AZ

ABŞ Qəzzanın bombalanmasından 7 ay sonra İsrailə silah dəstəyini dayandırdı– Təl-Əviv ABŞ-a xəbərdarlıq etdi...

Image

ABŞ-ın Qəzza zolağının bombardmanının başlanmasından 7 ay sonra, müharibənin 215-ci günündə İsrailə silah tədarükünü dayandırdığını elan edib. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, ABŞ bu addımı Rəfah ətrafında yaranmış gərginliklə əlaqədar atıb.

“Biz bir məsələdə fikrimizi çox aydın ifadə etmişik - İsrail döyüş bölgəsində mülki əhalini hesaba almadan və onları müdafiə etmədən Rafahda böyük hücuma keçməməlidir”, - deyə müdafiə naziri bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, vəziyyət qiymətləndirildikdən sonra böyük əhəmiyyətli bir qrup sursatın İsrailə tədarükünə fasilə verilib.

İsrail ordusunun sözçüsü Daniel Hagari isə məsələnin bağlı qapılar arxasında həll ediləcəyini bildirib.

Keçən həftə qəbul edilən, lakin dünən İsrail işğal ordusunun Qəzzanın ən cənubunda yerləşən Rəfahda yerüstü əməliyyata başlayacağı açıqlandıqdan sonra elan edilən silah tədarükünün dayandırılması qərarına 1800 ədəd 900 kiloqramlıq bomba və 1700 ədəd 225 kiloqramlıq bomba daxildir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ hökumətinin İsrailə digər silahların tədarükünü dayandırmağı da nəzərdən keçirdiyini söyləyib. "İndiyədək hücumlarda o qədər çox fələstinlinin öldüyünü görürsünüz. Biz bir müddətdir ki, bu nəticələrin qəbuledilməz olduğunu açıqlamışdıq. Biz tədarükü dayandırdıq. Digər potensial silah sistemlərini nəzərdən keçiririk. Burada daha çox təfərrüata varmayacağam" – deyə Miller bildirib.

Yüksək rütbəli İsrail rəsmiləri isə Bayden administrasiyasının İsrailə silah göndərilməsini dayandırmaq qərarına görə "dərin məyus olduqlarını" bildiriblər. Rəsmilər həmçinin Vaşinqton administrasiyasına xəbərdarlıq ediblər ki, silah daşınmasını dayandırmaq qərarı məhbus mübadiləsi danışıqlarını təhlükə altına sala bilər.

Amerikanın Associated Press (AP), sursat tədarükünün dayandırılmasını İsrailin baş naziri Benyamin Netanyahu hökuməti ilə ABŞ lideri Co Bayden arasında getdikcə daha da gün üzünə çıxan fikir ayrılığının parlaq göstəricisi kimi şərh edib. Adlarını çəkmədən beynəlxalq mediaya açıqlama verən Ağ Ev rəsmiləri, İsrailin 1,5 milyon fələstinlinin sığındığı Rəfahı hədəf alan hərtərəfli hücumla bağlı ABŞ-ın narahatlığını aradan qaldıra bilmədiyi üçün bu qərarı qəbul etdiyini bildirib.

İsrailin ən yaxın müttəfiqi olan Vaşinqton aylardır dünyanın bir çox ölkəsi və təşkilatı kimi Misir sərhəddindəki Rəfahda yerüstü əməliyyatın keçirilməsinə qarşı çıxır.

Bayden administrasiyasının bu həftə Konqresə İsrailin Amerika hərbi yardımından istifadə edərkən beynəlxalq hüquqa riayət edib-etməməsi ilə bağlı hesabat təqdim edəcəyi gözlənilir. Hesabatda həmçinin İsrailin humanitar yardımın ölkəyə girişinə icazə verib-verməməsi də müzakirə edilir. İsrailə qarşı çıxacaq qərar, çox güman ki, İsrail ordusuna silah və pul axınının qarşısını almaq üçün Baydenə təzyiqi artıracaq.

“Əl-Cəzirə” isə tədarükü dayandırılan bombaların ABŞ-ın İsrailə etdiyi silah yardımı ilə müqayisədə okeanda bir damla olduğunu yazıb. Bununla belə, atəşkəsə nail olmağa çalışan Vaşinqtonun atdığı addım Tel-Əvivdə yeni oxşar addımların atıla biləcəyi ilə bağlı narahatlıqları artırıb.

İsrailin “Haaretz” qəzeti yazır ki, Bayden silah tədarükünü “dayandırmaqla” aylardır gərginlik yaşadığı Netanyahuya “ciddi” olduğunu göstərib. Vaşinqtonun qərarını “çox vacib addım” olaraq şərh edən müəllif, Rəfah hücumundan bir gün sonra açıqlanan qərarın İsraili bu addımdan çəkindirməyi hədəflədiyini bildirir.

“Bayden Netanyahuya ciddi olduğunu göstərməli idi” deyə bildirən məqalə müəllifi, bomba tədarükünün dayandırılmasının təkcə indiki zamana deyil, həm də gələcəyə təsir edəcəyini deyib. Çünki İsrailin Livana qarşı hazırlıqlı olması və ya yenidən İranla qarşı-qarşıya gəlmək üçün silah ehtiyatlarını yeniləməlidir.

TAHİR






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
baki-xeber.com

1Mənbələr