənbəyi olan kitabları oxumaq, mütaliə etmək kifayətdir. “Dini elm”, “dünyəvi elm” ifadələri insanları çaş salır, cəmiyyəti iki qrupa ayırır, dövlət daxilində bir-birinə etinasız yanaşan iki cəbhə yaradır. Bunun yaradacağı gizlin təhlükə görünməsə də, o, hər an alovlana bilər. Bu təhlükəni aradan qaldırmaq üçün dünyəvi elmin və dünyəvi tarixin köklərinin Qurani Kərimə söykəndiyi həqiqəti təlqin etmək, qruplaşmaların qarşısını almaq mühüm məsələdir. Dini tarixi bilmədən dünyəvi tarixdəki saxtalıqları həqiqət kimi qəbul edirik. Bəla burasındadır ki, bugünkü dinimiz də saxtadır, məsum müsəlmanlar 1400 ildir ki, libası tərsinə geyindirilmiş “İslama” xidmət edirlər.

Hz. Əli (ə) özünün “Əməvilər İslam libasını geydilər, ancaq çevirib tərsinə geydilər” ifadəsi ilə Müaviyənin 89 illik sülalə hakimiyyətinin Məhəmməd Peyğəmbərin (s.a.s) qoyub getdiyi İslamdan uzaq olduğunu deşifrə etmişdir.

Bilməsən kimlərlə necə vuruşub

Ulu babaların, Peyğəmbərlərin,

Necə gəlib çıxdın bu ağ günə sən,

Qədrini bilməzsən Ulu Öndərin!

Bəli, Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən bugünkü tolerantlığın əsasını Məhəmməd Peyğəmbər (s.a.s) hələ 624-cü ildə Mədinə şəhərində qoymuşdur. Deməli, Ulu Öndərin bu nöqtey-nəzərdən davamçısı kimi cənab Prezident İlham Əliyev apardığı tolerantlıq siyasəti ilə həm də Məhəmməd Peyəmbərin (s.a.s) tolerantlıq siyasətinin davamçısıdır. Belə ki, Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdiyi ilk gündən Mədinədə yəhudi, xristian və müsəlmanlar arasında çox gərgin – düşmənçilik ab-havasının şahidi olur. Belə bir düşmənçilik şəratində yaşamağın mümkünsüzlüyünü görən Allahın Rəsulu Mədinədə bir ana yasa yazdırır. Bu ana yasanın məqsədi bir-birilə düşmənçilik edən, ayr-ayrı inanclı insanların - müsəlmanlar, yəhudilər və xristianların arasında dostluq yaratmaq idi. Ayrı-ayrı inancları olan xalqların bir yerdə yaşamasını təmin edən bu ana yasaya görə, hər xalq öz dini vacibatını həyata keçirməkdə sərbəst idi. Məhəmməd Peyğəmbər (s.a.s) digər dinlərə mənsub olan insanlara İslamın mane olmayacağını bildirdi. İslam dininin azadlıq və ədalət üzərində qurulduğunu onlara bəyan etdi...

Belə ki, “...52 maddədən ibarət olan bu qanun Peyğəmbərin özü tərəfindən yazdırılmış, vəhylə bildirilməmişdir. 25 maddə müsəlmanlara və 27 maddə isə yəhudi və xristianlara, müsəlman olmayanlara aid idi. Peyğəmbərin yasaları Qurandan əsillənsə də, Quran ayətləri sayılmamaqdadır. Əski dinlərin heç birində Peyğəmbərin hazırladığı ana yasadakı qədər başqa dinlərə xoşgörü ilə yanaşılmamışdır. Mühəmməd Peyğəmbər digər dinlərə mənsub olanlara İslamın mane olmayacağını bildirdi. Çünki Mühəmməd Peyğəmbər İslam dininin azadlıq və ədalət üzərində qurulu olduğunu deməkdən çəkinmir və qorxmurdu. Ana yasanın 1-ci və 2-ci maddələrində deyilirdi: “Heç bir mömin digər möminin ədalətsizlik qarşısında əzilməsinə seyrçi qalmamalıdır. Bütün möminlər qarşılaşdıqları sorunlar qarşısında bir-birinə yardım etməlidirlər”. Ana yasanın 13-cü maddəsində deyilirdi: “Bir mömin zülm edər, cinayət törədərsə, o, 1-ci və 2-ci maddədə göstərilən haqlara sahib olmayacaq. Belə bir durumda bütün möminlər bu zalim və cinayətkarın ortadan qaldırılması üçün əməkdaşlıq etməlidirlər, hətta suçlu olan öz övladları olsa da”. Ana yasanın 15-ci maddəsində yazılmışdı: “ən yoxsul mömünlə ən zəngin mömin eşit haqlara malikdirlər”. 16-cı maddədə qatilin cəzalandırılması ilə ilgili yazılmışdı: “Qəsdən adam öldürən kişi öldürülməlidir. Kimsə bir qatili savunma haqqına malik deyildir”. 26-cı maddədə yazılırdı: “Müsəlmanlar kimi yəhudilər də öz dinlərini qoruya bilərlər”. Başqa bir maddədə deyilirdi: “Yəhudilər və müsəlmanlar bir-biri ilə barış içində yaşamalıdırlar. Bu yazılı yasada iddia edilən haqqı kim qəbul etməsə, müsəlmanlar və yəhudilər onlara qarşı birgə savaşmalıdırlar”. Maddələrdən biri də Mədinə haqqında idi. Bu müddəaya görə, Mədinə müqəddəs şəhər elan edilir və bu şəhərdə savaşmaq yasaqlanırdı.

Bütün Mədinə əhli yeni ana yasaya görə sevincli idilər, çünki ilk dəfə olaraq Mədinədə eşitiyə dayanan bir qanun uyqulanmaqda idi”. (Konstantin Virgil Georghu “MÜHƏMMƏD Tanınması gərəkən Peyğəmbər” kitabından.)

Beləliklə, Məhəmməd Peyğəmbər (s.a.s) özünün ədalətli qanunları ilə Mədinədə ayrı-ayrı inanclı xalqlar arasında dostluq münasibətini yaradır, onların sülh və əmin-amanlıq şəraitində yaşamalarını təmin etməklə, tolerantlığın əsasını qour. Məhz bu tolerantlıq siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan bir tolerant ölkə kimi bütün dünya xalqlarına nümunədir!

Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində qeyd edilir ki, din dövlətdən ayrıdır. Lakin bu o demək deyil ki, Qurani Kərim də dövlətdən ayrıdır. Məhz Qurani Kərimi Konstitusiyadan ayırmayan Azərbaycan dövlətinin Ali Baş Komandanı cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı ilə dünya hərb tarixində misli görünməmiş ədalət nümayiş etdirərək möhtəşəm Zəfər çaldı! Ali Baş Komandanın rəhbərliyi və xüsusi nəzarəti altında beynəlxalq hüquq və müharibə qanunlarının pozulmasına imkan verilmədi, düşmən dövlətinin bizim mülki insanlara qarşı etmiş olduğu hərbi cinayətlərə baxmayaraq, onların mülki vətəndaşlarına toxunulmadan müharibə yalnız işğalçı silahlı qüvvələrə qarşı aparıldı. Hətta bir körpənin burnunun qanadılmasına belə yol verilmədi.

Məhz işğalçılara qarşı, Vətən yolunda, haqq yolunda vuruşduğuna görə Allah-tala bu möhtəşəm qələbədə Azərbaycana və Azərbaycan xalqına yar və yardımçı oldu!

Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, şanlı ordumuza uğurlar diləyirik!

Hələ sovetlər dövründən peyğəmbərcəsinə bugünümüzü görən və gələcək qalib ordumuzun bazasını yaradan Ulu Öndər Heydər Əliyevin ruhu şad olsun!

Təsadüfi deyildir ki, “Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim!” deyən, kimsəyə dəyərindən artıq qiymət verməyən və dediyi sözün dəyərini bilən, haqsızlıq qarşısında baş əyməyən üsyankar Xalq şairi Məmməd Araz heç kim haqqında demədiyi yüksək fikrini məhz Ulu Öndər Heydər Əliyev haqqında demiş və bunu 1994-cü il 4 oktyabr dövlət çevrilişinə edilən cəhd zamanı yazdığı “Bir gecənin əks-sədası” manifestində böyük iftixar hissi ilə xalqa çatdırmışdır:

“O gecə hamının yadındadır: təşviş dolu, zəlzələ qorxulu gecə!

Prezident Heydər Əliyev Respublika radiosu və televiziyası ilə birbaşa xalqa müraciət etdi. Xalq dərin həyəcan içində idi...

İkinci müraciətdən sonra artıq bütün xalq ayaq üstə idi!

Prezidentin müdrikliyi onda idi ki, O, özünü itirmədi! Gecikmədi!

Xalqın sərvaxtlığı onda idi ki, o, qəfildən ayağa qalxdı və çevikliyini saxladı, yoxsa Azərbaycan dövləti, milli müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi! Torpaqlarımızın dizi biryolluq qatlana bilərdi...

O gecə, Gəncənin, Bakının, eləcə də bütün Azərbaycanın yer üzündə son gecəsi ola bilərdi! Əgər xalqımız həmin gecə dərin uçurum qarşısında dayandığını vaxtında görməsəydi, duymasaydı...

Hamının qənaəti belə idi; o gecə əbədi gecəyə  tuş olmaq bəlasından qurtardı bizi... Nə yaxşı ki, o məqamda zəkamızı itirmədik! Nə yaxşı ki, o məqamda Prezidentin əlində olan qalibiyyət bayrağını xalqımız unutmadı! Xalq sübut elədi ki, yeri gələndə birləşib bir olmağı bacarır!

Dahilərin Ulu Öndər haqqında dediklərini eşidəndə istər-istəməz düşünürsən əgər ermənilərin Heydər Əliyev kimi bir şəxsiyyəti olsaydı, indi bütün Qafqaz “dənizdən dənizə böyük Ermənistan” idi.

Təsadüfi deyildir ki, ABŞ-ın baş siyasi ideoloqu Z. Bjezinski Heydər Əliyevi bir siyasi xadim kimi belə qiymətləndirir: “Heydər Əliyevin ölümü ilə dünya siyasətində bir boşluq yarandı.”

Mənə elə gəlir ki, cənab Bjezinski sağ olsaydı, indi belə deyərdi: “O boşluq artıq cənab İlham Əliyevin varlığı ilə doldurulmuşdur!”

Düşünürəm ki, Ulu Öndər haqqında nə qədər yazsalar da, nə qədər yazsaq da, yenə də Onun siyasi portretini olduğu kimi təsvir edə bilmərik...

Yaxşı olar ki, Onun özünün dediklərinə diqqət yetirək... “Son dərəcə səmimi bir adamam. Xasiyyətim belədir. Çox gənc yaşlarımdan böyük bir həyacanla SSRİ-yə - kommunizmə inandım. Hisslərimi də buna bağladım. Qərbdə deyildiyi kimi, fanatik bir marksist-leninçi oldum. Çünki sosialist inqilabı dövründə doğulub böyümüşdüm, başqa bir siyasi sistem, ideologiya tanımırdım. SSRİ də, Azərbaycan da xarici dünya üçün qapalı idi.

Azərbaycan KP MK-nın Birinci katibi olarkən daha geniş miqyasda düşünməyə, marksizm-leninizmi müxtəlif baxımlardan təhlil etməyə başladım. DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli, türk millətlərini əsarətdə saxlamaq siyasətinin ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkanım yox idi. Azərbaycan KP MK-nın Birinci katibi işləyərkən açıq şəkildə Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Moskva bütöv bir imperiya siyasətini tətbiq edirdi. Əgər, onların əleyhinə açıq şəkildə çıxsa idim, həm bunun bir əhəmiyyəti olmayacaqdı, həm də Əliyev ölkədəki digər katiblər kimi məhv ediləcəkdi.

Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını reallaşdırmaq arzusunda idim.

Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən görmək istəyirdim. Moskvada Sovet ideologiyasına daha yaxından bələd oldum. Fikirlərim get-gedə daha da durulurdu, aydınlaşırdı. Moskvadan xarici dünyanı həm daha açıq, həm də daha yaxından öyrənmək imkanı əldə edirdim. 

...Gördüyüm bu idi ki, Kоmmunist pаrtiyаsı mənim millətimə, хаlqımа

хəyаnət еdirdi. Аzərbаycаnın müstəqilliyini istəyirdim. Bu isə, Kоmmunist pаrtiyаsı ilə rеаllаşаcаq iş dеyildi.

Çünki sоvеt idаrəçiliyi türk və müsəlmаn rеspublikаlаrının hеsаbınа хüsusilə çох kаpitаl kеçirmir, аz krеdit аyırırdı. Fаbrik-zаvоd tikilişi və s. Bu kimi rеspublikаlаrdа iqtisаdi və siyаsi pоtеnsiаlı gücləndirəcək işlər üçün mаliyyə burахılışındа “хəsislik” göstərirdilər. Sоvеt idаrəçiliyinin 70 illik siyаsətinə çеvrilmiş bu münаsibəti аrаdаn qаldırmаq о qədər də аsаn iş dеyildi. Çünki pul dа, tехnоlоgiyа dа Mоskvаdаn gəldiyi üçün, о qədər də böyük iş görmək mümkün dеyildi. Mən mövqеyimdən istifаdə еtməklə, bu qаnunu dəyişdirə bildim.

Аzərbаycаn Rеspublikаsındа Siyаsi Bürоyа nаmizəd və üzv оlduğum vахtlаrdа inkişаf mеyilləri хеli güclənmişdi. Ölkəmiz dünyаdа dаhа çох tаnınmаğа bаşlаdı. Türkiyədə Аzərbаycаnı yахşı tаnıyırdılаr, lаkin bu türk ölkəsi bizim üçün о qədər də аçılmаmışdı. Mənim səylərim nəticəsində sədlər аrаdаn götürüldü. Хаrici ölkələrdən turistlər, аlim və sənətkаrlаr, siyаsətçilər, bаş nаzirlər, nаzirlər Аzərbаycаnı ziyаrətə gəlməyə bаşlаdılаr. Ölkəmiz tаnındıqcа, оnun nüfuzu dа аrtırdı.

Mən 10 il Moskvada yaşadım. Özü də ən yüksək vəzifədə çalışdım. Azərbaycan xalqının tarixində, müsəlman aləminin tarixində - nə keçmiş Rus imperiyasında, nə də Sovet imperiyasında bu cür zirvəyə çatan azərbaycanlı müsəlman olmamışdır. Bu da tarixdir. Bəziləri deyir, Heydər Əliyev “Politbüro” üzvü olub, nə bilim, nə olubdur... Bəli olmuşam. Mən bununla fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam. Azərbaycan xalqını Kreml sarayına qaldırmışam. Bununla fəxr edirəm! Ancaq mən orada 10 il yaşadım, ürəyim Azərbaycanla idi... Gecəm də Azərbaycan idi, gündüzüm də!

Azərbaycana məhəbbət, xalqa məhəbbət mənim qanımdadır, beynimdədir, bütün varlığımdadır. Heç kim, heç nə, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz! Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM!”

Bəli, bu böyük məhəbbət qarşılığında, nə qədər ki Azərbaycan və Azərbaycan xalqı yaşayır, Ulu Öndər Heydər Əliyev də yaşayacaqdır...

Həsən Kamil,
“Qızıl Qələm” mükafatı laureatı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
1
Mənbələr
Şərh ()
Bağla