AZ

MUĞANLININ MƏRD OĞULLARI – MƏZARSIZ ŞƏHİDLƏR

Image



Qəbrim də yoxdu ki, deyəm; 

Üstünə bır gül dər apar. 

Ya lap hava qaralanda, 

Ya da səhər-səhər apar. 


Elə bilir, oğlu sağdı, 

Hələ dünənki usaqdı, 

Ölmüşəm, xəbəri yoxdu, 

Anama da xəbər apar... 



Ramiz Rövşən


Onlar 3-4 il yaş fərqi ilə eyni rayonun eyni kəndində - Zaqatalada, Muğanlıda doğulub böyümüşdülər. Akiflə Əhməd yaxın qohum idilər, İlqar qonşu məhəllədə yaşayırdı. Eyni torpaqdan güc-qüvvət alıb, kəhrəba zəmilərin çörəyindən kəsib, buz bulaqların suyundan içib, eyni məktəbdə oxumuşdular. Yeniyetməlikləri, gənclikləri də eyni dövrə - sovet ittifaqının parçalandığı, Azərbaycanın müstəqillik qazandığı zamana təsadüf eləmişdi. Heç biri daşlı-kəsəkli, enişli-yoxuşlu azadlıq yolunda qətiyyətlə irəliləyən dogma ölkənin, xalqın üzləşdkləri çətinliklərə biganə qala bilmədi. Hər üçü ərazi itkilərini, soyqırımıları, beynəlxalq ikili münasibətləri özlərinə dərd edir, şəxsi faciələri kimi yaşayırdılar. Ayrı-ayrı ailələrdə təlim-tərbiyə görüb boya-başa çatsalar da, ürəklərində bir istək – Vətəni yağı düşmənin caynağından xilas edib azad, bütöv, suveren görmək məhəbbəti çağlayırdı… Elə bu müqəddəs sevginin təşnəsi ilə də silah götürüb işğaldakı, əsirlikdəki Ulu Ananı qorumağa getdilər. İkisi Şuşada, biri Kəbəcərdə döyüşdü - üçünün də nəinki sağ səsi, heç mübarək nəşi də qayıdıb gəlmədi. Ağlaya-ağlaya yollara baxmaqdan valideynlərin, doğmaların gözləri tutuldu. Abdul dayı ilə Hürü xala, Əli kişi ilə Fadimət ana və Məhəmməd əmi bu həsrətin alovunda külə dönüb dünyalarını dəyişdilər. Qalıb bircə Əsbət xala, o da hər səsə qapıya, darvazaya boylanır, indicə Akifin içəri girəcəyini gözləyir…

İtkinlərin doğmaları, rayon və kənd rəhbərliyi, ağsaqqalların birgə müzakirəsindən sonra qərara gəlindi ki, bu dərin nisgili az da olsa ovutmaq, üç məzarsız igidin həm xatirələrini əbədiləşdirmək, həm də kənd camaatının əlamətdar günlərdə rəmzi ziyarəti üçün bir abidə kompleksi hazırlansın. Məkan seçimində isə Muğanlının mərhum imam-camaatı, ilahiyyatçı alim Elşən Musayev istiqamət vermişdi – kənd əhli ildə 3-4 dəfə müxtəlif milli və dini bayramlarda kütləvi şəkildə yaxınlarının məzarlarını ziyarət edir, qoy elə qəbiristanlığın girişində olsun…

Bununla əlaqədar açılış mərasimi də keçirildi, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, ziyalılar, keçmiş döyüşçülər, qonaqlar çıxış edərək adları çəkilən qəhrəmanlar haqqında xatirələrini bölüşdülər.      

Xatırladaq ki, Rəsulov Akif Məhəmməd oğlu 1966-cı il iyunun 27-də Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. 1983-cü ildə Muğanlı kənd orta məktəbini bitirib. Hərbi xidmətdən öncə rayon sürücülük məktəbində təhsil alıb. 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılaraq, Qazaxıstan Respublikasında əsgəri borcunu yerinə yetirib. Vətəni düşmənin xain hücumundan qorumaq üçün 1992-ci ilin mart ayında konüllü olaraq cəbhəyə gedib. Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun taborunda Şuşanın müdafiəsində yaxından iştirak etmiş və 1992-ci il mayın 8-də Şuşa şəhəri erməni hərbi birləşmələri tərəfindən işğal olunarkən  itkin düşmüşdür. Evli idi. Yeganə oglu onun adını daşıyır.

İbrahimov İlqar Əli oğlu isə 20 aprel 1968-ci il təvəllüdlüdür.  1975-ci ildə Muğanlı orta məktəbinin birinci sinifinə daxil olaraq, 1985-ci ildə X sinifi bitirib. 1986-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Çernobılda xidmət etmişdir. Qarabağ savaşi başlayanda yenidən Milli Ordu sıralarına qoşulub. Döyüş yolu Kəlbəcər rayonundan başlayan İlqar hərbi əməliyyatların birində itkin düşüb. Dəfn olunduğu yer məlum deyil.

Abdulov Əhməd Abdul oğlu da 1970-ci ilin 6 martında həmin kənddə doğulub. 1987-ci ildə orta məktəbi bitirərək, Rusiyanın Kaluqa şəhərində 27 saylı peşə məktəbinə daxil olub, aviasiya təyyarələri mühərrikləri çilingəri peşəsinə yiyələnib. 1988-ci ildə hərbi xidmətə çağırılaraq Sevastopol şəhərində hərbi dəniz qüvvələrində miçman kimi xidmət keçib. Hərbi xidmətdən sonra 1991-ci ildən Gürcüstan Respublikasında hərbi hissələrin birində  “starşina” vəzifəsində çalışmağa başlayıb. 1992-ci ildə konüllü olaraq Şuşaya gedib Milli Qəhrəman Ramiz Qəmbərovun batalyonunda döyüşməyə başlayıb. Qala-şəhərimiz erməni hərbi birləşmələri tərəfindən işğal olunarkən itkin düşmüşdür. Subay idi. 

Canlarından artıq sevdikləri Azərbaycanı qorumaq onlardan ötrü bir qeyrət, namus məsələsi idi. Silaha sarılıb onun müdafiəsinə qalxandan bir ailənin övladlığı çərçivəsini aşmış, el-obanın, xalqın sevimli oğulları məqamına yüksəlmişdilər. Artıq dörd ildir ki, azadlığa qovuşan Ana Vətən də çoxdan onlara isti qucaq açmışdı… Ruhunuz şad, yeriniz rahat olsun! Sizləri daim Türk dünyasının nəhəng söz adamı Mehmet Akif Ərsoyun “Bədrin Aslanları” şeiri ilə böyük ehtiram və sevgiylə xatırlayırıq:

 

Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın,

Göməlim gəl səni tarixə desəm, sığmazsın.

Hərcü-mərc etdiyin ədvara da yetməz o kitab,

Səni ancaq əbədiyyətlər edər istiab...

Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbər!


Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
baki-xeber.com

1Mənbələr