AZ

Rəşad Abdullayev: “Xal itirməyə ixtiyarımız yoxdur”

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin futbolinfo.az saytına müsahibəsi

– Söhbətə əvəzedicilər liqasının 33-cü turunda “Qarabağ”la keçirdiyiniz oyundan başlayaq. Səfər matçında 3:0 hesablı qələbə qazanacağınızı gözləyirdiniz?

– Asan qələbə olmadı. Ümumiyyətlə, “Neftçi” ilə “Qarabağ” arasındakı oyunlar həmişə gərgin keçir. Oyuna yaxşı başladıq. İlk hissədəcə hesabı aça bildik, fasilədən sonra isə daha 2 qol vuraraq inamlı qələbə qazandıq. Çempionatda böyükhesablı qalibiyyətlərimiz çox olub. Liqada 100-dən çox qol vurmuşuq. Hesaba rəğmən, qələbələr asanlıqla əldə edilmir. Qalib gəlmək üçün mütləq əziyyət çəkməlisən. Uşaqlar “Qarabağ”a qarşı düzgün oynadılar, bunun hesabına da meydanı 3 xalla tərk etdilər.

– Komandanızın bunaqədərki çıxışını necə dəyərləndirirsiniz?

– Həm oyun və nəticələr, həm də futbolçuların inkişafı baxımından qənaətbəxş hesab etmək olar. Amma heç nədən xallar itirdiyimiz matçlar da oldu. Bu barədə futbolçularımla çox danışmışam. Nəyəsə görə rahatlanırdılar. Bir ara ən yaxın izləyicimizlə aradakı xal ehtiyatı 7 idi, sonra 4-ə düşdü, hazırda isə 2-dir. Daha çox xal toplaya bilərdik. Mənim üçün əsas sabit oyundur. Stabillik olanda inkişaf da tez gedir. Amma futbolda xal itkiləri də qaçılmazdır. Mən futbolçularımdan razıyam. Narazı qaldığım epizodları mütləq özlərinə deyirəm.

– Növbəti turda “Kəpəz”in qonağı olacaqsınız. Rəqib sizə sürpriz yaşada bilər?

– Sürpriz deməzdim, onlar bizə qarşı həmişə yaxşı oynayırlar. Turnir cədvəlində komandaların hansı yerlərdə olmasına baxmayaraq, aramızda həmişə gərgin oyun keçir. Evdə oynayacağıq, xal itirməyə ixtiyarımız yoxdur. Çünki finişə yaxınlaşırıq. Yaxşı oyun göstərərək qələbə qazanmağa çalışacağıq. “Kəpəz”in də yaxşı oyunçuları və məşqçi heyəti var. Onlara qarşı həmişə maksimum məsuliyyətlə hazırlaşırıq. Bu görüşdə 3 xal bizə hava-su kimi lazımdır.

– İkinci pillədə qərarlaşan “Qəbələ”ni hazırda cəmi 2 xal qabaqlayırsız. Onların mövsümün sonunadək sizinlə çempionluq mübarizəsi apara biləcəyini gözləyirdiniz?

– Çempionatın əvvəlindən görünürdü ki, turnir cədvəlində bizə ən yaxın “Qəbələ” olacaq. “Sabah”ı da bura əlavə edərdim. Digər komandalar da bizə çətinliklər yaratdılar. Amma finişə yaxınlaşdıqca rəqabət daha çox “Neftçi” ilə “Qəbələ” arasında keçəsi oldu. Səfərdə “Qəbələ” üzərində vacib qələbə qazanandan sonra futbolçularıma demişdim ki, mövsümün ən önəmli matçında qalib gəldik. Lakin həmin görüşdən sonra bəzi oyunlarda xallar itirdik və “Qəbələ” bizə yaxınlaşdı. 2 xallıq fərqin aradan qalxmasına imkan verməməliyik. “Qəbələ” haqda düşünmürük, ancaq öz oyunlarımıza köklənmişik.

– Mövsümün bitməsinə cəmi 3 tur qalıb. Sizin üçün bu matçlardan ən təhlükəlisi hansıdır? Çempionluq əldən çıxsa, bunu faciə kimi qəbul edəcəksiniz?

– İlboyu birinci yerdə qərarlaşdıq, qış çempionu olduq, üçüncü dövrəni də ilk pillədə başa vurduq. Bayaq dediyim kimi, dördüncü dövrənin ilk oyununda Qəbələ səfərindən də vacib 3 xalla geri döndük. Əlbəttə, son turlarda çempionluğu əldən vermək adama ağır gələr. Amma bunu faciə kimi qəbul etmərəm. Çünki biz artıq işimizdən söz etdirmişik. Çalışdıq ki, futbolçularımız yetişsin. Komanda baxımlı oyun göstərdi, 100-dən çox qol vurdu. Bu da onu göstərir ki, həmişə hücum futbolu oynamışıq. Çempionluğu əldə etsək, bu, işimizin bəhrəsi olar. Futbolçularımız da dərk edirlər ki, son turlarda daha diqqətli davranmalıdırlar. Çünki buraxılan hər bir səhv, itirilən xal bizə mənfi təsir göstərə bilər. Konsentrasiyamızı pozmamalıyıq.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
futbolinfo.az

1Mənbələr