AZ

Rafiq Hüseynov: “Taktikam uğurlu oldu”

Olimpiadaya lisenziya qazanan yunan-Roma güləşçimiz Rafiq Hüseynovun (87 kq) müsahibəsi

- Təsnifat Turnirində yeni çəkidə çıxış etdin. Çətin olmadı?

- Təbriklərə görə təşəkkür edirəm. 87 kq digər çəkilərdən fərqlənir, buna görə də, mənim üçün çətin oldu. Nəticədə Bakıdakı lisenziya turnirini buraxmalı olmuşdum. Buna baxmayaraq, yoxlama yarışlarında öz sözümü deyib, bu turnirdə iştirak etmək şansı qazandım. Uğurlu çıxış edib, Olimpiadaya vəsiqə əldə etdim. Bu tək mənim qələbəm deyil, həm də Azərbaycan Güləş Federasiyasının qələbəsidir.

- Görüşlərin birində son saniyədə qələbə qazandın. Hətta Ümumdünya Güləş Birliyi bunu qeyd etdi. Həmin anları necə xatırlayırsan?

- Həmişə güləşəndə görüşün 6 dəqiqə olduğunu düşünürəm. Hesabda geri düşsəm də, bu, məğlub olmağım deyil deyə düşünürəm. Təcrübəm sayəsində görüşün hansı şəkildə getdiyini hiss edirəm. Bəzən vəziyyəti dəyişməyin çətinliyini, bəzən də şans olduğunu özlüyündə dərk edirsən. Bir neçə dəfə buna şahid olmuşuq. Elə dünya çempionatında belə hadisə yaşanmışdı. Bu dəfə hindistanlı rəqibimin ayaq üstündə dura bilmədiyini görürdüm və qələbə qazanacağımı hiss etdirdim. Bütün görüşləri uğurla başa vurub, lisenziya əldə etdim.

- Yarımfinaldakı rəqibin tanış idi. Nursultandan revanş ala bildin. Hansı taktikanı seçmişdin?

- Mən adətən ikinci parteri götürməyə üstünlük verirəm. Bu taktika mənə daha uyğundur. Buna baxmayaraq, görüşdən əvvəl şəxsi məşqçim olan atamla məsləhətləşdim. Belə qərara gəldik ki, rəqib güləşçi yorulmayan vəziyyətdə parter vəziyyətini seçim. Çünki rəqib yorğun olmadığı zaman xallar qazana bilərdi, sonra bunun əvəzini çıxmaq çətinlik yaradardı. İlk parteri özüm götürüb, daha çox xal əldə etməyə çalışdım. Hətta görüş zamanı rəqibin bədəninə çox yağ sürtdüyü aşkar görünürdü və bu, mənə fənd işlətməkdə çətinlik yaradırdı. Buna baxmayaraq, taktikam uğurlu oldu və ikinci parter zamanı o, fənd işlədə bilmədi.

- Olimpiadaya az vaxt qalıb. Hazırlıq planı necə olacaq, hədəf nədir?

- Hazırda heç bir şey haqqında düşünmürəm. Bugünki uğurumu yaxınlarımla bölüşürəm. Hazırlıq planı sonra hazırlanacaq. Buna məşqçilər qərar verəcək. Qarşıda bizi Bakıda təşkil olunacaq gənclər arasında Avropa çempionatı gözləyir. Düşünürəm, bu yarışdan sonra təlim-məşq toplanışına start veriləcək. Ümid edirəm ki, bu mənim karyeramın son yarışı olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
idman.biz

1Mənbələr